Pakistanın Baş naziri istefaya göndərilib

İmran Xan. Foto: https://indianexpress.com/

Bazar günü prezident parlamenti buraxıb

Pakistanın Baş naziri İmran Xan ölkə parlamentinin buraxılmasından sonra istefaya göndərilib.
BBC-nin məlumatına görə, Xanın partiyasının üzvləri bazar günü Baş nazirə etimadsızlıq səsverməsinə mane olublar və parlamenti buraxıblar.

İmran Xan səsvermənin onu vəzifədən uzaqlaşdırmaq üçün ABŞ-ın rəhbərlik etdiyi sui-qəsdin bir hissəsi olduğunu iddia etmişdi, lakin ABŞ bunu təkzib etdi.

Qəzəbli müxalifət siyasətçiləri indi səsvermənin qarşısını almaq üçün atılan addımın konstitusiyaya uyğun olub-olmaması barədə qərar vermək üçün Ali Məhkəmədə vəsatət qaldırıblar.
Məhkəmənin bazar ertəsi gününün sonuna kimi qərar verəcəyi gözlənilir.

İmran Xan geniş şəkildə Pakistan ordusunun köməyi ilə hakimiyyətə gəlmiş kimi qəbul edilirdi, lakin müşahidəçilərin fikrincə, o vaxtdan onlar bir-birindən ayrılıblar.

“Onun siyasi rəqibləri bu fürsətdən istifadə edərək, koalisiyadakı bir sıra tərəfdaşlarını onlara tərəf dönməyə inandırdıqdan sonra etimadsızlıq səsverməsi tələb etdilər”, – BBC yazır.

Məlumatda deyilir ki, bazar günü İmran Xanın uduzacağı gözlənilən səsverməni keçirmək üçün toplaşan deputatlara “xarici hökumətin rejim dəyişikliyi əməliyyatı” barədə məlumat verilib.

Sessiyaya sədrlik edən vitse-spiker – Baş nazirin yaxın müttəfiqi daha sonra səsvermənin konstitusiyaya zidd olduğunu elan edib.

Qısa müddət sonra Pakistan prezidenti Arif Alvi – İmran Xanın təmsil olunduğu hakim PTI partiyasındandır – erkən seçkilərə doğru bir addım olaraq parlamenti buraxıb.

Bu addım müxalifətdə qəzəb doğurub. Bəzi siyasətçilər səsvermənin davam etdirilməsinə imkan vermədiyinə görə Baş naziri “xəyanətdə” ittiham ediblər.

İmran Xan isə televiziya ilə müraciətində və yazdığı tvitlərində bu qərarı müdafiə edib.

İmran Xan bildirib ki, onun ABŞ siyasətini və digər xarici siyasi qərarları tənqid etməsi ABŞ-ın onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdinə səbəb olub.

Müxalif siyasətçiləri bu ittihamı ələ salıb, ABŞ isə bunu rədd edib.

Dövlət Departamentinin sözçüsü “Reuters”ə deyib ki, bu iddiaların heç bir əsası yoxdur: “Biz Pakistanın konstitusiya prosesinə və qanunun aliliyinə hörmət edirik və dəstəkləyirik”.

Ana səhifəDünyaPakistanın Baş naziri istefaya göndərilib