Otelin üçüncü mərtəbəsindən yıxılan müğənni ölüb

Liam Peyn. Foto: Reuters

“One Direction” qrupunun keçmiş üzvünün alkoqolun təsiri altında özünü atdığı bildirilir

Britaniyalı musiqiçi, “One Direction” ingilis pop qrupunun keçmiş üzvü Liam Peyn Buenos-Ayresdə otelin yaxınlığında ölü tapılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 31 yaşlı sənətçi oktyabrın 16-da günorta saatlarında üçüncü (13-14 metr hündürlükdən) mərtəbədən yıxılıb.

Ehtimal olunur ki, daha öncələr alkoqol asılılığı ilə mübarizə aparan Peyn sərxoş olduğu üçün yıxılıb.

Faktla bağlı cinayət işi açılıb.

Buenos-Ayresin Təhlükəsizlik Nazirliyi bildirib ki, polis otelə gələndə, menecer “bir nəfərin otağının eyvanından özünü atdığını” deyib.

Menecerin sözlərinə görə, Liam Peyn otel otağında spirtli içki və narkotik vasitələr qəbul edib, ardınca isə əşyaları sındırıb, dağıtmağa başlayıb.

Liam Peyn 1993-cü ildə İngiltərənin Vulverhempton şəhərində doğulub.

2010-cu ildə “One Direction” qrupuna üzv olub. Qrup Britaniyanın “The X Factor” şousunun yeddinci mövsümünün çəkilişləri zamanı meydana çıxıb.

“One Direction” 2011-ci ilin noyabrında debüt albomu olan “Up All Night”dan sonra dünya şöhrəti qazanıb.

“What Makes You Beautiful” mahnısı dünya hit-paradlarına başçılıq edib və albom “Billboard 200” çartında birinci yeri tutub.

Zeyn Malik qrupdan ayrıldıqdan sonra qrup 2016-cı ildə konsert fəaliyyətini dayandırdığını elan etsə də, dağılmayıb.

Liam Peyn 2016-cı ildə solo albom üzərində işləməyə başlayıb.

2019-cu ildə “LP1” albomunu çıxarıb.

Peyn bu yaxınlarda alkoqol asılılığı ilə mübarizə apardığını demişdi.

2023-cü ildə o, reabilitasiyada vaxt keçirdiyini və içkini atmağa çalışdığını bildirmişdi.

2024-cü ildə isə ikinci solo albomu üzərində işlədiyini elan etmişdi.

Ana səhifəXəbərlərOtelin üçüncü mərtəbəsindən yıxılan müğənni ölüb