Pambıq tarlalarında zəhərlənənlər kimlərdir?

“Mənim üçün ən ağırı balalarımı ac, möhtac görməkdir”

Source:


“Mənim üçün ən ağırı balalarımı ac, möhtac görməkdir”

Aybəniz Tarverdiyevanın 28 yaşı, 4 övladı var. Sabirabadın Nəsimikəndində yaşayır. Həyat yoldaşı da, özü də işsizdir. Deyir, pambıq, əkin mövsümü gələndə sevinir. Sahibkarların sahələrində günəmuzd işləyib, gündəlik 10 manat qazanır. Ancaq bu il işləməsi mümkün olmayıb. Çünki mövsüm başlayan kimi, iyunun 10-da Saatlının Sımada kəndindəki pambıq tarlasında zəhərlənib:

“Əlim-ayağım tutmur. Günəşə çıxa bilmirəm. Həkimlər azı bir il ağır iş görməməmi tövsiyə ediblər. Daha demirlər ki, mənim üçün ən ağırı balalarımı ac, möhtac görməkdir. İşləməkdən başqa çarəmmi var? Evdə işləyən yoxdur. Qaynanam desən, pensiya almır. Dörd uşaq, üç böyük, çatdıra bilmirik. İmkansızlıqdan uşaqlardan birini Şirvana, anamgilə göndərmişəm ki, onlar baxsınlar. Vallah, dolana bilmirik”.

Aybəniz Tarverdiyeva
Aybəniz Tarverdiyeva

Həkimin yazdığı dərman siyahısına yaxın düşə bilmirəm

Aybəniz Tarverdiyeva bilmir zəhərlənməyinə, sağlamlığını itirməyinə, yoxsa günlərdir işə çıxa bilmədiyinə görə ala bilmədiyi pullara üzülsün:

“Qolum tutulub, işləmir. Daimi başağrılarım olur. Sahədə ürəyim gedən vaxtı dilim qatlanmasın deyə ağzıma qaşıq salıb, bir neçə dişimi qırıb, ağzımın içini yaralayıblar. Tez-tez sancılanır, normal yeyib-içə bilmirəm. Həkimin yazdığı dərman siyahısına isə baxa-baxa qalmışam. Pul yoxdur, ala bilmirəm. Eləcə qalıb örtünün altında. Bunlar məni yandırırmı? Yox. Məni yandıran odur ki, aylardır həsrətlə gözlədiyimiz mövsüm gəlib, ancaq işləyə bilmirəm. Sentyabrda uşaqlara məktəb ləvazimatları almaq lazım gələcək. Onların üzünə necə baxacam? Zəhərə qalsın bu bədəni, heç cürə sağalmaq da bilmir”.

Həm zəhərlənmişik, həm də çörəkpulumuzdan olmuşuq

Aybəniz Tarverdiyeva indiyədək heç yerə müraciət etməyib. Deyir, hara müraciət etmək lazım olduğunu da bilmir:

“Bu qədər televiziyalar dedi, gəldilər, çəkdilər, göstərdilər. Bizi görən olmayıb? Başımıza bu boyda iş gəlib, həm zəhərlənmişik, həm də çörəkpulumuzdan olmuşuq. Bunu görüb, kömək etməyən dövlət, müraciətə baxacaq?”

Deyirlər, kənd yeridir, ək-becər, heyvan saxla, dolan

Sabirabadın Nəsimikəndinin daha bir sakini Banu Sadıqovanın isə 3 övladı var. O da günü 10 manatdan tarlalara alaq otu təmizləməyə gedir. Deyir, başqa cür dolanmaq mümkün deyil. Kənddə iş-güc yoxdur:

“Nə də bir təhsilim yoxdur ki, gedib işləyəm. Ağzını açanda deyirlər, kənd yeridir, ək-becər, heyvan saxla, dolan. Elə bilirlər asandı. Bunların hamısı pul tələb edir, bizdə isə pul yoxdur. Əvvəla, heyvan saxlamaq üçün əkib-becərməlisən, əkib-becərmək üçünsə yaxşı torpağın olmalıdır. Yoxdur, nə edək?”

Həyatımıza, yaşayışımıza nifrət etdik

Normal yaşamaq üçün heç bir şəraitinin olmadığını söyləyən Banu Sadıqova məcburdur alağa getsin:

“3 uşağın yeməyi, geyimi, gündəlik xərcləri bilirsiniz nə qədərdir? Aldığımız 10 manat birinə çatır, birinə çatmır. Qarnımızı güclə doyururuq, maşallah, hamısı da yeyən uşaqlardır. Sahədəki insanların o durumunu görəndən sonra həyatımıza, yaşayışımıza nifrət etdik. Bu, azmış kimi, indi də deyirlər, uzun müddət işləmək, günə çıxmaq olmaz”.

42163

Başağrısı, halsızlıq çıxmayıb canımdan

Zəhərlənmədən sonra Banu Sadıqovanın sol gözündə problem yaranıb. Yaxşı görmədiyini söyləyir. Ümumi müalicəsini isə pulu olmadığı üçün yarımçıq qoyub:

“Bulanıq görürəm. Başağrısı, halsızlıq çıxmayıb canımdan. İstəsəm də, çıxıb işləyə bilmərəm. Yoxsa, biz canımızı düşünən deyilik, yenə çıxar, yenə işləyərik. Təki balalarımız dolansın. Elə həkimlər də deyirlər, gün altına çıxmaq olmaz. Deyirlər e deməyinə, nə var, mən də başqasına o qədər söz deyərəm ki, amma düşünmürlər. Demirlər, bu insanlar nə ilə dolanacaq. Bax, onu nə biz bilirik, nə də bir yol, çarə göstərənimiz var”.

Bəxtim onda gətirib ki, məktəbdə tətildir

İyunun 19-da isə İmişlidə pambıq sahələrində də kütləvi zəhərlənmə oldu. Rəsmi mənbələr zəhərlənənlərin 80 nəfərə yaxın olduğunu, işçilər isə 500-ə çatdığını deyirlər.

Həmin gün zəhərlənənlərdən əksəriyyəti bu gün yenidən sahələrdə çalışırlar. İşçilərə nəzarət edən Rahilə Məmmədova deyir ki, burada problemsiz insan yoxdur. Kimi ərini itirib, kimi boşanıb. Yetim saxlayanı kim, xəstəyə baxanı kim. Uşaq, yaşlı, hamısı alağa gəlir.

Sahədə çalışanların ən kiçiyinin 15 yaşı var. Günel Nəcəfova atasını 3 yaşı olanda itirib. Onu anası böyüdüb. O, bu gün zəhərlənmədən sonra özünə gələ bilməyən anasının yerinə işə çıxıb:

“Neyləyim? İşləyə bilmir anam. Bizə baxacaq başqa heç kimimiz yoxdur. Məcburam dolanmaqdan ötrü çıxıram. Pis, yaxşı işləyirəm. Bəxtim onda gətirib ki, məktəbdə tətildir, imtahanlarımı da verib bitirmişəm. Səhərdən axşamacan gəlib burada işləyə bilirəm”.

42164
Fatma Məmmədova

Biz ömrümüzdə xanım-xatun olmadıq

Fatma Məmmədova gündəlik aldığı 10 manatın nəyə çatıb, nəyə çatmadığını sayır. Axırda heç nəyə düz-əməlli çatmadığı qənaətinə gəlir:

“10 manat alırıq. Bir gün qəndə, bir gün çaya, bir gün yoldaşımın dərmanlarına verirəm. O yazığın əlilliyi var, iş qüvvəsini itirib. Uşaqların sayı isə üçdür. Qızı qohum-əqrəbanın köməyi ilə, birtəhər köçürmüşəm, gedib. Oğlanlarım da evlidir, ancaq güclə dolanırlar. Vaxtında imkansızlıqdan oxuda bilmədim. İndi hamısı fəhləlik edirlər. Ailələrini güclə dolandırdıqlarından yaşlı ana-ataya gücləri çatmır. Mən də məcburam yoldaşımı və özümü dolandırmaq üçün işləyəm. Onu da yarı çatdırıram, yarı yox. Mən də istəyərəm azdan-çoxdan yeyim-içim, oturum evimdə. Ancaq olmur, biz ömrümüzdə xanım-xatun olmadıq. Gözümüzü açandan işlədik”.

Lap dünyanın qurtaracaqlarına da getmişəm

İşçilər içində yaşı ən çox olan isə Şamama Həsənovadır. 63 yaşı var, dövlətdən təqaüd alır, ancaq aldığı pul heç nəyinə yetmir. Odur ki, səhər saat 6-dan, axşam saat 8-dək sahələrdə alaq otu təmizləyir. Deyir, mart ayından çöllərdədir. Getmədiyi sahə, ayaqlamadığı tarla qalmayıb. Hamısının alağını əlləri ilə, bir-bir təmizləyib:

“Yaşımı bilən deyir, nə işin var burada? Günün altında, alnından tər tökülə-tökülə işləyirsən. Bekarçılıqdan, başımı qatmaq üçün getdiyimi düşünənlər də var. Daha demirlər e, 7 yaşında yetim və dul qızımı saxlayıram. Gücüm çatandan digər övladlarıma da kömək edirəm. Dolana bilmirlər, çətindir. Aldığım da günə 10-ca manatdır. 3 çörək, pomidor, xiyar, kartofun puludur. Bir də görürəm yoxdur”.

Ş.Həsənova deyir ki, yenə indi mövsümdür, işləyir, ehtiyacı olanı alır. Ancaq iş olmayanda daha çətin olur:

“O gün zəhərlənmişdim mən də. 3 gün yatdım. 4-cü gün dedim yox e, getməliyəm. Yatmaqla heç kim mənim evimə çörək gətirmir. Odur ki, düşmüşəm çöllərə, sahələrə. Dünyanın qurtaracağı da olsa, iş varsa, gedirəm”.

Ana səhifəBölgəPambıq tarlalarında zəhərlənənlər kimlərdir?