Pandus da yoxdur, tualet də: Azərbaycanda məhkəmə binaları əlillər üçün uyğun deyil

Əlillik. Foto: Azərtac

Azərbaycanın məhkəmə binalarında əlillər üçün heç bir şərait nəzərdə tutulmayıb. 

Bunu Meydan TV-yə əlilliyi olan və hazırda məhkəməsi davam edən adının çəkilməsini istəməyən məhbuslardan birinin ailəsi bildirib.

Ailə üzvü deyir ki, həmin şəxs hər dəfə məhkəmə binasına gətirilərkən, pilləkənləri qalxmaqda və xüsusən təbii ehtiyaclarını yerinə yetirmək üçün tualetə getməkdə çətinlik çəkir.

Azərbaycan 2008-ci ildə BMT‑nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasını qəbul edib. Həmin Konvensiyada nəzərdə tutulan hüquqlar Azərbaycan üçün məcburidir və üzərinə müəyyən öhdəliklər qoyur.

Konvensiyanın 13-cü maddəsində göstərilir ki, dövlət sadəcə, əlliliklə bağlı qanun qəbul etməklə kifayətlənməməlidir. Real addımlar atmalı, əlilliyi olan şəxslərin məhkəmələrdə, polis orqanlarında və cəzaçəkmə müəssisələrində digər insanlarla eyni şərtlərlə iştirak etməsi və xidmətlərdən istifadə etməsini təmin etməlidir.

Bəs qanun nə deyir?

2018-ci ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna edilən son dəyişiklərə əsasən, Azərbaycanda şəhərlərdə və yaşayış məntəqələrində tikilən binalar və infrastruktur universal dizayn prinsipi əsasında layihələndirilməli və əlilliyi olan şəxslər üçün maneəsiz əlçatan olmalıdır. Daha öncələr inşa olunmuş ictimai binalar isə əlillər üçün uyğunlaşdırılmalıdır.

Hüquqşünas Emin Abbasov Meydan TV-yə bildirir ki, qanuna əsasən, dövlətin əsas öhdəliklərindən biri də əlilliyi olan şəxslər üçün əlçatan mühit yaratmaqdır:

Emin Abbasov. Foto: şəxsi Facebook səhifəsi

“Bu o deməkdir ki, əlilliyi olan şəxslər fiziki mühitdən, nəqliyyatdan, informasiya və kommunikasiya texnologiyalarından, eləcə də ictimai xidmət və obyektlərdən digərləri ilə bərabər şəkildə istifadə edə bilməlidirlər. Qanun həm də dövlətin üzərinə öhdəlik qoyur ki, bütün infrastrukturu əlilliyi olan şəxslərin imkanlarına uyğun şəkildə layihələndirsin”.

Hüquqşünas qeyd edir ki, həmin tələblər digər qanunlarda da, xüsusilə Şəhərsalma və Tikinti Məcəlləsində əksini tapıb. O, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna istinadla bildirir ki, binaların və ictimai infrastrukturun əlilliyi olan şəxslər üçün əlçatan olmasına dövlət nəzarət etməlidir:

“Yəni əlçatanlığın təmin olunması birbaşa dövlətin öhdəliyidir. Lakin praktikada bu sahədə nəzarətin kifayət qədər effektiv olmadığı müşahidə olunur. Qanuna görə, əgər hər hansı bina və ya ictimai obyekt əlilliyi olan şəxslər üçün əlçatan deyilsə və dövlət bunu aradan qaldırmaq üçün tədbir görmürsə, bu, ayrı-seçkilik hesab oluna bilər. Dövlətin bu sahədə nəzarət və öhdəliyi olsa da, buna əməl edilmir. Bu isə birbaşa əlilliyi olan şəxslərin hüquqlarının pozulması deməkdir”.

Emin Abbasovun fikrincə, dövlətin məsələyə ciddi yanaşmaması, bunun üçün müəyyən resurslar xərcləmək istəməməsi ilə bağlı ola bilər:

“Bunun müxtəlif səbəbləri mövcuddur, lakin əsas səbəb əlilliyi olan şəxslərin hüquqlarının təmin olunmasına kifayət qədər önəm verilməməsi və resurs ayırmaq istəməməsidir”.

Beynəlxalq təcrübədə necədir?

Beynəlxalq standartlara əsasən, əlilliyi olan şəxslərin hüquqları həm qanunla qorunur, həm də praktik olaraq təmin olunur, dövlət orqanları məsuliyyət daşıyır və resurs ayırır. İctimai binalar, o cümlədən məhkəmə zalları və dövlət xidmətləri əlilliyi olan şəxslər üçün məcburi olaraq əlçatan edilir. Çoxsaylı ölkələrdə universal dizayn prinsipi tətbiq olunur ki, fiziki məhdudiyyəti olanlar, yaşlılar və uşaqlar da binalardan maneəsiz istifadə edə bilsin.

Məhkəmə zalları və digər hüquqi xidmət obyektlərində pandus və liftlər, əlçatan oturacaqlar və tualetlər, görmə və eşitmə məhdudiyyətli şəxslər üçün Brayl əlifbası ilə işarələr, işarə dili tərcüməsi və subtitrlər kimi dəstək vasitələri təmin edilir. Həmçinin fiziki maneəsi olan şəxslərin iclaslarda iştirak edə bilməsi üçün video-konfrans imkanları yaradılır.

Bir çox ölkədə əlçatanlıq qanunla məcburi şəkildə tənzimlənir. Dövlətlər müstəqil yoxlamalar və auditlər vasitəsilə binaların əlçatanlığını nəzarətdə saxlayır və bunun üçün xüsusi resurslar ayırır.

Ana səhifəSosialPandus da yoxdur, tualet də: Azərbaycanda məhkəmə binaları əlillər üçün uyğun deyil