Mikayıl Cabbarov: “Dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq”
Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.
"Bəzi təşkilatlar bizi tənqid edir ki, Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri artır. Lakin diqqət yetirmək vacibdir ki, hərbi xərclərin artması obyektiv zərurətdən doğur. Azərbaycanın dövlət büdcəsi son illər dəfələrlə artıb və əlavə artımlar nəticəsində daha da çox artacaq”.
Milli Məclisin plenar iclasında 2020-ci ilin büdcə zərfinin təqdimatı zaman İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə deyib. İclasda Baş nazir Əli Əsədov və Nazirlər Kabinetinin üzvləri iştirak edib.
Z.Səmədzadə bildirib ki, müdafiə sahəsinə bundan sonra da diqqət yönəldiləcək:
“Artıq Azərbaycanın çox güclü müdafiə potensialı var. Bu, bölgədə ən güclü potensialdır və biz bunu daha da artırmalıyıq. 2020-ci ilin büdcəsi bu tələblərə cavab verir. Azərbaycan həm müdafiə qabiliyyətini, həm iqtisadi təhlükəsizliyini gücləndirmək, həm də ölkənin iqtisadi gücünün artması və bu əsasla əhalinin keyfiyyətli yaşayış səviyyəsini yüksəltməsi istiqamətində daha cəsarətli addımlar atmaq imkanına malik olmalıdır”.
"“Holland sindromu”, “lənətlənən neft” terminlərini Azərbaycana aid etmək doğru deyil"
Z.Səmədzadə iqtisadi ekspertləri də tənqid edib:
“Təəssüf ki, bəzən dövlətin uğurlarını qiymətləndirməyənlər tərəfindən səslənən “holland sindromu”, “lənətlənən neft” terminlərini Azərbaycana aid etmək, Azərbaycan Dövlət Neft Fondunun gördüyü irimiqyaslı işləri dəyərləndirməməyin və milli mənafeyimizə xələl gətirən baxışların heç bir əsası yoxdur. ARDNF-in vəsaitlərinin bir hissəsi dövlət büdcəsində nəzərdə tutulan vacib xərclərin ödənilməsinə yönəldilir. Bu da ölkənin iqtisadi gücünün artmasına öz töhfəsini verir".
Parlamentin komitə sədri qeyd edib ki, heç bir dövlət qlobal risklərdən sığortalanmayıb. Dünya bazarında neftin qiyməti bizdən asılı olmayan səbəblərdən artıb. Keçən il dövlət büdcəsində neftin bir barelinin 40 dollar götürülməsini təklif edirdilər. Deyirdilər ki, hökumət büdcəni şişirdir. Reallıq onu sübut etdi ki, parlament düzgün qərar qəbul etmişdi. Gələn ilin dövlət büdcəsində neftin bir barelinin 55 dollar proqnozlaşdırılması ilə bağlı da bəzi mətbuat orqanları hökumətin büdcəsini şişirtmək üçün bu addıma əl atdığını yazırdılar. Halbuki aparılan hesablamalar bunu tələb edirdi”.
O vurğulayıb ki, son illər ölkədə aparılan islahatlar, xüsusilə "kölgə iqtisadiyyatı" ilə mübarizə öz nəticələrini verir və bu, vergi və gömrük daxilolmalarında aydın görünür:
"2019-cu ilin 9 ayı ərzində ÜDM-in nominal artımı 1,2%, qeyri-neft sektoru üzrə 7,6% olduğu halda, vergi daxilolmalarının artım tempi 5,7% təşkil edib: "O cümlədən, qeyri-neft sektoru üzrə artım 12,6% olub.
2019-cu ilin müvafiq dövründə proqnozun icrası ümumilikdə 104,9%, neft sektoru üzrə 95,9%, qeyri-neft sektoru üzrə isə 109,5% yerinə yetirilib. Cəmi fəal ƏDV ödəyicilərinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 1 noyabr 2019-cu il tarixinə 32,9% artıb".
Oqtay Əsədov: "Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb"
İclasa sədrlik edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsi sırasında yer alıb.
2020-ci ilin büdcə zərfləri özündə ölkədəki müsbət dəyişiklikləri əks etdirir: “Ötən 9 ayda ÜDM 2.5 faiz yüksəlib, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi, qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub”.
Spikerin sözlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb. Spiker qeyd edib ki, cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb".
Samir Şərifov növbəti ilin büdcəsinin gəlir və xərclərini açıqlayıb
Büdcəsinin əsas parametrləri barədə məlumat verən Maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ildə də ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək:
“Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci il və orta müddətli dövrdə də davam etdiriləcək".
Nazir qeyd edib ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək.
"2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. 2020-ci ildə inflyasiya səviyyəsinin 4,6 faiz olacağı proqnozlaşdırılsa da, sonrakı üç ildə artım sürətinin aşağı düşməsi və ümumilikdə təkrəqəmli inflyasiya səviyyəsinin qorunması gözlənilir.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır".
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfert nəzərdə tutulur.
İcmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.
Daha sonra nazir müxtəlif sahələr ayrılan vəsaitlərin məbləği barədə də məlumat verib.
Bu illə müqayisədə növbəti ildə elm xərclərinə 42,1 faiz, təhsil xərclərinə 38,3 faiz, səhiyyə xərclərinə 31,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 31,1 faiz, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasətinə 29,3 faiz, müdafiə və hüquq mühafizə orqanlarının saxlanması xərclərində 22,5 faiz çox vəsait nəzərdə tutulub. Dövlət büdcəsinin 10 milyard 210 milyon manatı konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək".
Gələn il üçün elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti xərclərinə 8 milyard 402 milyon manat vəsait sərf olunacaq. İcbari tibbi sığortanın tətbiqi də nəzərə alınmaqla səhiyyə xərclərinin məbləği 1 milyard 369 milyon manata yüksələcək. Sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 245 milyon manat olacaq.
Müdafiə və təhlükəsizliyin təmin edilməsi, məhkəmə hakimiyyəti, o cümlədən hüquq-mühafizə orqanları, prokurorluğun saxlanması xərcləri üçün 5 milyard 827 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Mikayıl Cabbarov: "Ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, son illər görülən işlər nəticəsində dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə transfert olmayacaq. O bildirib ki, ölkədə ünvanlı dövlət sosial yardımın özünəməşğulluqla əvəzlənməsi sürətləndirilməlidir”.
M.Cabbarov qeyd edib ki, Azərbaycanda insanların tarixən fərdi sahibkarlığa və ticarətə meyli var:
“Biz bu amili tam gücü ilə hərəkətə gətirməliyik. Bu sahədə qeyri-şəffaf amillər aradan qaldırılmalıdır. Biznesin dövlət tənzimlənməsi yükü daha da azaldılmalıdır. Mülkiyyət hüququnun daha etibarlı qorunması təmin edilməlidir. Bu, olmadan rəqəmsal iqtisadiyyata inteqrasyia çətin olacaq. Yüksək neft gəlirləri dövründə dövlətin rolu post-neft dövründə dəyişir. Dövlət əmlakının səmərəli idarə edilməsi qarşıda duran vəzifələrdən biridir. Dövlət şirkətləri aydın və dəqiq strategiyaya malik olmalı, dövlət şirkətlərinin dövlət büdcəsi üçün ağır yükə çevrilmələrinin qarısı alınmalıdır. Yeni, müvafiq standartlar bu sahəyə gətirilməlidr. Dünya rəqəmsal iqtisadiyyata doğru irəliləyir və bu sahədə insan kapilatının rolu artacaq. Ali peşə və biznesin sıx inteqrasiyası baş verməlidir. Təhsilin əmək bazarına tam uyğunlaşması təmin edilməlidir. İnsan kapitalının formalaşmasına yönələn tədbirlərin əhatə dairəsi genişlənəcək”.
Büdcə müzakirələri davam edir.
Noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.