Paşinyan: Azərbaycan yanacağının idxalı Ermənistanda benzinin qiymətlərini aşağı salıb

Nikol Paşinyan – İllüstrasiya: Meydan TV

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycandan yanacağın idxalının nəticələrini təqdim edərək, tədarükün artıq Ermənistan bazarında qiymətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olduğunu bildirib.

“Armenpress” agentliyinin məlumatına görə, Paşinyan özünün Facebook səhifəsində paylaşdığı videomüraciətdə xatırladıb ki, Azərbaycandan Ermənistana benzin idxalı 2025-ci ilin dekabr ayının ortalarından başlayıb. Onun sözlərinə görə, hökumət idxalın başlanmasından sonra yanacaq bazarında baş verən dəyişiklikləri təhlil edib.

“Əsasən Azərbaycandan premium sinif benzin idxal olunur. Nəticədə Ermənistanda premium benzinə minimal qiymət 15 faiz azalaraq litri 510 dramdan [1,34 dollar] 430 drama [1,13 dollar]  düşüb”, – deyə baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, son günlər Ermənistana dizel yanacağı da idxal olunub və bu müddət ərzində dizelin minimal qiyməti təxminən 2 faiz azalıb. Bundan başqa, adi markalı benzinin qiyməti də dekabr ayı ilə müqayisədə təxminən 8 faiz ucuzlaşıb: əgər 11 dekabr tarixində adi benzinin minimal qiyməti litri 500 dram (1,31dollar) idisə, hazırda bu rəqəm təxminən 460 dram (1,21 dollar) təşkil edir.

Paşinyanın sözlərinə görə, qiymətlərin aşağı düşməsi birbaşa olaraq sülh gündəliyinin və regionda iqtisadi əlaqələrin genişlənməsinin nəticəsidir.

Baş nazir vurğulayıb ki, yanacaq idxalı həm Ermənistanda, həm də Azərbaycanda tənqidlərə səbəb olub. Ermənistanda bəzi dairələr Azərbaycandan yanacağın alınmasını guya Azərbaycana investisiya kimi qiymətləndirir, Azərbaycanda isə tənqidçilər bu yanacağın hərbi məqsədlər üçün istifadə oluna biləcəyini iddia edirlər.

“Bu narahatlıqlar əsassızdır, çünki Ermənistan və Azərbaycan arasında sülh mövcuddur və bu sülh tədricən daha da institusionallaşacaq”, – deyə Paşinyan bildirib.

O, həmçinin idxala qarşı tənqidlərin, uzun illər ərzində xarici tərəfdaşlarının dəstəyi ilə Ermənistanda yanacaq bazarını monopoliyaya alan şirkətlərin maraqları ilə bağlı olduğunu qeyd edib.

“İndi bu şirkətlər qiymətləri aşağı salmağa məcbur olurlar. Mən hesab edirəm ki, bu, mövcud monopoliyaları zəiflədəcək və nəticədə onların aradan qalxmasına gətirib çıxaracaq ki, bu da Ermənistan Respublikası vətəndaşlarının xeyrinə olacaq”, – deyə baş nazir vurğulayıb.

Paşinyan sonda qeyd edib ki, sülh proseslərinin iqtisadi faydaları getdikcə daha aydın görünür və cəmiyyəti regional əməkdaşlığın üstünlüklərini dəyərləndirməyə çağırıb.

Rəsmi məlumatlara görə, 2025-ci il dekabrın 19-da Ermənistana Azərbaycandan A-95 markalı 1218 ton benzin idxal edilib. Bunun nəticəsində idxalçı şirkətlər premium sinif benzinin litrini əvvəlki 510 dramdan (təxminən 0.30 $) 430 drama (təxminən 0.25 $) endiriblər.

2026-cı il yanvarın 7-də isə Azərbaycandan Ermənistana yanacağın ikinci partiyasının göndərildiyi məlum olub. Bu partiyaya 1000 ton A-92 markalı benzin, 1000 ton dizel yanacağı və 1800 ton A-95 markalı benzin daxildir.

Ana səhifəXəbərlərPaşinyan: Azərbaycan yanacağının idxalı Ermənistanda benzinin qiymətlərini aşağı salıb