Özünüməşğulluq Proqramını nazirə bağlı şirkətlər həyata keçirir?

1 aylıq şirkətə milyonluq iş həvalə olunub

Source: Meydan.TV

“Nazirlik səviyyəsində, sənədli-sübutlu aldadılmışıq. Əvvəllər yenə ünvanlı sosial yardım alır, 3 balamı birtəhər dolandırırdım. Təklif etdilər ki, bəs yardımdan imtina et, səni dövlət proqramına salaq, heyvan verək, vəziyyətin düzələcək. Verdikləri o cılız, arıq, ayaq üstə güclə duran heyvanları kökəltmişəm, amma balalamırlar, qısırdılar”.

Ucarın Qaradağlı kəndinin 37 yaşlı sakini Oruc Orucov
Ucarın Qaradağlı kəndinin 37 yaşlı sakini Oruc Orucov

Ucarın Qaradağlı kəndinin 37 yaşlı sakini Oruc Orucov belə deyir. O, şəkərli diabetdən əziyyət çəkir. Deyir, hər gün insulin vurmasa, yaşaya bilməz. Üstəlik, öhdəsində 3 azyaşlı uşağı da var. Kəndli söyləyir ki, Özünüməşğulluq Proqramına qatılandan xərcləri birə min artıb. Dövlətdən aldığı qoyunları yedirib, kökəldib, ancaq əlində satacağı heç nəyi yoxdur. O. Orucov artıq qoyunların qısır olduğundan əmindir:

“Proqrama 2 il əvvəl müraciət etmişdim. Nəhayət, 5 ay öncə gətirib qoyun verdilər. O da öz yerində ki, sənəd üzərində 20 yanıbalalı qoyun, 1 qoç nəzərdə tutulsa da, arıq, cılız, ayaq üstə güclə duran 20 qoyun gətirdilər. Bugünədək onlardan üçünün balası olub. Qalanı gəldiyi kimidir. Az qala, bir ton arpa yeyiblər. Əkdiyim yonca da qalmayıb. Gəldikləri gündən xərcdirlər”.

“Sənədli-sübutlu aldadılmışam”

O.Orucov deyir ki, öz əkdiyi yonca bitib. Hazırda otun bir kipini 5 manata alır: “Yenə əvvəl sosial yardım alırdım, birtəhər dolanırdım. İndi onu da kəsiblər ki, bu boyda heyvan vermişik sənə. Heyvan da gəldiyi gündən xərcdir. Üstəlik, satmaq da olmaz. Artım da yoxdur, mən nə ilə dolanmalıyam? Heç bir yerdən bir qəpik almıram. Kommunal borclar yığılıb, qalıb, onu da ödəyə bilmirəm”.

Nazir: “Özünüməşgulluq Proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”

Rəsmi məlumatlara görə, 2017-ci ildə Özünüməşğulluq Proqramından 1232 ailə faydalanıb. 2018-ci ildə isə proqrama 35 milyon manat

vəsait ayrılıb

.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2018-ci ildə proqramın 7737 nəfəri əhatə etdiyini deyib:

“Onlardan 1029 nəfəri gənc, 1255 nəfəri məcburi köçkün, 816 nəfəri ünvanlı sosial yardım alan, 298 nəfəri müharibə veteranıdır. Bundan başqa, Özünüməşğulluq Proqramı ilə 1309 qadın, 913 fiziki məhdudiyyətli şəxs əhatə olunub”.

2019-cu ildə bu proqrama daha 8000 nəfərin cəlb olunması və yenə 30 milyondan artıq vəsait ayrılması planlaşdırılır.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib ki, 2018-ci ildə proqrama cəlb olunmuş ailələrdən 7267- si biznes planlarını uğurla müdafiə edib. Bu da 2017-ci illə müqayisədə 6,5 dəfə çoxdur. Bütövlükdə 5000-dən çox ailə aktivlərlə təmin olunub.

“Özlərinə şirkət açıb, onunla müqavilə bağlayıblar”

Nazirlikdən adının açıqlamasını istəməyən mənbə Meydan TV-yə bildirib ki, əvvəlcə prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli sərəncamına əsasən, respublikanın aztəminatlı ailələrin Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün büdcədən 1500 ailə üçün 6 milyon manat ayrılmışdı. Sabiq nazir Səlim Müslümov bu işi 2017-ci ilin sonuna kimi həyata keçirib. Sərəncamda 1500 ailə göstərilsə də, o, bunu 1182 ailəyə verib:

“Sərəncamın tələbləri yerinə yetirilmədiyinə görə, o, cəzasını aldı. Özünüməşğulluq Proqramı 2018-ci ildə “İşsizlik Sığortası Haqqında” Qanuna əsasən, ölkədə işləyən əhalinin əmək haqqından yığılan 1 faizin, yəni 89 milyon vəsaitin 35 milyon 700 min manatı ilə həyata keçirilib və 7 min ailə üçün nəzərdə tutulub”.

Tenderin qalibləri

Dövlət Məşğulluq Xidməti 2018-ci ilin avqustunda respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınması üçün “Aqri Kon” MMC və “Bis Co” MMC ilə müqavilələr bağlayıb. Konsorsiumun aparıcı təşkilatı olan “Aqri Kon” MMC ilə bağlanan bu müqavilənin 19 milyon 225 min 246 manatlıq

dəyəri var

.

Ancaq 2018-ci ilin avqust ayı ərzində Dövlət Satınalmaları Reyestrinin saytında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərlə bağlı elan etdiyi hər hansı tender elanına rast gəlinmir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə “

astna.biz

” saytının ünvanladığı sorğuya cavabda tender udan 3 şirkətin heç birinin adını gizlətməyib.

Cavabda deyilir ki, nazirlik 2016-cı ildən başlayaraq yoxsul ailələrin yardımdan asılılığını ortadan qaldırmaq üçün özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına başlayıb:

“Həmin il proqramın icrasına 6 milyon manat ayrılmışdı və ondan 8 minə yaxın insanın faydalanacağı elan olunmuşdu. Bu il özünəməşğulluq sisteminin genişləndirilməsinə büdcədən 35,6 milyon manat ayrılmışdı”.

Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan vəsait isə belədir:

– iş və xidmətlər, eləcə də istehsalat mallarının təqdim olunmasına görə “Az Nest” MMC və “SRS Consulting” şirkəti (ABŞ) konsorsiumuna 9 milyon 894 min 357,82 manat;

– kənd təsərrüfatı malları ilə təminata görə “Aqri Kon” MMC və “Bis Co” MMC konsorsiumuna 19 milyon 225 min 246 manat.

shirket-vergi.jpg
Vergilər Nazirliyi kommersiya qurumlarının dövlət reyestri məlumatlarına istinadən

1 aylıq MMC-yə milyonluq iş

“Aqri Kon” MMC 2018-ci ilin iyulunda yaradılıb. Vergilər Nazirliyinin saytındakı kommersiya hüquqi şəxslərin reyestr məlumatlarında şirkət barədə məlumat yoxdur. Ancaq Vergilər Nazirliyinin buraxdığı “Vergilər” qəzetinin 15 avqust 2018-ci ildə dərc edilən xüsusi

buraxılışında

(No 30 (442)) “Aqri Kon” MMC- nin reyestr məlumatları var.

“Aqri Kon” MMC 2018-ci ilin 28 iyununda 1404267161 nömrəsi ilə qeydiyyatdan keçib. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi ev 121, mənzil 1 olan şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Elman Teyyub oğlu Umudovdur.

Mərkəzi Seçki Komissiyasının saytından isə məlum olur ki, Elman Umudov şirkəti elə yaşadığı ünvanda qeydiyyatdan keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də elə Salatın Əsgərova küçəsində yerləşir. Şirkət S. Əsgərova 121, nazirlik isə 85 ünvanındadır.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Lvov Universitetini bitirmiş, hazırda Bakıda yaşayan Elman Umudov “

Caspian Wireline Services”

adlı şirkətdə quyuların baxımı və yoxlanışı üzrə nəzarətçi kimi çalışır. Həmin şirkət neft sahəsində xidmət göstərir.

Meydan TV-yə danışmaq istəmədi, amma…

Meydan TV əməkdaşı şirkətin yerləşdiyi ünvanda olsa da, hər hansı məlumat əldə edə bilməyib. Bundan sonra jurnalist Elman Umudovla əlaqə saxlayıb. O, suallara cavab vermək istəməyib, rəsmi sorğu tələb edib. Sorğunun hansı ünvana göndərilməsini soruşduqda isə “Mənim nömrəmi haradan tapmısızsa, eləcə də adresimi tapın, harada oturduğumu tapın və sorğu göndərin. Sizə mənim nömrəmi kim veribsə, xahiş edirəm, ona zəng edin, ünvanımı da ondan soruşun. Mən heç kimə, heç bir cavab verməyəcəyəm. Ancaq rəsmi sorğu göndərin, vəssəlam,”- cavabını verib.

Suallar Elman Umudovun “Whatsapp” nömrəsinə göndərilsə də, cavab verilməyib.

Ancaq Meydan TV-nin digər əməkdaşı özünü təqdim etmədən Elman Umudovdan cavabları ala bilib.

Elman Teyyub oğlu Umudov
Elman Teyyub oğlu Umudov

Şirkət haqqında məlumatları Vergilər Nazirliyinin saytından əldə etdiyini və sorğu apardığını deyən əməkdaşa Elman Umudov “Aqri Kon” MMC-nin ona aid olduğunu təsdiqləyib. O, “Caspian Wireline Services” şirkətində nəzarətçi olduğunu da danmayıb:

“Nə olar, adamın iki işi ola bilməz ki? Həm şirkətdə işləyirəm, həm də nazirliyin tenderində qalib gəlmişəm, bölgələrdə mal-heyvan biznesi ilə məşğulam. Düzdür, hazırda fəaliyyətimiz yoxdur, amma bir müddət öncə tenderdə iştirak etmişik. Kənd təsərrüfatı işləri ilə, əsasən, heyvan alqı-satqısı ilə məşğulam. Bəli, şirkətim “Aqri Kon” MMC 2018-ci ildə qeydiyyatdan keçib. Ancaq ondan öncə də tenderlərdə qalib gəlmişəm. Sadəcə başqa şirkət adı ilə. Sonuncu tenderdə isə Fariz müəllimin şirkəti “Bis Co” MMC və səhv etmirəmsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsus olan “Az Nest” MMC ilə birgə iş görmüşük. Fariz bəy və şirkəti layihədə daha çox konsultant xidməti göstərib. Sorğu-sualla məşğul olub. Mənə nə vaxt lazım olub, müraciət etmişəm, konsultant kimi gəliblər. Beləcə həmin işi görüb, başa vurmuşuq”.

“Bölgələrdəki insanlar sizin şirkət tərəfindən verilən heyvanlardan narazıdır, bu barədə nə deyə bilərsiz” sualını cavablayan E.Umudov bildirib ki, şikayətlər onu məhkəmələrə qədər aparıb. Hətta elə insanlar şikayət verib ki, heç onlara nazirlik yardım da göstərməyib, o adamların çoxu heç heyvan da almayıb:

“Yazıblar də, şikayətdi, ediblər. Guya onlara xəstə heyvan vermişik. Gedib araşdırıblar, məlum olub ki, heç kəndlərdə belə insanlar yoxdur. Yalandır, böhtandır”.

“Şirkəti 2018-ci ilin iyununda açmısınız, tenderi isə avqustun 3-də udmusunuz. Necə belə qısa zamanda uğur əldə edə bilmisiz” sualını isə Elman Umudov belə cavablandırıb:

“Bəli, “Aqri Kon” MMC 2018-ci ilin iyununda qeydiyyatdan keçib. Ancaq biz çoxdandır tenderlərə müraciət edirik. Bizdə 3-4 dənə firma var, sadəcə adını dəyişdirdik. Baxsanız, görərsiniz ki, başqa şirkətlərlə də dəfələrlə tenderlərdə qalib gəlmişik”.

Elman Umudov vergi ilə bağlı sorğu aparıldığı qənaətinə gəlsə də, sualları cavablandırmaqdan çəkinməyib:

– O zaman “Az Nest” MMC də sizindir?

– Xeyr, o nazirliyindir, “Bis Co” MMC Fariz Hüseynlinindir, “Aqri Kon” MMC də mənim. Sadəcə birgə işləyirik. Yeni şirkətlə tender udmağa gəlincə, sadəcə əvvəlki şirkətlərdə problem yaratdılar. Gah dedilər, vergidən azadsız, gah dedilər, 8 faiz ödəməlisiniz. Bir sözlə, o sənədləri hazırlamaq 4-5 ay çəkdi. Axırda yeni şirkət açmaq qərarına gəldik. Açdıq və yeni şirkətlə müraciət edib, tenderi udduq.

Şirkət nazir müavininə bağlıdır?

“Bis Co” MMC 2009-cu il sentyabrın 10-da yaradılıb. Şirkətin qeydiyyat ünvanı Bakı şəhəri, Rəşid Behbudov küçəsi ev 1A, mənzil 13-dür. Hüquqi təmsilçisi isə Fariz Heydər oğlu Hüseynlidir.

Nazirlikdəki mənbə bildirir ki, bu şirkətlərin hər biri nazir Sahil Babayevin yaxın adamına məxsusdur.

“Nazir müavini Vüsal Nəsirlinin yaxın qohumuna məxsus “Aqri Kon” və “Bis Co” MMC-lərin vasitəsilə böyük maxinasiya edilib. Dövlət büdcəsindən ayrılan pulun bir hissəsi dövlətdən gizlədilib. MMC-lərdən hansısa Fariz adlı şəxsə məxsusdur. Həmin şirkətlə Dövlət Məşğulluq Xidməti arasında əsassız və qanunazidd olan satınalma müqaviləsi bağlanıb. Dövlət büdcəsindən ayrılan pul vəsaiti insanlara veriləcək mal-heyvanların alınması məqsədilə həmin MMC-lərə köçürülüb,”- deyə mənbə bildirib.

Elə Elman Umudov da Fariz Hüseynli ilə Vüsal Nəsirlinin yaxın əlaqələrinin olduğunu təsdiqləyir, amma qohumu olub- olmadıqlarını bilmir:

“Bəlkə də qohumudular, amma nəyi olduğunu bilmirəm. Bəlkə də qohum deyillər, ancaq mən onları dəfələrlə birlikdə görmüşəm. Təkcə, onu deyə bilərəm ki, tanışdırlar, bu, dəqiqdir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev

“Sahil Babayev dövlət büdcəsinə 10 milyon 26 min manat ziyan vurub”

Nazirlikdə çalışan mənbə deyir ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə görə, proqram iştirakçılarının aktivlərlə təmin olunması üçün nəzərdə tutulmuş vəsait hesabına malların satın alınması açıq tender üsulu ilə keçirilməli idi. Ancaq belə olmayıb:

“Ayrılan vəsaitdən büdcəyə 18 faiz əlavə dəyər vergisi də qaytarılmalı idi. Bu da hardasa 6426000 manat edirdi. Amma bu vergi ödənilmədi. Bir sözlə, Sahil Babayev 2018-ci ildə dövlət büdcəsinə 10 milyon 26 min manat ziyan vurub”.

“Ayrılan pulların 60 faizi mənimsənilib”

Mənbə əlavə edir ki, göstərilən vəsait dövlətdən gizlədilsə də, aktivlər yeddi min nəfərə deyil, beş min nəfərə verilib. Verilən aktivlərə baxanda isə aydın görünür ki, ayrılan pulların 60 faizi mənimsənilib. Vətəndaşlara verilən müqavilələrdə və aktlarda aktivlərin qiymətləri göstərilməyib:

“Paylanan iri və xırdabuynuzlu mal-qaralar əsasən, çıxdaş heyvanlar olsa da, qiymətləri yüksəkdir. Dövlət Məşğulluq Xidmətində sektor müdiri vəzifəsində işləyən, əslində Xidməti idarə edən, 2011-2014-cü illərdə Sumqayıt Şəhər Məşğulluq İdarəsini korrupsiya yuvasına çevirən Mövlud Əli oğlu Cavadovun rayon məşğulluq idarələrinə göndərdiyi aktivlərin balansa daxil edilməsi barədə akt var. Həmin akta baxanda çox şeyi anlamaq olur:

68543521.jpg
Mövlud Cavadovun rayon məşğulluq idarələrinə göndərdiyi aktivlərin balansa daxil edilməsi barədə akt

“Kasıb kəndli çıxdaş olmuş mal-qaranı saxlaya bilmir”

Mənbə də, vətəndaşlar da

bildirirlər

ki, akt formasında göstərilən yanıbalalı inəklərin əvəzinə, boğaz inək, yanıbalalı qoyun əvəzinə subay qoyun və qoç əvəzinə altı aylıq quzular verilib:

“Aktivlər iki il müddətinə verildiyinə görə həmin erkək quzular ancaq bu müddətə törədici qoç ola bilərlər. Verilmiş subay qoyunlar bu müddətdə 4 dəfə bala verməlidirlər? Görəsən onda nazir Sahil Babayev bilirmi ki, törədici qoçun vəzifəsini nə yerinə yetirəcək? Vətəndaşların imkanları zəif olduğu üçün onlara verilmiş yararsız və çıxdaş olunmuş mal-qaranı saxlaya bilmirlər və nəticədə heyvanlar ölür və ya dəyər-dəyməzinə satılır. Əgər rayon məşğulluq idarələrinin rəisləri və işçiləri tərəfindən aktivlərin göstərilən qiymətləri vətəndaşlara bildirilsə, onları dərhal işdən azad olunmaları gözləyir”.

qoyunlar.jpg
Qoyunlar

“Xəstə, qısır heyvan verilməsi söhbətləri həqiqətəuyğun deyil”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Ucar Rayon Məşğulluq Mərkəzi ilə əlaqə saxlayıb. Onlar proqrama qatılan və heyvan alan vətəndaşların hər hansı şikayətlərinin olmadığını, hər şeyin qaydasında olduğunu söyləyiblər:

“Düzdür, azacıq problemlər var idi. O da ki, hamıda yox, bir-iki ailədə. Onlar da həllini tapıb. Xəstə, qısır heyvan verilməsi söhbətləri həqiqətəuyğun deyil”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb. Ümumi şöbədən deyilənlərin ağır ittihamlar olduğunu, bu suallara cavab verə bilməyəcəklərini söyləyiblər. Mətbuat xidməti isə dəfələrlə edilən zənglərə cavab verməyib.

Nazir: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib”

Proqramın icrasında problemlərin və manipulyasiyanın olduğunu isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də inkar etmir. O, fevralın 14-də keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu

təsdiqləyib

. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu söyləyib:

“Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Ana səhifəAraşdırmaÖzünüməşğulluq Proqramını nazirə bağlı şirkətlər həyata keçirir?