Partiyalar özlərindən xəbərsiz buraxılır?

Prezident Administrasiyası. Foto: Ovchinnikova Irina/shutterstock

Bəyanatların Prezident Administrasiyasında hazırlandığı deyilir

İyunun 24-də Liberal Partiyanın VIII qurultayı keçirilib və elə həmin gün də partiyanın fəaliyyətinin dayandırıldığı haqda xəbər yayılıb.

Bu barədə partiyanın sədri Əvəz Temirxan Meydan TV-yə danışıb.

Əvəz Temirxanın sözlərinə görə, onlayn formada keçirilən qurultay yenidən onu sədr seçib:

Həmçinin, qurultay yeni parlament seçkilərinə qədər partiyanın faəliyyətinin müvəqqəti dayandırılması haqda qərar qəbul edib, yəni bu, müvəqqəti dayanmadır, dekabrın 31-ə qədər. Ancaq məlumatı haradan alıbsa, musavat.com  saytı Liberal Partiyasının fəaliyyətini dayandırması haqda xəbər yayıb. Biz bilmirik ki, onlar bu məlumatı hardan alıblar”.

“Bir daha təkrar edirəm, qurultay partiyanın müvəqqəti, parlament seçkilərinə qədər fəaliyyətinin dayandırılması haqda qərar qəbul edib. Biz məlumatı “Bakı-xəbər”ə göndərsək də, dərc olunmadı”, – partiya lideri deyib.

Əvəz Temirxan bildirib ki, əgər MSK bir ay sonra parlament seçkilərinin keçirilməsi haqda qərar qəbul etsə, onlar fəaliyyətlərini bərpa edəcəklər.

Meydan TV-nin əldə etdiyi məlumata əsasən bir sıra kiçik partiyaların özlərini buraxması haqda bəyanatlarından xəbərləri olmur. Bu bəyanatlar Prezident Administrasiyasında hazırlanaraq bəlli saytlara ötürülür.

Məsələn, Cümhuriyyət Xalq Partiyasının (CXP) sədri Bədrəddin Quliyev bəyanat yayılandan bir gün əvvəl bu barədə düşünmədiyini bəyan etmişdi. Ancaq səhəri gün partiyasının buraxılması haqda bəyanat hökumətə yaxın saytlarda yayılıb.

Adının açıqlanmasını istəməyən başqa bir partiya rəhbəri də Meydan TV-yə deyib ki, partiyasının buraxılması haqda xəbəri saytlardan oxuyub, araşdırdıqda, məlumatın Prezident Administrasiyasından ötürüldüyünü öyrənib.

Azərbaycanda hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 20-dən çox partiya özünü buraxıb. Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

2022-ci ilin dekabrında Milli Məclisin “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Ana səhifəSiyasətPartiyalar özlərindən xəbərsiz buraxılır?