Taleh Vəliyev: “Xoşqədəm Baxşəliyeva axırda da mənə dedi ki, bu, mümkün olan iş deyil, baş qoşma”
“Övladlığa götürüldüyümü çox erkən yaşlarımda öyrəndim. Təxminən 13 yaşım olardı, məhəllədə həmyaşıdımla oynayanda, sözümüz çəpləşdi, dalaşdıq. Mənə dedi ki, sənin atan-anan yoxdur, yetimsən. Bir Allah bilir ki, həmin vaxt nələr çəkdim. Bəlkə də mən evdə tək uşaq olmasaydım, dərddən həbsxanalarda çürüyərdim”.
Bunu Meydan TV-yə Ağdam rayonu, Quzanlı qəsəbə sakini Taleh Vəliyev deyir. Uzun illərdən sonra o, bioloji valideynlərinin axtarışına çıxıb:
“Mən Vəliyev Taleh Şamil oğlu 1966-cı ildə doğulmuşam. 13 yaşımda bilmişəm ki, Vəliyev Şamil Astan oğlu ilə Vəliyeva Mehparə Şəmil qızı məni övladlığa götürüblər. Onu da deyim ki, məni böyüdüb, boya-başa çatdıran valideynlərimdən çox razıyam, sağ olsunlar. Lakin son illərdə daxilimdə əsl valideynlərimin kim olduğunu bilmək istəyi yaranıb. Mən onlardan nəsə tələb etmək, ya da irad bildirmək istəmirəm. Sadəcə, bioloji valideynlərimin kim olduğunu, Azərbaycanın hansı bölgəsində doğulduğumu bilmək mənə kifayət edər. Bəlkə mən erməniyəm? Düşünürəm ki, kimliyimi, ailəmi bilmək haqqımdır”.
Taleh Vəliyevin sözlərinə görə, hələ 40 günlük olarkən Bakı şəhəri Nəsimi rayonu 1 saylı Körpələr Evindən övladlığa verilib:
“Məni övladlığa götürüb valideynlərimə verən kəndçimiz Tofiq müəllimdir. O, bir dəfə mənə dedi ki, sənin taleyini məndən yaxşı heç kim bilə bilməz. O da yaşlı adamdır deyə zorla danışdırmaq istəmirəm. Tofiq müəllim yalnız onu söylədi ki, Lənkəran bölgəsindənəm. Adım ya Nazimdir, ya da Nizami, soyadım isə Hacıyev olub”.
T.Vəliyev deyir ki, Xoşqədəm Baxşəliyevaya müraciət edib, “Səni axtarıram” verilişinə çıxıb:
“Xoşqədəm Baxşəliyevanın yanında oldum. Düz ilyarım məni süründürdü. Belə ki, prodüsseri zəng edib, məni kənddən Bakıya çağırdı. Yanına salıb, Milli Arxiv İdarəsinə apardı. 1966-cı il təvəllüdlü olduğum halda, durub 1969-cu il arxivinə baxdı. Mənim o arxivdə nə işim var? Xoşqədəm Baxşəliyeva axırda da mənə dedi ki, bu, mümkün olan iş deyil, baş qoşma. Təbii ki, anlayıram, bu, çətin işdir. Ot tayasının içində iynə axtarmağa bənzəyir. Amma yenə də təslim olmuram, valideynlərimi tapacağıma ümid edirəm”.
“Səni axtarıram” verilişindən Meydan TV-yə bildirildi ki, Taleh Vəliyev adlı şəxs onlara müraciət edib:
“Bu adamın arxiv materiallarının kötüyünə qədər gedib, çıxdıq. Lakin məlum oldu ki, Taleh Vəliyev atılmış uşaqdır. Belə olan təqdirdə onun bioloji valideynlərini tapmaq mümkün deyil”.
Ailə hüququ üzrə ekspert-hüquqşünas Xətai Abbasov qanunvericiliyin bu sahədə tələblərini Meydan TV-yə izah edir:
“Ailə Məcəlləsinə əsasən, övladlıq məsələləri məxfi saxlanılır. Valideyn himayəsindən hər hansı formada məhrum olan uşaqların hüquq və mənafelərinin müdafiəsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Valideyn himayəsindən məhrum olan uşaqların onların saxlandığı müəssisə tərəfindən övladlığa verilməsi qaydası qanunvericiliklə tənzimlənir. Bu prosedur da olduqca mürəkkəbdir və bilavasitə dövlət nəzarəti ilə həyata keçirilir. İlkin mərhələdə valideyn himayəsindən məhrum olan uşaqlar yerli icra hakimiyyəti orqanının yanında fəaliyyət göstərən müvafiq aidiyyəti Komissiya tərəfindən aşkarlanır, belə uşaqların qeydiyyatı (uçotu) aparılır. Növbəti mərhələdə həmin uşaqlar barədə məlumatlar ümumi uçotun aparılması üçün yuxarı icra orqanına – konkret olaraq Təhsil Nazirliyinə göndərilir. Nazirlik tərəfindən həmin uşaqların yerləşdirilmə formaları seçilir. Nazirlik eyni zamanda, belə uşaqların saxlanması, tərbiyəsi və təhsilinə nəzarəti də həyata keçirir. Bu sahəyə nəzarət edən qurumlardan biri də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
O ki qaldı bioloji valideynlərin kimliyini öyrənməyə, bu, olduqca qəliz məsələdir. Körpə uşaq evinə verilərsə, bu zaman valideynlərdən imtina kağızı alınır. Hər hansı uşaq övladlığa veriləndə, bu proses məhkəmə qətnaməsilə həyata keçirilir, yəni ana-atanın razılığı ilə həll olunur. Bu yolla övladlığa verilən adamın bioloji valideynlərini tapmaq ehtimalı az da olsa, mümkündür. Yəni həmin şəxs ad-soyad və atasının adını, doğulduğu yeri bilirsə, götürüldüyü körpələr evinə sorğu ilə müraciət edə bilər. Amma bir daha təkrar edirəm ki, bu kimi hallar qanunvericiliyə əsasən, məxfi saxlanılır. Yəni bu işdə konkret prosedur yoxdur, nəticə də məlum deyil. Valideynlər könüllü övladlarını uşaq evinə veriblərsə, onların məxfiliyi qorunur. Körpələr evinin belə bir səlahiyyəti yoxdur ki, sabah hansısa uşaq bir ailəyə övladlığa veriləndə, onunla bağlı məlumat versin. Atılmış, daha sonra isə müvafiq qaydada körpələr evinə yerləşdirilən və övladlığa götürülənlərin bioloji valideynlərinin tapılması, ümumiyyətlə, mümkün deyil”.