Zərdüşt Əlizadə
Bizim rəiyyəti yenə bizdən asılı olmayaraq parlaq rəqəmsal gələcək gözləyir
Kim nə deyir desin, fəqət təməddünün qarşısını heç zad ala bilməz. Keçmiş əsrlərdə ilişib qalmış xalqları belə bəzən xoş, çox vaxt zor, sürüyüb-dartıb gətirirlər, Vasif müəllim Talıbov demişkən, “İKS-İKS BİRİNCİ” əsrə.
Bu əsr isə informasiya, yəni rəqəmsal texnologiyalar əsridir.
Azərbaycan cəmiyyəti XX əsrə döyülə-döyülə, şillə-şapalaq yeyə-yeyə gətirildi. Bu cəmiyyətdən nə isə asılı olsaydı, şanlı hicrətin elə birinci əsrində yaşayardı.
“Qurban olum Məhəmmədin şəriətinə” elə-belə, dramaturqun havayı icad etdiyi söz deyildi, bu, cəmiyyətin bağrından nalə tərzində qopan səmimi istəyin düsturu idi.
Səd heyif ki, alınmadı, zalım fələk qoymadı. Bolşeviklər döyə-döyə, söyə-söyə övrətləri soyundurub çarşablarını çıxardılar, ataların ağızlarından qaloş ilə vura-vura tifil uşaqları (yadınıza dahi Sabirin “Oxutmuram, əl çəkin” mənzuməsini salın) məcburi təhsilə calaq etdilər, cürbəcür anlaşılmaz zavod-fabrik tikib biçarə camaatı dəzgahlara bağlayıb gündə 8 saat işləməyə məcbur etdilər.
Zülm o həddə çatdı ki, çarəsizlikdən minlərlə müsəlman alim və mühəndis yetişdi.
Millət silkələnib bu zülmdən ayıldı, ləyaqətli oğullar (heç vaxt Dirçəlişin dirijoru qəhrəman Nemət Pənahlının xidmətlərini unutmayın) meydana atılıb camaatın ağzını əsl milli qayələrə doğru yönəltdi. Milli səmtə yönləndirilmiş əhali gəlib çıxdı bugünkü halına.
Hal deyəndə ki, bizə nolub? Baxın sola. Kimi görürsünüz? Gürcüləri. Onların nəyi bizdən artıqdır? Heç nəyi. Bizim heç olmasa ərazi bütövlüyümüz var, onlarda bu da yoxdur və görünür ki, “Uruset” dağılmasa, heç olmayacaq da. Baxın yenə sola və bir az aşağı. Kimi görürsünüz? Erməniləri. Daha xırdalamıram, asılmışın yasında kəndirdən danışmaq ədəbsizlikdir. Yuxarı baxın. Kimi görürsünüz? Rusları. Necədir sizinçün? Həsəd aparmağa dəyərmi? Baxın aşağı. Kimi görürsünüz? İranlıları. Başınızın üstündə molla istəyirsiniz? Salavat çevirin! Baxın sağa, dənizin o biri tərəfinə. Kimi görürsünüz? Türkmənləri. İstəyirsiniz?
Baxın hər tərəfinizə və Allaha şükür edin.
Bundan belə nəticə çıxırmı ki, kitabımız bağlanıb? Fəqət bayaq sizə ərz etdim ki, xoşbəxtlikdən, bizdən heç vaxt heç nə asılı olmayıb.
Əlbəttə, tək bizə qalsaydı, indidən qəbir qazdırardıq. Yaxşı ki, bizdən heç nə asılı deyil. Bizi zəmanə, dünyanın işləri, fələk idarə edir. Fələk bizi indi də rəqəmsal gələcəyə sürüyür.
Elə bilirsiz, “Asan xidmət”i biz öz xoşumuza tətbiq etdik? Bizdən olsaydı, hələ də hər arayışa görə ayrıca bir idarəyə gedib hərəsi bir bölük külfətin ruzisini təmin edən anaş erkəklərə pul-para paylayırdıq. Lakin heyhat, Beynəlxalq Valyuta Fondu yapışdı bizim hakimiyyətin yaxasından və oxudu: “Balaş! Qol çək!” Bizim hakimiyyət də çar-naçar qol çəkdi, bu səbəbdən dünənə qədər “dinmə-ver” prinsipi ilə səsiz-səmirsiz yaşayan əhali süründürməçilikdən və reketdən qurtulub “Asan xidmət”ə qovuşdu.
Dünya bizim buğda yeyib cənnətdən çıxmış əhalini məcburən rəqəmsal dünyaya pərçim edir, əxlaqi-siyasi təsəvvürləri orta əsrlərdə ilişib qalmış insanlar onlayn bankinqlə öz işlərini görürlər, onlayn alver edirlər, onlayn adaxlıbazlıq vasitəsilə ailə qururlar, onlayn üsulla daxildə və xaricdə özlərinə iş tapırlar.
Bəli, əhalimiz, içi bizim şanlı hakimiyyət olmaqla, çağdaş dünyaya qovuşur. Məmləkətin bir hissəsi ilişib qalıb orta əsrlərdə, o biri hissəsi tədricən sürünür müasir dünya tərəfə.
Dövlət Yol Müfəttişliyi işini elə qurub ki, dəxi sözə ehtiyac yoxdur. Dövlətimizin ən müqəddəs əlaməti sayılan ağ xətti keçirsənsə, sənə bir dənə maaşının üçdə biri qədər cərimə yazırlar və göndərirlər “şəhər QAİ-sinə”, 103 nömrəli otağa, orada maşının nömrəsini soruşub kompüterdə sənə əyani göstərirlər ki, maşının təkəri harada və nə qədər həmin müqəddəs ağ zolağı basdalayıb keçib və heç sifətinə baxmadan deyirlər: “Get ödə”.
Sən də dinməyib, gedib ödəyirsən.
Ödəyəndən sonra əvvəl bir az əsəbi olursan və bu ağ xətti icad edənin dədəsinə deyinirsən, fəqət bir az dərindən fikirləşəndə, anlayırsan ki, rəiyyəti parlaq gələcək gözləyir.
Əminəm ki, çox yox, bir on il keçəndən sonra dünyanı idarə edən həmin təşkilatlar dəxi bizim hakimiyyəti qınayıb ondan seçkilərdə fırıldaq işlətməməsini tələb etməyəcəklər, sıxıb-sıxıb məcbur edəcəklər ki, bir dənə seçki “Asan xidmət”i tətbiq etsin, dələduzluq üzrə ixtisaslaşan seçki komissiyalarını göndərsin tarixin arxivinə və özünün hakimiyyətini qorumaq üçün ayrı çarə axtarsın. Məsələn, büdcəni az talasın və rəiyyəti az incitsin.
Ola bilər? Əlbəttə, Azərbaycanda seçkili demokratiyanın zəfəri asılıdır neft-qaz sərvətimizin tükənmə sürətindən və dünyanı idarə edən ağa təşkilatların qətiyyətindən. Müftə neft-qaz pulları əriyib yoxa çıxandan sonra yuxarı dirmaşan məxluqatın vəzifədən ikiəlli yapışmağının nə mənası olacaq? Vəzifə maaşı? Güldürməyin camaatı, ağlı başında olan heç kəs həmin cüzi pula o cür möhnətin altına girməz.
Müxtəsər, bizim rəiyyəti yenə bizdən asılı olmayaraq parlaq rəqəmsal gələcək gözləyir. Seçki, çox güman, onlayn keçiriləcək, bizim hakimiyyəti və müxalifəti bu məsuliyyət və vicdan tələb edən işə əsla yaxın buraxmayacaqlar, seçkiləri ixtisaslaşdırılmış beynəlxalq təşkilat keçirəcək, onun nəticələrini tanımayan təşkilatın qeydiyyatı, siyasi xadimin şəxsi hesabı dondurulacaq.
Necədir sizinçün? Yəni şəffaf və ədalətli seçkilərə doğru yolu bolşeviksayağı məcburən keçəcəyik. Çünki bizim əhaliyə qalsa, min il də düzələn deyilik
Əminəm ki, yalnız bu halda Azərbaycanda hakimiyyətin təşkili zamanı rəiyyətin rəyi nəzərə alınacaq.
1989-cu ildən 2024-cü ilədək bizdə keçirilmiş 25 seçkinin heç birində rəiyyətin rəyi nəzərə alınmayıb, onu əməli olaraq saxtalaşdırıblar və sonra da dünyanın üzünə durub isbat etməyə çalışıblar ki, bizdəki demokratiya elə budur.
Necə ki, indi Gürcüstanda Bidzina İvanişvili gürcü cəmiyyətinin və dünyanın üzünə durub. Dünya baxır, baxır və anlayır ki, bu millətlər hələ kaldır, yetişməyib.
Ümid qalır yerdə qalan dünyanın texnoloji inkişafına və rəqəmsal dünyanın labüd zəfərinə.
Qəm yeməyin, hər şey yaxşı olacaq!