“Öz bədənimizdən utanmamalıyıq” və ya Azərbaycanda əlil olmaq nə deməkdir?

Murad Məmmədov, Bakı şəhərində doğulmuşam, 1990-cı ildə yanvarın 14-ü. Hazırda 32 yaşım var, deyəsən… Əlilliklə doğulmuşam. Anadangəlmə, doğuşdan… Həmişə sual verirlər, bu, anadangəlmədir? İstədim bir dəfə deyim, yox, atadangəlmədir (gülür). Yəni gicgici sualdır. Əlilliyi olan insanlara bu sualı verməyin.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2021-ci ilə olan məlumatına əsasən, ölkədə əlilliyi olan şəxslərin sayı 614 mindən çoxdur.

Əslində çox nadir əlillik diaqnozum yoxdur. Əlillik sektorunda orta statistik bir diaqnozdur. Natamam osteogenez. Kalsi azlığı, sümük, əzələ zəifliyi. Buna görə də gəzə bilmirdim. Mənə vaxtında reabilitasiya lazım idi. Amma həkimlər pozitiv yanaşmırdılar. Nəsə bacaracağıma inanmırdılar. Boş-boş tövsiyələr verirdilər. Bir müddət sonra həkimə getməyi kəsdim.

Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin 2021-ci ilin dekabrına olan məlumatına görə, nazirliyin reabilitasiya müəssisələrində əlilliyi olan 7500-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu da əlilliyi olan şəxslərin cəmi 1,22 faizi deməkdir.

5 rükət xəbər

6 yaşımdan etibarən nənəmgildə yaşamağa başlamışam. Babamla nənəm xəbər manyakı idilər. Namaz qılırcasına, səhər saat 9-da, günorta saat 1-də, saat 3-də, axşam saat 6-da, saat 9-da xəbərlərə baxırdılar, gündə beş dəfə. Çox ciddiyəm (gülür). Niyəsə mən də onlarla birlikdə baxırdım və böyüyəndən sonra fərqinə vardım ki, məndə natiqlik, söz bazası məktəbə getməyən uşaq üçün çox mükəmməl formalaşıb.

Uşaqlıqda söhbət etməyi çox sevirdim. Mən məhəllə yoldaşlarımla söhbət edirdim. Babam mənimlə söhbət edirdi. 1941-45 müharibəsini görmüş adam idi, uzun-uzadı həmişə o vaxtlardan danışırdı. Zəhmətkeşliyndən, zavod həyatından, kommunizmdən, SSRİ-dən. Mən də qulaq asırdım. 

Düşünürəm ki, mən də qocalanda çoxdanışan olacam. İnsan çox şey gördükcə, çox şey danışmaq istəyir qocalanda. Mən də çox şey görürəm. İndidən yazığım gəlir ətrafımdakı insanlara.

Sevginin ayaqları

15 yaşımda gəzməyə başladım. Bunun altını qaralayaq ki, heç bir tibbi müdaxilə olmadan! Uşaqlıq sevgim vardı, qonşu blokda. Düşünürdüm ki, mən gəzsəm, biz onunla daha çox vaxt keçirə bilərik. Özlüyümdə belə bir xəyala düşmüşdüm. Və o xanımla daha çox vaxt keçirə bilmək üçün, başladım bu sehrli ağaclarla (qoltuq ağacları) evdə məşq eləməyə. Bir dəfə yıxıldım, iki dəfə, bir də gördüm ki, ilk addımlarımı atıram.

Ümidsizliyə dirəniş

Mənim bacardıqlarımı ailəm möcüzə kimi qarşılayıbmı? Ümumiyyətlə qarşılamayıb (gülür). Hər hansı bir formada qarşılamayıb. Anam yəqin ki, izləyəcək, bilmirəm, izləsə, ümidvaram məndən inciməz. Hesab edirəm ki, ailəm gələcəyim mövzusunda kifayət qədər ümidsiz olub. Buna görə də mən nələrsə etməyə çalışanda onlar nə baş verdiyini çox da anlamırdılar. Bax belə… Hər şey möcüzəyə bənzəyən, amma konkret məntiq, elm üzərində qurulmuş bir inkişaf idi. Xüsusi bir dəstək olmadan.

Babəksiz 25 il

Təhsil həyatım həm bərbad olub, həm də mükəmməl. Mükəmməl ona görə ki, məktəbə getməmişəm. Bərbad ona görə ki, o vaxt öyrənə biləcəyim mənbələr az olub. 

Məktəbə getmirdim, evə də müəllim gəlmirdi, ailə problemləri üzündən. Uzun məsələlərdi bunlar. Xalam mənə öyrədirdi yazıb-oxumağı. Rus dilim mükəmməl idi. Çünki o vaxt rusdilli telekanallar Azərbaycandilli kanallardan daha çox idi. Üstəlik qonşularımızın 50-60 faizi rusdilli və etnik ruslar idi.

AR​ Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib. Proqrama əsasən, ölkənin müəyyən məktəblərində inklüziv siniflər açılır və həmin siniflərdə sağlamlıq imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə eyni ortamda təhsilə cəlb olunurlar.

Təhsil Nazirliyi hər il regionlar üzrə yaradılan yeni inklüziv siniflərin sayını açıqlasa da, nazirliyin rəsmi saytında ölkə üzrə həmin siniflərdə təhsil alan uşaqların ümumi sayı barədə məlumat yoxdur.

25 yaşım olanda Təhsil Nazirliyinə məktub yazdım. Nazirlik çox müsbət qarşıladı ərizəmi. Dəvət etdilər bilik səviyyəmi yoxlamağa. Eksternat üsulu ilə məndən imtahan götürdülər. Hər bir fənn üzrə müəllim daxil olurdu, mənə ona yaxın sual verirdi. 

Tarix müəllimiydi hər halda, məndən soruşdu ki, Babək kimdi? Gizlincə vikipediyaya girdim, çünki kim olduğunu bilmirdim. Baxdım ki, xürrəmilərin başçısı olub-filan. Burda maraqlı məqam nədən ibarətdir? Həmin vaxt mənim 25 yaşım vardı, artıq bir neçə ölkədə olmuşdum, bir neçə şirkətdə işləmişdim və bütün bunları etdiyim dövrdə məndən heç kim sorumamışdı ki, Babək kimdi. Demək ki, Babəkin kim olduğunu bilmədən də yaşamaq, işləmək, pul və sosial nüfuz qazanmaq olurmuş.

Məni 8-ci sinfə qəbul etdilər. Bankda çağırı mərkəzində işləyə-işləyə 11-ci sinfə qədər distant üsulla təhsil aldım. Banka gedirsən və eyni zamanda 9-cu sinif tarix kitabını oxuyursan (gülür). Hazırda mənim də möhtəşəm 11-ci sinif attestatım var. 

Baxışın kompüter salonu

Gəzməyə başlayandan cəmi 3 il sonra, 18 yaşımda artıq işləyirdim. İlk olaraq dostumun kompüter salonunda işə başladım. Dostumun adı Baxışdı, ona da salam olsun (gülür). Qeydiyyatçı kimi gündəlik 2 manat əməkhaqqı alırdım. Sonra digər kompüter salonları da oldu. Menecer kimi də çalışdım. Bir il müddətində davamlı. İlk işlədiyim sektor bura olub.

Sonra məndə sosial mediaya maraq oyandı. O vaxt sosial media menecerliyi anlayışı yeni yarananda o işdə çalışanlardan biri də mən oldum. SMM kimi bir neçə şirkətdə işlədim, onlardan biri də “Bakı” futbol klubu idi. 21-23 yaş arasında.

Mən müstəqillik, azadlıq  aşiqiydim. Və mənim məqsədim, niyyətim, fokuslandığım nöqtələr məni zəncirvari aparır.

Qanunvericiliyə əsasən, xüsusi istisna siyahısına daxil olmayan müəssisələrdə əlilliyi olan şəxslər üçün iş yeri kvotaları nəzərdə tutulub. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə iş yerlərinin 3 faizi (bir iş yerindən az olmamaqla), işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə isə iş yerlərinin 5 faizi əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün ayrılmalıdır.

Piki görməyən uğurlar

Sonra “Əsa” Teatrını yaratdıq. Orada mən həmtəsisçi, direktor, aktyor oldum. Bir il olmadı ayrıldım, ya da bir il oldu, bilmirəm. Zatən mənim orda kök salmaq, qocalmaq niyyətim yox idi. Təşəbbüs eşqi ilə qoşuldum bu teatra. Bu, məndə yeni nəsə yaratmaq istəyi idi. 

Sonra “British Council Azerbaijan” təşkilatının teatrla bağlı layihəsi vardı. Mən ora cəlb olundum, orada aktyor kimi öz həyat hekayəmi  səhnələşdirdim, böyük səhnələrdə nümayiş etdirdik. 

Sonradan mənim teatra marağım… azaldı deməzdim, sadəcə “ok elədim, niyə yenə edim?” nötəsinə gəldim. Özümdə nəyisə davam etdirməyə heç bir məcburiyyət hiss eləmirəm. Teatrla da hələ ki ara vermişik münasibətlərimizə.

Mən heç bir fəaliyyət sahəmdə pikə qalxmamışam. Ortalarda ölüb gedəcəm. Çünki tez-tez dəyişirəm (gülür). 

“Hands art” – azadlıq adası

Bankların birində çağrı mərkəzində işləyirdim. İki il işləyəndən sonra iş qrafiki artıq məni qane etməməyə başlamışdı. Düşündüm ki, mənim artıq 27 yaşım var, artıq müxtəlif sahələrdə azı 7 illik karyera qazanmışam, bundan sonra heç bir şirkətdə müqaviləli iş olmadan təkbaşına iş qurub yaşaya bilməyəcəmsə, deməli, bütün bu müddət boşuna gedib. Özüm üçün bir növ sınaq oldu. 

Daha müstəqil olmaq üçün düşünündüm ki, sosial sahibkarlıq təsis edim. Bir neçə mövzunu araşdırdım, epoksid qətranından bəzək əşyalarının hazırlanması mənim üçün motivasiya oldu.

Əslində biz müxtəlif əlilliyi olan ustaların əl işlərinin satışını həyata keçirən “marketplace” – online ticarət mərkəzi olacaqdıq. Olduq da bir il. Bəzi şirkətlərdən sifariş qəbul etdik və müxtəlif əlilliyi olan şəxslərin əl işlərini satdıq. 

Sonra bu formatda çox davam edə bilmədik və belə oldu ki, sırf mənim əl işlərimin satışını həyata keçirdim. Əldən edilən gəlirlərin bir hissəsi ilə də insan müxtəlifliyini, bərabərliyini, birgəliyini təbliğ edən sosial layihələr icra etdim. Amma səmimi etiraf etməliyəm ki, son bir ildə sosial tərəfimiz bir az azalıb. Yaydan yenidən aktivləşməyi planlayırıq. 

Dediyim kimi, azadlıq istəyimdən yarandı “Hands art”. 

Desəm ki, əl işləri ilə çox xoşbəxtəm, yox, düşünürəm ki, yaxın gələcəkdə bunu da dəyişəcəm. Halbuki çox yaxşı komfort verir. Öz işimdi, istədiyim qrafiklə çalışıram, xərclərimə yetəcək qədər maddi gəlir gətirir mənə. Amma nəsə yoxdur, nəsə çatmır. Ona görə də axtarış etmək lazımdır, görək nə olur.    

7 kəsirə inad

Avtomobil sürmək eşqinə düşəndə sürücülük vəsiqəsi almaq üçün imtahan vermək istədim. Bəlli oldu ki, imtahana girə bilmərəm. Arqument gətirdilər ki, boyum balacadı. Razılaşmadım. Belə bir dünya yoxdur! İnsan müxtəlifliyinin qəbul edildiyi bir dünyada belə bir ayrı-seçkiliyə yol vermək olmaz, mənim imtahana buraxılmamağım absurddur. İsrar etdim və buraxdılar.

Səmimi etiraf edirəm, üç il avtomobil idarə elədim sürücülük vəsiqəsi olmadan. Bir dəfə də qəza törətmədim, bəlkə də vəsiqəm yox idi deyə qorxurdum kobud sürməkdən (gülür). Üç ildən sonra avtomobilimi satdım və düşündüm ki, sürücülük vəsiqəsi almaq lazımdır.

Yeddi dəfə imtahan verdim, kəsildim. Bu, artıq mənim üçün psixoloji bir baryer idi. Nəhayət, bir gün kəsilmək niyyətilə təkrar girdiyim imtahandan uğurla çıxdım.   

Sonra aydın oldu ki, orada əlilliyi olan şəxslərin sürmə imtahanı verməsi üçün uyğun avtomobil yoxdur. Başqa bir əlilliyi olan dostumun avtomobilini götürdüm, bir-iki gün məhəllədə məşq elədim ki, əlim yatsın və onun avtomobili ilə imtahanı verdim. O mərhələni də keçdim. Hal-hazırda mənim sürücülük vəsiqəm var. 

Mən nəyə görə bu mövzuda belə inadkar oldum? Çünki sevmirəm, əlilliyimə görə mənə nəyisə bağışlasınlar. Buna pozitiv diskriminasiya da deyə bilərik. Amma deməyək. Ümumiyyətlə belə bir şey olmasın. Özünə qarşı hansısa diskriminasiyanı qəbul etmirsən, amma pozitiv diskriminasiyanı qəbul edirsən. Bu, riyakarlıqdır!

Buna görə də heç vaxt hansısa dövlət qurumundan xüsusi mənim üçün güzəştlər gözləmirəm, bunun əleyhinəyəm. Hər zaman deyirəm ki, ondansa əlilliyi olan şəxslər üçün digər şəxslər kimi müxtəlif resurslara bərabər çıxış imkanları yaradılsın.

Qanunvericiliyə əsasən, əlilliyi olan şəxslərə verilən sürücülük vəsiqəsinin müddəti 2 illikdir. Sonra yenidən imtahan verməyə ehtiyac olmasa da, vəsiqəni yeniləmək məcburidir. Buna görə də əlilliyi olan şəxslər 2 ildən bir sürücülük vəsiqələrini yeniləyərkən hər dəfə 30 manat dövlət rüsumu ödəməli olurlar.

Məlumatsızlıq = ümidsizlik

Əlilliyə erkən müdaxilə – bizdə inkişaf etməyib bu anlayış. Uşaq vaxtından diaqnozun müəyyən edilməsi və kompleks reabilitasiya prosedurları başlamır. Görürsən ki adam 30 yaşına çatıb, deyirlər, görəsən, biz bu uşaq üçün nə edə bilərik? Bu yaşdan sonra daha nə etmək olar ki?! Vaxtında müdaxilə olunmalıdır.

Bu, əsasən cəmiyyətin baza tibbi biliklərinin yetərsiz olması ilə bağlıdır. Tibbimizi təmiz sıfıra endirə bilmərik, mütəxəssislərimiz var. Amma mütəxəssisə də vaxtında müraciət edən məsuliyyətli vətəndaş olmalıdır. Yanlış anlaşılmasın. Adətən qurumlara heç nə deyə bilməyəndə xalqı tənqid edirlər. Mən bunun tərəfdarı deyiləm, demək istəmirəm ki, əhali savadsızdır. Yox, əhalini vaxtında yaxşı maarifləndirən olsa, əhali də müəyyən mövzularda savadsız olmaz.

Dediyim kimi, ailələrdə baza tibbi biliklər, insan müxtəlifliyi anlayışı haqda məlumat yetərli olsa, əlilliyi olan uşaq doğulduqda onun gələcəyinə ümidsiz yanaşma da olmaz. Çünki sonrakı bütün problemlər bu ümidsiz yanaşmadan irəli gəlir. Onun üçün heç bir kayera, təhsil planlaması olmur. Cəmiyyətin bu mövzuda maariflənməsi aidiyyatı qurumların öhdəliyidir.

Əlillər gözə dəymir

Təəssüf ki, əlilliyi olan şəxslərin müxtəlif səbəblərdən daha çox passiv həyat tərzi keçirməsi cəmiyyətin bu kateqoriyadan olan insanların varlığı barədə ümumiyyətlə məlumatsız olmasına gətirib çıxarır. Nəticədə fərqli görünüşə, fiziki imkanlara sahib olan insanları gördükdə qəribə qarşılayırıq. İsrarlı baxışlar olur, işarə ilə göstərmələr və sairə. Bu, ondan irəli gəlir ki, cəmiyyətdə əlilliyi olan aktiv insanların sayı azdır. 

Bunun səbəbi çox bəsitdir əslində. İnfrastruktur ürəkaçan deyil. Ailələrin övladlarına yanaşmaları sosial yanaşma deyil, tibbi yanaşmadır. Ona görə də düşünürlər ki, əlilliyi olan şəxs evdə otursun da, niyə çöldə olsun ki? (gülür) Axı keçmişdə belə olub. Təəssüf ki, Azərbaycan cəmiyyətində bir çox mövzuda hələ də keçmiş yanaşmalar hökm sürməkdədir. Yeni yanaşmalar təbliğ olunmalıdır.

Əlillərlə bağlı siyasəti əlil olmayanlar yürüdərsə

Əlilliklə bağlı Azərbaycanda niyə hələ də çox sayda problemlər var? Bu sualın cavabı çox bəsitdir. Əlilliyi olan şəxslər barədə siyasətin formalaşmasında, onun icrasında, monitorinqində və sairə əlilliyi olan şəxslər qərar qəbul edən pozisiyada deyillər. Əlilliyi olan şəxslər üçün əlilliyi olmayan şəxslər siyasət yazır, bu, gülməlidir. Əlilliyi olan şəxs üçün nəyin yaxşı olduğunu elə əlilliyi olan şəxs yaxşı bilir. 

Məsələn, mən o gün DOST mərkəzində olmuşam. Siz ora girsəniz, deyəcəksiz ki, orada əlilliyi olan şəxslər üçün bal kimi şərait var. Amma mən girdim ora, on dənə problemlə çıxdım. Tualetin qapısı mənim üçün müyəssər deyil. Niyə qapını güc-bəlayla açıb, arasından zorla keçməliyəm? Düyməni basmalıyam, qapı açılmalıdır, mən rahat girməliyəm. Problem də ondadır ki, o binanın inşasında əlilliyi olan şəxs iştirak etməyib, edibsə də necə edib, o artıq sual altındadır. 

Bir qığılcım yetər

İki ildir başlamışam idmana. İki il əvvəl ağır depressiya keçirirdim. Depressiyadan xilas olmaq üçün başladım əslində. Sonra baxdım ki, vau, yeni rənglər görməyə başlayıram. 

Mən özümə qarşı radikalam. İnsan özünə, emosiyalarına, həssaslığına qarşı radikal ola bilmədisə, vəziyyət çox pisdir. Təbiətimizi öyrənsək, əla olar. Təəssüf edirəm ki, son 2-3 ildi öz təbiətimi öyrənməyə başlamışam. İnsan öz təbiətini öyrənincə, həyəcanlanmağa başlayır. Başa düşürsən ki, həzm prosesi necə gedir, sən idman edəndə əzələ necə formalaşır və s. Anlayırsan ki, öz bədəninə daha çox hakim ola bilərsən. 

Birinə deyirsən ki, nəsyisə elə, deyir, hələ hazır deyiləm. Sən heç vaxt heç nəyə tam hazır ola bilməzsən. Bir qığılcım oldu, bəsdir. Onu fiziki hərəkətlərlə tamamla. Hər hansı bir dahiyanə düşüncə olmadan da səhər saat 5-də, 6-da, 7-də, günəş doğuşu zamanı çıxıb sahildə gəzsən, həmin günün tam fərqli olacaq. Ən depressiv halınla belə bunu etsən, səndə cüzi də olsa dəyişiklik baş verəcək. İçində hansısa lampanın yanmağını gözləmə, sadəcə et. Mən belə edirəm. 

Ana səhifəVideo“Öz bədənimizdən utanmamalıyıq” və ya Azərbaycanda əlil olmaq nə deməkdir?