Paşinyan Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb (Yenilənib)

Paşinyan. Foto: Baş nazirin səhifəsi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın sülhün əldə edilməsinə dair təkliflərinə cavab verib.

XİN sözçüsü bu barədə sosial media hesabında paylaşıb.

“Cənab Baş nazir, əməlləriniz sözlərdən daha yüksək səslə danışsın. Maraqlıdır ki, sizin “sülhsevər hekayəniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütunundan, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətdən yayınır. Əgər Ermənistan həqiqətən də qonşuları ilə sülhün qurulmasında maraqlıdırsa, niyə siz hamınızın “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ Respublikası” adlandırdığınız ərazilərə iddialarından konstitusiyanız və milli qanunvericiliyiniz çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirsiniz? Bağışlayın, amma sizin arqumentiniz Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz”, – Ayxan Hacızadə bildirib.


O, bildirib ki, Qərbi Azərbaycan- Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır

Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin olunması və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb.

Ermənistanın Baş naziri təkliflərini sosial şəbəkə hesabında paylaşıb.

Paşinyan bildirib ki, Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz:

Başqa yer axtarmaq istəyirlərsə, Naxçıvanı da Qərbi Azərbaycan saya bilərik. Qərbi Ermənistan Armavir, Talin və Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz. Şərqi Ermənistan İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Goris, Qafan, Nerkin Hand və Nrnadzordur. Bunun xaricində Şərqi Ermənistan yoxdur və ola da bilməz”.

Baş nazir deyib ki, Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” termini altında müzakirə edilməsində israr edir:

“Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini “Qərbi Azərbaycan” termini altında müzakirə edilməsində təkid edir. Qərbi Azərbaycan və buna bənzər ifadələrlə aydındır ki, beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa və bu ölkəyə qarşı ərazi iddiaları irəli sürməyə çalışırlar”.

Paşinyan Ermənistanın silahlanmasına Azərbaycanın reaksiyasını da şərh edib:

“Əvvəlki bənddə qeyd olunan hallar kontekstində Ermənistan Respublikasının bacarıqlı orduya malik olmaq hüququnu şübhə altına alaraq, rəsmi Bakı Ermənistana qarşı maneəsiz təcavüz etmək imkanı əldə etməyə çalışır”.

Paşinyan Ermənistanın  regionda uzunmüddətli sabitlik və sülhün bərqərar olması təkliflərini də açıqlayıb.

“Qarşılıqlı iddiaları genişləndirməkdən çəkinmək, Berkaber-Voskepar (Qızılhacılı-Aşağı Əskipara) ərazisində aparılan demarkasiya təcrübəsinə və iki ölkənin demarkasiya komissiyalarının birgə işinin qaydalarına əsaslanaraq, demarkasiya prosesini davam etdirmək, 90 faiz hazır olan sülh müqaviləsini imzalamaq, təkliflərə uyğun olaraq Ermənistan Respublikasının ərazisindən Azərbaycan-Azərbaycan rabitəsi məsələsini və Azərbaycan Respublikasının ərazisindən Ermənistan-Ermənistan əlaqəsi məsələsini də həll edən “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirmək”.

“Həmçinin atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün birgə mexanizm tətbiq etmək, həbs edilmiş şəxslərin məsələsini hərtərəfli həll etmək, itkin düşən şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsinin həlli istiqamətində işləmək, beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək”, – Paşinyan qeyd edib.

Əlavə edib ki, sülh sazişinin müddəalarının tam və səmərəli həyata keçirilməsi üzərində işləmək vacibdir:

“Silahlara qarşılıqlı nəzarət, kvotalar və onlardan istifadəyə məhdudiyyətlər barədə danışıqların aparılması mexanizmini formalaşdırmaq, bütövlükdə hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək, sülhün bərqərar olmasından sonra birgə peşəkar ekspert komitəsi yaratmaq, ATƏT-in Minsk Qrupunu buraxmaq gərəkdir”.

Münaqişənin tarixçəsi

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Prezident İlham Əliyev yanvarın 7-də Azərbaycanın televiziya kanallarına müsahibəsi zamanı bildirib ki, Ermənistanla bağlı bəyanatlar verib.

Nikol Paşinyan isə yanvarın 8-də Əliyevin bəyanatlarını cavablandırıb.

Ana səhifəSiyasətPaşinyan Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb (Yenilənib)