Pakistan Azərbaycana terrorçuluqda şübhəli bilinən şəxsi ekstradisiya edib

Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib.

Source:


“Beynəlxalq terror təşkilatlarına qoşulan dörd nəfər saxlanılıb”

Pakistan 2019-cu ilin oktyabrında Azərbaycana beynəlxalq terrorçuluqda şübhəli bilinən Güləliyev Bəhram Tağıbəy oğlunu ekstradisiya edib.

Xəbəri

Dövlət Təhlükəsizlik Xidməti

yayıb.

Məlumata görə, 1971-ci il təvəllüdlü Bəhram Güləliyev 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

“Əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərib. O, beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib”, – məlumatda deyilir.

DTX bildirib ki, Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu saxlanılıblar.

Bundan başqa saxlanılanlar arasında beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlu da var.

DTX onu 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakda şübhəli bilir.

Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. Onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Ana səhifəSiyasətPakistan Azərbaycana terrorçuluqda şübhəli bilinən şəxsi ekstradisiya edib