Partiya sədri 20 ildir pasport ala bilmir

Əli Kərimli, foto: Meydan Tv

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Varşava Təhlükəsizlik Forumuna (Warsaw Security Forum) dəvət alıb.

Bu barədə Kərimli özü məlumat verib.

O bildirir ki, Azərbaycan hökuməti uzun illərdir ona ölkədən çıxış qadağası tətbiq edir. Kərimli forumda iştirak etmək üçün Baş Prokurorluğa müraciət edəcəyini qeyd edib.

“20 ilə yaxındır hakimiyyət mənə pasport vermir və xarici ölkə səfərlərimə qadağa qoyulub. 29-30 sentyabr tarixində baş tutacaq Forumda iştirak etmək üçün Baş Prokurorluğa bir daha müraciət edib, pasport almaq üçün yenidən təşəbbüs göstərəcəyəm”, – Əli Kərimli deyib.

Varşava Təhlükəsizlik Forumu Avropa və Transatlantik regionda təhlükəsizlik və müdafiə sahəsində dialoqu təşviq edən beynəlxalq platformadır.

Forum ilk dəfə 2014-cü ildə Polşada, Kazimir Pulaski Fondu tərəfindən təsis edilib və hər il Varşavada keçirilir.

Əsas məqsədi Mərkəzi və Şərqi Avropa ölkələrinin təhlükəsizlik çağırışlarını müzakirə etmək, NATO ilə əməkdaşlığı gücləndirmək və qlobal təhdidlərə qarşı kollektiv strategiyalar formalaşdırmaqdır.

Forumda hər il 90-dan çox ölkədən 2000-dən artıq iştirakçı, o cümlədən dövlət rəsmiləri, diplomatlar, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Forumun simvolik tədbirlərindən biri “Knight of Freedom” mükafatıdır. Bu mükafat azadlıq, demokratiya və ədalət dəyərlərinə töhfə verən fərdlərə və ya təşkilatlara təqdim olunur.

NATO, Olena Zelenska və Aleksey Navalnı bu mükafata layiq görülənlər sırasındadır.

2006-cı ildən bəri Əli Kərimliyə xarici pasport verilmir, ölkədən çıxışına faktiki qadağa qoyulub. Barəsində 1994-cü ildə cinayət işi açıldığını, həbs edildiyini səbəb göstərərək, ona xarici pasport verilməyib. O zaman hüquq-mühafizə qurumları Əli Kərimlinin cibindən partlayıcı maddə tapıldığını açıqlamışdılar. Ancaq o, həbsdə elə də uzun müddət qalmamışdı. Əli Kərimli ittihamları “qurama” adlandırmışdı. 

Bildirmişdi ki, hüququnu bərpa etmək üçün bütün məhkəmə instansiyalarını keçsə də, bu problem hələ də öz həllini tapmayıb. Onun sözlərinə görə bu problem həm partiyanın, həm də özünün beynəlxalq münasibətlərinə zərbə vurub.

2015-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulmasını pozuntu kimi tanıyıb.

Ana səhifəXəbərlərPartiya sədri 20 ildir pasport ala bilmir