Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan “Əsaslı Tikinti və Təchizat” MMC tədbirlərin təşkili üçün iki ayrı satınalma müqaviləsi imzalayıb.
“Paşa Travel” MMC ilə satınalma müqaviləsi imzalayan şirkət müqaviləni elektron tender müsabiqəsi keçirmədən, yəni bir mənbədən satınalma metodu əsasında keçirib. “Bir mənbədən” satınalma rəqabət olmadan birbaşa bir şirkətlə müqavilə bağlanır, detallar açıqlanmır.
Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, birinci müqavilə “Zəfər” Musiqi və Teatr Festivalının 2025-ci ilin noyabr ayında təşkili xidmətlərini əhatə edir. Bu layihənin icrası üçün “Paşa Travel” MMC ilə 273 031 AZN məbləğində müqavilə imzalanıb.
Digər müqavilə isə Zəngilan, Qubadlı, Şuşa, Ağdam və Kəlbəcər şəhər günlərinin təşkili xidmətlərinə aiddir. Bu tədbirlərin təşkili üçün eyni şirkətlə – “Paşa Travel” MMC ilə 338 700 AZN dəyərində müqavilə bağlanıb.
Beləliklə “Paşa Travel” MMC iki tenderdən 611 731 manat dəyərində sifariş alıb.
Təkcə bu il Mədəniyyət Nazirliyi “Paşa Travel” şirkəti ilə demək olar ki, hər ay, yəni 11 müqavilə imzalayıb. Ümumilikdə 4 milyon manatdan çox tender vəsaiti sifariş verilib.
Bu müqavilələr demək olar ki, müxtəlif növ mədəni tədbirlərin təşkili, aviabiletlərin alışı, qidalanma, hotel və nəqliyyat xidmətlərin satın alınmasını əhatə edir.
Və ən maraqlı məqam odur ki, müqavilələrin hamısı elektron tender müsabiqəsi keçirilmədən, yəni “bir mənbə”dən satınalma metodu əsasında keçirib.
Halbuki “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsində qeyd olunur ki, ehtimal olunan qiymət 100 min manat və ondan çox olduqda, satınalmalar açıq tender və ya ikimərhələli tender metodları tətbiq edilməklə keçirilməlidir. Araşdırmalarımız zamanı isə məlum olub ki, yazıda bəhsi keçən qalib şirkətlə dəfələrlə 100 min manatdan çox müqavilələr imzalanıb.
“Açıq tender” üsulu ən şəffaf və rəqabətli satınalma üsulu hesab olunur. “İkimərhələli tender” mürəkkəb və texniki baxımdan çətin layihələr üçün istifadə olunur.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, “Paşa Travel” MMC 2004-cü ildə təsis olunub, nizamnamə kapitalı 250 min 50 AZN təşkil edir. Şirkətin 2022-ci ilə qədər qanuni təmsilçisi Mircəlal Aqil oğlu Paşayev olub. O, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın əmisi oğludur.
Turizm və destinasiya menecmenti şirkəti olan “Paşa Travel” MMC ölkənin ən iri holdinqi sayılan “Paşa Holding”ə daxildir, onun törəmə şirkətidir.
“PAŞA Holding” şirkətini əvvəllər Mehriban Əliyevanın atası Arif Paşayev idarə etsə də, hazırda holdinq ölkə başçısının qızları Leyla və Arzu Əliyevalara aiddir. Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev 2013-cü ildə şirkətin idarəsini öz nəvələrinə – Arzu və Leyla Əliyevalara ötürüb.