Rövşən Hacıbəyli
Bu dəfə də Konstitusiyaya uyğun oldu…
Birinci cəhd
Yaxın tarixə kiçik bir ekskursa ehtiyac var. Hadisələr çox da uzaq olmayan XXI əsrin 2019-cu ilinin sonlarında baş verir. Hələ istefa mədəniyyəti formalaşmayan ölkədə hakim partiyadan olan deputatların 2019-cu il dekabrın 2-də Milli Məclisdə özünüburaxma təşəbbüsünə qalan bütün deputatlar qoşuldu, onların adları müxtəlif idi: bitərəf, hakimiyyətyönlü, hakimiyyətin siyasətini dəstəkləyən müxalifyönümlü (belələri ancaq bizim ölkədə ola bilər), müstəqil, hətta konstruktiv müxalifət partiyası. Deputatların özünüburaxmada həmrəy olmasının başlıca səbəbi, görünür, YAP-dan deputat Əli Hüseynlinin növbədənkənar seçkiyə getməklə bağlı həmin iclasdakı çıxışı idi.
Əli Hüseynli: “Əminəm ki, həm bizim siyasi həmfikirlər, Yeni Azərbaycan Partiyasından olanlar, həm də bitərəflər Yeni Azərbaycan Partiyasının fikrini dəstəkləyəcəklər. Əminəm ki, əgər ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul olunarsa, ölkə Prezidentinin siyasətinə dəstək verən insanlar yenidən parlamentdə təmsil olunacaqlar”.
Göründüyü kimi, deputatlara təzyiq yoluyla vəd verilirdi ki, təklifi dəstəkləyənlər yenidən mandatlarını alacaqlar, yəni birdən çaşıb seçki-filan nağıllarına aldanarsız, yoxdur elə şey, bizim sözümüzü deyin: hamı əl çalsın, mandatı cibində qalsın…
Bu vədə baxmayaraq, deputatlar içərisində bitərəf qalmaqla yanaşı, qərarın əleyhinə olan da tapıldı, bir nəfərin qərarı isə daha amansız idi, o, səsvermədə iştirakdan imtina etmişdi. 102 deputatın qeydiyyatdan keçdiyi həmin iclasda 99 nəfər özünüburaxma və növbədənkənar seçki keçirilməsi ilə bağlı qərarın lehinə səs vermişdi, qalan 3 nəfərdən biri qərarın əleyhinə olmuşdu, biri bitərəf qalmışdı, biri də səs verməmişdi. Onların kimliyi sona qədər dəqiqləşmədi.
Yeni Azərbaycan Partiyası parlamentin islahatlardan geri qaldığını əsas gətirərək özünüburaxmaya qol qoymuşdu. Bunu həmin iclasda Hikmət Məmmədov əsaslandırmağa çalışmışdı: “…Azərbaycan islahatlara və rəhbərə inam əmsalına görə dünyada birinci onluğa düşüb və mən düşünürəm ki, Azərbaycan parlamenti də yenidən xalqa dönərək, yenidən onun inamını əldə edərək, seçicilərin səsini qazanaraq parlamenti yenidən formalaşdırmaqla növbəti tarixi mərhələdə ali qanunverici orqanda yeni keyfiyyət mərhələsi yaratmağı bacaracaq”.
Bacarmadı… Eyni iclasda bir YAP-çı Prezidenti dəstəkləyənlərin yenidən mandat alacağını deyir, başqa YAP-çı mandat məsələsini xalqın həll etdiyini bildirir. Ancaq keçirilən seçkilər həmişə birinci YAP-çının haqlı olduğunu ortaya qoyub, bunu Məzahir Pənahov da təsdiqləyə bilər; təsdiqləyir də…
Xora qoşulanların içərisində Qüdrət Hasənquliyevin çıxışı xüsusi seçilirdi: “…biz sağlam, konstruktiv müxalifət olaraq bu növbədənkənar seçkiləri dəstəkləyirik və hesab edirik ki, bu, həm də sağlam müxalifət üçün bir şansdır ki, parlamentdə yerlərini artırsın. Oqtay müəllim, Sizə öz minnətdarlığımı bildirirəm. Siz hamını yola vermisiniz. Biz birgə işləmişik. Əlbəttə, burada hakim partiyanın üzvləri, yaxud hakim partiyanın dəstəyi ilə seçilən bitərəflər hökumətin fəaliyyətinə qarşı çıxmayacaqdılar ki…”.
Bu, bəlkə də, Qüdrət Həsənquliyevin deputat olduğu illərdə etdiyi ən obyektiv çıxışı idi.
Qərar verildi, İlham Əliyevin islahatlarından geri qaldıqlarını deyən, öz fəaliyyətlərindənsə razı qalmayan deputatların, demək olar, hamısı Əli Hüseynlinin tövsiyəsinə uyğun davrandığından yenidən mandat aldı… Olan Oqtay Əsədova oldu…
İkinci cəhd
Növbəti dəfə Milli Məclisin YAP çoxluğunun (70 nəfər) iyunun 21-də verdiyi özünüburaxma qərarını bitərəflər (41 nəfər) və partiya nümayəndələri (12 nəfər) yenə etirazsız qarşıladılar. Heç Prezident İlham Əliyev də qərarın əleyhinə getmədi. Deputatların iyunun 21-də özünü buraxmaq qərarı ilə bağlı müraciətinə İlham Əliyev anındaca reaksiya verdi. Bütün demokratik dünyada olduğu kimi, belə bir məsuliyyətli işin həllini təkbaşına (nəyi nə zaman, necə etməyi bilsə də) üzərinə götürməyib, deputatların qərarının qanunlara uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə sorğu göndərdi. Sağ olsun məhkəmənin sədri Fərhad Abdullayev, yay günlərinə, işlərin çoxluğuna baxmayaraq, o da məsələyə biganə yanaşmayıb, operativ reaksiya verib məhkəmə heyətini də tam tərkibdə topladı. Hər şey qanun çərçivəsində oldu. “…Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə bağlı qərar qəbul etmək üçün müşavirə otağına keçiblər”.
Müşavirədən qayıdanlar Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan ediblər: “…növbədənkənar seçkilərin təyin edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 981–ci maddəsinə uyğun hesab edilməlidir”.
Sonra da məsələnin möhürünü vurublar:
“Qəbul edilmiş qərar elan olunduğu andan qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”.
Maraqlıdır ki, Milli Məclisin özünüburaxma qərarı Konstitusiya Məhkəməsində təsdiqlənməzdən qabaq, yəni iyunun 21-də gündəmə gələndən hakimiyyət mediası bu addımı əsaslandırmağa başlamışdı. Görünur, bu jurnalistlər çox dərin bilik yiyəsi olub, hüququ yaxşı bilib. “Xalq qəzeti” analitik qrupu adından operativ yazı hazırlayıb, ya da hazır yazını səhifəsində yerləşdirib. Analitik qrup yazını daşdan keçən arqumentlə yekunlaşdırıb:
“COP29 proqnozlaşdırılan iştirakçı sayının çoxluğu baxımından digər toplantıları xeyli geridə qoyacaq. Deməli, onunla eyni vaxtda seçki kampaniyasının təşkili və səsvermənin keçirilməsi praktiki cəhətdən mümkünsüzdür. Dünyamiqyaslı mötəbər tədbirə evsahibliyinin gerçəkləşdirilməsi isə son dərəcə vacibdir. Deməli, YAP-ın parlament seçkilərinin vaxtının dəyişdirilməsi təşəbbüsü həm COP29-u layiqli şəkildə keçirməyə imkan verəcək, həm də tədbir müddətində ölkə parlamentinin tam funksionallığını şərtləndirəcək”.
Başqa bir yazıdakı əsaslandırmanı oxuyanda kövrəlməmək olmur, tərs kimi indiki dəsmallar da yaxşı su götürmür…
“Mövcud şəraitdə növbədənkənar prezident seçkiləri keçirildiyi kimi, parlament seçkilərinin də vaxtından əvvəl təşkilinə ehtiyac var. Çünki yeni dövrün tələblərinə adekvat fəaliyyətin gerçəkləşdirilməsi labüddür. Bunun həm də mənəvi tərəfi aktualdır. Məsələ ondadır ki, müstəqillik dövründə ilk dəfə olaraq Qarabağ və Şərqi Zəngəzuru təmsil edən deputatlar məhz həmin ərazilərdə keçiriləcək seçkilərin nəticəsinə uyğun olaraq mandat alacaqlar”.
Azərbaycanda parlament seçkiləri 2024-cü ilin noyabrında keçirilməli idi. Amma həmin ay ölkəmizdə dünyanın ən mötəbər tədbirlərindən sayılan BMT-nin İqlim Dəyişikliyi Sammiti – COP29 keçiriləcək. Nəzərə alaq ki, COP29 Azərbaycanın indiyədək evsahibliyini gerçəkləşdirdiyi ən nüfuzlu tədbirdir”.
Yazan yazıb, ancaq özünüburaxanlara yenidən mandat köhnə qaydada veriləcək. Yenə köhnə hamam… yəni saxtalaşdırma yenə köhnə ünvanlarda baş tutacaq…
Oqtay Əsədovun vaxtında olduğu kimi, Sahibə Qafarovanın da vaxtında özünüburaxmanı arqumentləşdirmək Əli Hüseynliyə tapşırılıb; bu dəfə I vitse-spiker kimi.
Milli Məclisin I vitse-spikeri Əli Hüseynli: “COP29-a qədər parlamentin tam formalaşması zəruridir. Tədbirlərin ən yüksək səviyyədə keçirilməsinin özü də Azərbaycanın beynəlxalq səviyyədə qəbul etdiyi öhdəliklərdən biridir. Məhz bu amil də növbədənkənar seçkilərin vaxtından əvvəl keçirilməsini zəruri edir. Heç şübhəsiz ki, növbədənkənar parlament seçkiləri bu ilin fevralında keçirilmiş prezident seçkilərindən sonra Azərbaycanın bütün legitim ərazilərində keçiriləcək ikinci seçki olacaq”.
I vitse-spikerin “bütün legitim ərazilər” dedikdə nəyi və haranı nəzərdə tutduğu bəlli deyil, hər halda, onun yaddaşını təzələmək üçün seçki dairələrinin ünvanını xatırladaq.
MSK-nın saytında seçki dairələrinin ünvanı:
125 saylı Qubadlı-Zəngilan seçki dairəsi – Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi 11
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Bakı şəhəri, Nizami rayonu, Əzim Əzimzadə küçəsi 4
123 saylı Kəlbəcər seçki dairəsi – Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-nın 6 saylı yataqxanasının həyəti
122 saylı Xankəndi seçki dairəsi – Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99
121 saylı Laçın seçki dairəsi – Ağcabədi rayonu, Taxtakörpü qaçqınlar qəsəbəsi
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Biləsuvar rayonu, 3 saylı qəsəbə
119 saylı Ağdam kənd seçki dairəsi – Ağdam rayonu, Quzanlı qəsəbəsi
118 saylı Ağdam şəhər seçki dairəsi – Ağdam rayonu, Quzanlı qəsəbəsi.
Ümid edirik özünüburaxanlar özlərində güc tapacaqlar, ötən dəfə olduğu kimi…
Tanrı bizi 3-cü cəhddən qorusun!
P.S.İndiki deputatların səlahiyyət müddəti 2025-ci ilin martın 10-da bitməliydi.