“Pandemiya dövründə vergi yığımının artmasının iqtisadi izahını tapmaq asan deyil”

“Bu il Neft Fondunun formal və mənasız hərraclarda satdığı dolların həcminə baxaq”.

Foto: Meydan TV


İqtisadçı: “Böhran dövründə şirkətləri istismar etmək doğru deyil”

Yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz

artıb

.

Gəlirlər 10 milyard 580,25 milyon manat təşkil edib. Xərclər isə 0,4 faiz azalaraq, 9 milyard 392,23 milyon manat olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, daxilolmaların 20,07 faizi əlavə dəyər vergisi, 13,24 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 4,5 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 4,36 faizi fiziki şəxslərin gəlir vergisi, 3,5 faizi aksizlər, 1,38 faizi sadələşdirilmiş vergi, 1,82 faizi vergilərin digər növləri, 51,13 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Bundan əlavə, vergi orqanlarının xəttilə bu ilin 6 ayında qeyri-neft sektorunda toplanan vergi ötən ilin 6 ayına nisbətən 654 mln. manat, yəni 29 faiz artıb.

Statistikası açıqlanan 6 ayın 4 ayı sərt karantin dövrünə düşüb. Müstəqil ekspertlər, iqtisadçılar bu dövrlər ərzində əksinə, gəlirlərin, vergi yığımlarının azalacağını proqnoz edirdilər. Bu, necə ola bilir?

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, iqtisadiyyat bu 6 ay ərzində pandemiyadan əziyyət çəkib. Ümumi Daxili Məhsulda (ÜDM) 2.7 faiz azalma var. ÜDM şirkətlərin ödəmələrinin pisləşməsinə, maliyyə imkanlarının məhdudlaşmasına görə azalır. Normalda vergi daxilolmalarında azalmalar olmalı idi, lakin bizdə əksinə, artım olub. İqtisadçı deyir ki, bunun iqtisadi izahını tapmaq asan deyil:

“Deməli, bizdə əks proses gedir. ÜDM azalır, yəni şirkətlərin vəziyyəti yaxşı deyil. Ancaq eyni zamanda da o vəziyyəti ağır şirkətlərin ödəmələri artır. Nə baş verir, niyə belədir? Görünür şirkətləri əlavə ödənişlər etmələri üçün məcbur ediblər. Eyni zamanda, hesab edirəm ki, indiyədək gizli iqisadiyyatla məşğul olan şirkətlərini ağartmaqla məşğuldurlar. Onları da əlavə maliyyə mənbəyi kimi prosesə cəlb ediblər. Digər tərəfdən, vergilər, rüsumların dərəcəsi eyni qalsa da, onların yığım səviyyəsində inzibatçılıq var. Məcbur edirlər ki, böhran şəraitində belə şirkətlər öz xərclərini bəyan edib, vergi qarşısındakı öhdəliklərini yerinə yetirsinlər”.

qubad-ibadoqlu.jpg
Qubad İbadoğlu

Qubad İbadoğlu düşünür ki, bu, düzgün yanaşma deyil. Şirkətlərin böhrandan çıxış imkanlarının məhdudlaşdırılmasına gətirib çıxaracaq. Şirkətlərə böhrandan normal hala qayıtmaq üçün daha uzun müddət lazım olacaq:

“Böhran dövründə şirkətləri istismar etmək, onların gəlirlərini vergi və rüsum şəklində büdcəyə yönləndirmək doğru deyil. Bununla həmin şirkətləri daha ağır duruma salırlar. Hökumət bu barədə düşünmür”.

İqtisadçı deyir ki, dövlət məsələyə yalnız büdcə prizmasından yanaşır. Bu, birtərəfli siyasətdir, böhran dövrünə xas olan yanaşma deyil:

“Böhran dövründə, əksinə, şirkətlər üçün çalışılmalıdır. Şirkətlərə vergidə güzəştlər edilməli, əlavə təşviq planları icra edilməlidir”.

Qubad İbadoğlu düşünür ki, şirkətləri belə bir zamanda büdcə öhdəliklərini yerinə yetirməyə məcbur etmək heç də doğru siyasət deyil:

“Əksinə, onlara vergi güzəştləri edilməlidir. Belə açıqlamalar edirlər ki, pandemiya dövründə guya vergi güzəştləri edilib. Ancaq necə olubsa, qeyri-neft sektorundan büdcəyə daxilolmalar 6 ayda 29 faiz artıb. Ziddiyyətli durumdur. Azərbaycanda normal bazar iqtisadiyyatının olmamasının göstəricisidir. Normal bazar iqtisadiyyatı olsaydı, vergi güzəştləri verilsəydi, vergi daxilolmalarında azalmalar müşahidə edərdik. Ancaq hər şeydə olduğu kimi bunda da əksini görürük”.

Neft sektoruna gəlincə, Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin yanvar-iyun aylarında Neft Fondundan büdcəyə 5 mlrd. 675 mln. manat transfert edilib.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu rəqəm öz-özlüyündə heç nə demir, amma dərindən baxanda çox şey aydın olur:

Natiq Cəfərli
Natiq Cəfərli

“Bu il Neft Fondunun formal və mənasız hərraclarda satdığı dolların həcminə baxaq. Yanvarda – 300,2 mln, fevralda – 543,4 mln, martda – 1 mlrd. 928 mln, apreldə – 531,1 mln, mayda – 334 mln, iyunda – 373,2 mln. dollar olub. Ümumilikdə 4 mlrd. 10 mln. dollar (6 mlrd. 817 mln. manat) edir. Maliyyə Nazirliyi deyir ki, bu məbləğın 5 mlrd. 675 mln. manatı büdcəyə köçürülüb, bəs yerdə qalan 1 mlrd. 142 mln. manat haradadır?! Hə, deyə bilərsiniz ki, Neft Fondunun başqa xərcləri də var. Yəni, büdcə ödənişlərindən ayrı xərcləri. Amma Neft Fondunun bu il üçün təsdiqlənmiş büdcəsinə baxanda görürük ki, büdcə tranfertlərindən başqa ilboyu Fond 200 mln. manat məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələlərinə xərcləməlidir. Bundan əlavə, 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 10 mln., Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə isə 30 mln. manata yaxın ayırmalı idi. Bir anlıq təsəvvür etsək ki, 2020-ci ilin ilk yarısında bütün kənar xərclərə vəsaiti birdəfəlik ayırıblar (əslində bu mümkün deyil), bu zaman əlavə 240 mln. manat xərcləməli idilər. Axı dollar satışından 1 mlrd. 142 mln. manat əlavə pul qalıb. Bunun da fantastik ssenari ilə düşünsək, 240 mln. manatı büdcədən kənar xərclərə yönəlibsə, bəs 902 mln. manat haradadır?!”

Müstəqil iqtisadçılar iqtisadiyyatla bağlı açıqlanan statistik rəqəmlərdə çatışmazlıq, qeyri-dəqiqlik olduğunu düşünürlər. Hökumətin açıqlamaları və statistik rəqəmlərin uzlaşmadığı fikrindədirlər. Ya rəqəmlərdə, ya görülən işlərdə, ya da açıqlanan məlumatlarda yanlışlıq olduğunu düşünürlər.

Ana səhifəİqtisadiyyat“Pandemiya dövründə vergi yığımının artmasının iqtisadi izahını tapmaq asan deyil”