Pakistanda məsciddə partlayış olub: 32 nəfər ölüb

Foto: Reuters

Azı 147 nəfərin yaralandığı bildirilir

Yanvarın 30-da Pakistanın Pişəvər şəhərində izdihamlı bir məsciddə törədilən kamikadze partlayışı azı 32 nəfərin həyatına son qoyub.

“Reuters” yazır ki, xəstəxanadan azı 147 nəfərin yaralandığını, onların çoxunun vəziyyətinin ağır olduğunu bildirilib.

Pakistanın Baş naziri Şebaz Şərif partlayışı intihar hücumu adlandırıb.

Polis rəsmisi Sikandar Xan əlavə edib ki, məsciddə ən azı 260 nəfər olub.

Günorta namazı vaxtı məsciddə baş verən və ibadət edənlərin üzərində divarın uçmasına səbəb olan partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Bina əyalət polis qüvvələrinin qərargahı və terrorla mübarizə şöbəsinin daxil olduğu yüksək möhkəmləndirilmiş kompleksin içərisində yerləşir.

Müdafiə naziri Xavaca Asif Geo TV-yə açıqlamasında: “Terrorçunun birinci sırada dayandığını öyrənmişik”, – deyib.

Hökumət yayımı PTV-nin kadrlarında polisin və sakinlərin partlayış yerindən dağıntıları çıxarmaq üçün can atdıqları və yaralıları çiyinlərində apardıqları görünür.

Ötən ilin martında da Pakistanın şiə müsəlman məscidində cümə namazı zamanı törədilən partlayışda ən azı 58 nəfərin ölmüş, 200-ə yaxın insan yaralanmışdı.

Bu partlayışa görə məsuliyyəti İslam Dövləti yaraqlıları üzərinə götürmüşdü.

Polis hazırki partlayışın dağıntıları altında qalanların olduğunu bildirir.

Polis rəsmisi deyib ki, binanın bir hissəsi dağılıb və onun altında adamların qaldığı güman edilir.

Ana səhifəDünyaPakistanda məsciddə partlayış olub: 32 nəfər ölüb