”Pambığın xeyiri becərənə deyil, becərdənə qalır”

”İcra başçısı söz vermişdi, borcumu sildirəcək, işdən çıxarıldı, borc da qaldı”

Source:
42082

”İcra başçısı söz vermişdi, borcumu sildirəcək, işdən çıxarıldı, borc da qaldı”

“Haradasa iki il olar, yığdılar bizi, dedilər ki, nəsə əkirsizsə, pambıq əkin. Bizim üçün nə fərqi var, Ağa deyir “sür dərəyə”, sür dərəyə. Üç-beş qəpik pul olsun”.

Ağdam rayon sakini Qiyas Məmmədov belə deyir. Onun da torpaq sahəsində pambıq əkilib.

Ağdam hələ sovet dövründən pambıqçılıqla məşğul olan rayonlardan olub. İndi də rayonun işğal altında olmayan kəndlərində pambıq əkilir. Amma əkinçilər deyir ki, bu işi öz istəkləri ilə deyil, rayonun icra hakimiyyəti başçısının tapşırığı ilə edirlər.

Qiyas Məmmədovun sözlərinə görə, aprelin əvvəlindən əkinə başlayıblar. Bu il yaxşı qulluq etdiklərindən məhsul da tez böyüyüb. Şükür edir ki, onların səpdiyi dərmandan zəhərlənən olmayıb:

“Biz də pambığa gübrə, dərman veririk. Həm də yığıma qədər bir neçə dəfə. Dərman səpildisə, azı 15 gün sahəyə girmək qəti olmaz. Günün istisindən dərman zəhərə çevrilir”.

Pambıq əkməyin çətinliyindən danışan Qiyas Məmmədov deyir ki, keçən il 1200 manat ziyana düşüb:

“Bizdən kilosunu 50 qəpikdən alırlar, amma özləri dollarlara satırlar. Fəhlə xərci də bahadır. Alaqlarını təmizlətmək üçün adam tuturuq, dərmanlar da çox bahadır. Keçən il 3 dəfə dərman vermişəm. Düzdü, aqrokredit almaq üçün gedəndə sevə sevə verirlər ki, götürüb əkək, amma onu da qaytarmaq var, faizi var. 1 hektara 750 manat verirlər. Ötən il məhsulu dolu, böcək zay etdikcə, icra başçımız dedi ki, get, kredit götür, ək. Mən də götürüb əkdim. Söz vermişdi ki, sildirəcəm borcunu, amma işdən çıxdı, borc da qaldı”.

Əkinçi deyir ki, nə əkirsən ək, texnikadan istifadə edirsənsə, xərclər baha olur:

“Hektarı 40 manata edirlər. Bəzi kəndlilər əkdikləri məhsulu biçdirməyə pul tapa bilmədikləri üçün məhsulları günün altında qalıb hədər olur”.

Qiyas Məmmədov düşünür ki, pambığın xeyiri becərənə deyil, becərdənə qalır:

“Sovetin vaxtı şükürlü idi. Texnika pulsuz, dərman ucuz idi”.

Quzanlı kəndində yaşayan Xumar İslamqızı da pambıq əkib-becərir:

“Pambıq uşaq kimidir, saat 6-da oyanırsan. Şirin yuxu nədi, bilmirik. Gün qızana qədər 3 saat məşğul oluram. Bir də gün enəndə gəlirəm, saat 5, 6-dan sonra”.

Xumar xanım işin əziyyətindən danışır:

“Kətmən əllərimi yara edib. Üstəlik, xəstə adamam, günün altında işləyə bilmirəm. Təzyiqim qalxır, enir. Birində də yıxılıb qalacam sahənin ortasında”.

Əkinçilər deyir ki, zəhərlənmə xəbərlərini eşidəndən sonra ehtiyatlı davranmağa başlayıblar. Hesab edirlər ki, hökumət bunun qarşısını almalıdır, əks halda onsuz da ziyanı xeyrindən çox olan məhsul üçün riskə getməyə dəyməz.


İyunun 10-dan

etibarən müxtəlif rayonlarda pambıqçıların zəhərlənməsi faktları qeydə alınıb. Əkinçilərin pambığın becərdilməsi üçün istifadə olunan dərmandan zəhərləndiyi deyilir.

Ana səhifəBölgə”Pambığın xeyiri becərənə deyil, becərdənə qalır”