Pakistan Taliban hökumət qüvvələrinə qarşı Əfqanıstanın əsas şəhərlərində gecə boyu hava zərbələri endirib.
Reuters yazır ki, bu, Pakistanın əvvəllər müttəfiq hesab etdiyi Talibanı birbaşa hədəf alması ilk dəfədir ki baş verir. Müdafiə naziri Xavaja Məhəmməd Asif (Khawaja Muhammad Asif) bunu “açıq müharibə” adlandırıb.
Zərbələr paytaxt Kabil, Qəndəhar və Paktia əyalətində Taliban hərbi obyektlərini vurub. Pakistanın rəsmi mənbələri bildirir ki, sərhəd boyunca bir neçə sektorda quru toqquşmaları da baş verib. Taliban isə cavab olaraq Pakistan hərbi obyektlərinə hücumlar həyata keçirdiyini açıqlayıb.
Hər iki tərəf itkilərdən danışır: Pakistan tərəfi 133 Taliban döyüşçüsünün öldüyünü, 200-dən çoxunun yaralandığını bildirir, Taliban isə 55 Pakistan əsgərinin öldüyünü, 8 Taliban döyüşçüsünün öldüyünü və 13 mülki şəxsin zərər gördüyünü açıqlayıb. Rəqəmlər kəskin fərqlidir və müstəqil təsdiqlənməyib.
Yayılan məlumatlara görə, Əfqanıstan Pakistanın Kakul hərbi bazasına və nüvə təsisatına da zərbələr endirib. Hücum nəticəsində ölənlər və yaralılar var.
Regionda vəziyyət kritik olaraq qalır. Pakistan nüvə silahına malik olsa da, Taliban gerilla müharibəsi üzrə təcrübəlidir və 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəlib.
Diplomatlar və xəbər mənbələri bildirir ki, Rusiya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanı vasitəçilik etməyə çalışır. İran da yardım təklif edib.
Kabil və BMT zərbələrin nəticəsində 13 mülki şəxsin öldüyünü açıqlayıb. Taliban isə güclü cavab verəcəklərini xəbərdarlıq edib.
Pakistanın Pəncab əyalət hökuməti ölkədə yüksək təhlükəsizlik rejimi elan edib, 90 Əfqan vətəndaşı saxlanılıb. Əfqanıstanın Nangərhar əyalətində kamikadzelərlə bağlı xəbərdarlıqlar yayılıb, şəhər mərkəzlərinə əlavə hücum təhlükəsinin olduğu bildirilir.