Parlament komissiyası: Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır

Söz azadlığı. İllüstrasiya: Meydan TV

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bildirib ki, son vaxtlar sosial şəbəkələrdə və müxtəlif media kanallarında Azərbaycan əleyhinə yayılan məlumatları araşdırıb.

Komissiyanın açıqlamasına görə, bu fəaliyyətlər “vahid mərkəzdən idarə olunur” və bir ildən çoxdur davam edir. Bildirilir ki, məqsəd ictimai rəyi çaşdırmaq, cəmiyyətdə qarşıdurma yaratmaq və dövlət qurumlarına etimadı zəiflətməkdir.

Rəsmi qurum iddia edir ki, bu kampaniya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası, enerji layihələrində iştirakı və regional nəqliyyat dəhlizləri ilə bağlı müstəqil siyasət aparması fonunda güclənib.

Komissiya bildirib ki, dövlət “hibrid təhdidlərə” qarşı mövqeyini dəyişməyəcək və informasiya məkanını qorumağa davam edəcək.

Son illər Azərbaycan hakimiyyəti xaricdən idarə olunan “informasiya hücumları” və “hibrid təhdidlər” barədə tez-tez açıqlamalar verir. Rəsmi qurumlar sosial şəbəkələrdə və müstəqil media platformalarında yayılan tənqidi məlumatları ölkəyə qarşı yönəlmiş kampaniyanın tərkib hissəsi kimi qiymətləndirir.

2023–2024-cü illərdə qəbul edilən media və informasiya təhlükəsizliyi ilə bağlı qanun dəyişiklikləri də əsasən bu arqumentlərlə izah olunub. Hakimiyyət bu addımları “milli təhlükəsizliyin qorunması” ilə əsaslandırsa da, hüquq müdafiəçiləri və müstəqil jurnalistlər bunu söz və məlumat azadlığının məhdudlaşdırılması kimi dəyərləndiriblər.

Ana səhifəSiyasətParlament komissiyası: Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır