Yaxud Kürdəmirdə 28 may əməliyyatı
Kürdəmir rayon Söyüdlər kəndinin bir qrup sakini tərəfindən Meydan TV şikayət ərizəsi daxil olub. Həmin ərizədə qeyd olunur ki, onların həmkəndliləri Fizuli Əli oğlu Əsgərov “narkotik bitkilərin becərilməsi və satışı” ittihamı ilə şərlənərək heç bir səbəb olmadan həbsə atılıb. Məsələni araşdırmaq məqsədilə Kürdəmir rayonunun Söyüdlər kəndində olub və əslində nəyin baş verdiyini öyrənməyə çalışdıq.
Hadisə necə baş verdi?
Məlumat üçün bildirək ki, 2013-cü il mayın 28-də Kürdəmir Rayon Polis İdarəsinin və Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Söyüdlər kəndində əməliyyat keçirərək, Fizuli Əli oğlu Əsgərovu həbs ediblər. Həbsin müəmmalı tərəfləri və ziddiyyətli məqamları haqda bir qədər sonra daha ətraflı məlumat verəcəyik. Hələliksə Fizuli Əsgərov ilə bağlı həyata keçirilən hüquqi prosedurlara nəzər salaq.
Fizuli Əsgərov həbs edildikdən sonra iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmə 10 il 6 ay həbs cəzası kəsib.
Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib, hazırda iş Şirvan Apellyasiya Məhkəməsində baxılır.
İndi isə nələrin və necə baş verdiyini aydınlaşdırmağa çalışaq.
Söyüdlər kəndində əməliyyat Fizuli Əsgərovun qardaşı Vaqif Əsgərov həmin günü belə xatırlayır: “Biz 2013-cü il mayın 28-də Zərdab rayonundan, qohumlarımızın birinin yas məclisindən qayıtmışdıq. Fizulinin yaşadığı evin eyvanında oturub çay içirdik ( Fizuli Əsgərovun özünün şəxsi evi olmayıb, ona hazırda uçub dağılan ata mülkü qalıb, amma orada yaşamır, elə həmin evlə yanaşı əmisi, eyni zamanda qaynatasının evində məskunlaşıb-red). Birdən gördük ki, ata mülkümüz olan və hazırda yaşayış olmayan evə bir neçə polis maşını daxil oldu. Polislər avtomatla silahlanmışdı və bu səbəbdən də əvvəlcə nəyin baş verdiyini anlamadıq. Sonradan isə bəlli oldu ki, onlara qardaşımın narkotik bitki əkməsi ilə bağlı məlumat daxil olub və əməliyyat qrupu da Söyüdlər kəndinə elə buna görə gəlib. Gələnlər isə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları Elman Zöhrab oğlu Tərlanov, Qasım Nazim oğlu Hüseynov, Nazim Məzi oğlu Şikarov idi. Onlar özləri ilə Salyan şəhərindən Xaqani Böyükağa oğlu Bədəlovu hal şahidi kimi gətirmişdilər. Xaqaninin o boyda yolu basabasa gəlib hal şahidliyinin etməsinin özü belə xoş niyyətdən xəbər vermirdi.
Kürdəmir rayonunda isə işə polis işçiləri Fikrət Paşa oğlu İmanov, Eldəniz Muxtar oğlu Həsənov, Vaqif Paşa oğlu Əhmədov, Nazim Cəfərov əllərində avtomat olan polislər Emin Mürsəl oğlu İbadov, Qoşqar və Sahil adlı əməkdaşlar cəlb olunmuşdular».
Vaqif müəllimin dediyinə görə, onlar məsələni aydınlaşdırmağa çalışsalar da, buna imkan verməyiblər.
Evdə və həyətdə uzun sürən axtarış nəticəsində heç bir şey tapılmayıb. Bundan sonra əməliyyatçılar həyətdən çıxaraq hazırda bələdiyyənin sərəncamında olan ərazidə axtarış aparıblar və oradan çətənə kolunun aşkarlandığını bildiriblər. Həmin ərazidən tapılmış çətənə kolunu mühafizə etmək üçün əraziyə iki polis qoyulub. Daha sonra evdə və həyətdə yenidən axtarış aparılsa da, yenə heç nə tapılmayıb.
«Qolumu qandalladılar»
Baş verənlərin şahidi olmuş Fizuli Əsgərovun oğlu Telman isə həmin günü belə xatırlayır: “Polislər qəflətən həyətə hücum çəkdilər. Mən belə şeyi ancaq filmlərdə görmüşdüm. Onlar uca səslə soruşurdular ki, “Fizuli kimdir?”. Atam irəli çıxaraq Fizuli olduğunu dedi və hər şey də elə bundan sonra başladı. Həyətə girənlərdən biri atamı vurub yerə yıxdı. Atamın yerə yıxıldığını görəndə qeyri-ixtiyari olaraq atamı polislərin əlindən almağa çalışdım. Bundan sonra polislər mənim və atamın qollarına qandal vuraraq ikimizi də babamın həyətinə gətirdilər. Sonra mənim qoluma vurduqları qandalı açdılar”.
“Toyuq dərmanı, yoxsa marixuana?..”
Fizulinin digər qardaşı Tofiq Əsgərov da iddia edir ki, bu qardaşına atılmış şərdi və polislər haqq-nahaq kimisə tutmağa gəlmişdilər: “Görünür, plan əvvəlcədən hazırlanıb və bu səbəbdən də onlar Söyüdlüdən “əliboş” qayıtmaq istəməyiblər. Baş verənlər isə polisin həyata keçirdiyi əməliyyatdan daha çox faşist davranışına oxşayırdı. Mən axtarış zamanı onlarla bir yerdə olmuşam, onlar evdən və həyətdən heç nə tapa bilmədilər”.
Onun sözlərinə görə, əməliyyatçılar birdən qışqırmağa başlayıblar ki, “aha, tapdıq”. Amma tapılanın nə olduğu aşkarlanandan sonra çox gülməli vəziyyət yaranıb: “Zərdabdan, baytarlıq aptekindən toyuq-cücə üçün ağ rəngdə olan dərman almışdıq. Əməliyyatçılardan biri həmin dərmanı tapanda dedi: “Görürsünüzmü, tapdıq, bu, marixuanadı”. Biz ona bunun toyuq dərmanı olduğunu dedik və uzun “araşdırmalardan” sonra bunun belə olduğuna polisləri inandıra bildik.
«Kaş açarı polisə verməyəydim»
Gecə saatlarına qədər davam edən axtarış nəticəsində evdə və həyətdə heç nə tapmayan əməliyyatçılar Fizuli Əsgərovun həyat yoldaşı Nəzakət Əsgərovadan evin açarlarını istəyiblər: “Dedilər ki, açarları bizə verin, yoldaşın əynini dəyişmək istəyir. Açarları onlara verdim, amma Fizuliyə əynini dəyişməyə də imkan vermədilər, elə oradanca maşına otuzdurub apardılar. Kaş açarı onlara verməyəydim, nə bilim başımıza belə oyun açacaqlar?”
Amma Fizuli Əsgərovu Polis İdarəsinə aparslar da, əməliyyatçılar Söyüdlər kəndini tərk etməyib. Gecəni Fizuli Əsgərovun ata yurdu olan evdə keçiriblər. Bütün Söyüdlər kəndi həmin gecəni səksəkə içərisində qalır. Səhərisi gün, mayın 29-da isə Fizuli Əsgərovu yenidən kəndə qaytarır və həyətində, evində axtarış keçiriləcəyini deyirlər.
Yaxınları, kənd sakinləri axtarışın dünən keçirildiyini və heç nə tapılmadığını desələr də, buna məhəl qoyan olmayıb.
Bir gün öncə həyəti və evi zərgər dəqiqliyi ilə axtaran polislər bu işə yenidən başlayırlar.
«Bu, mənim deyil»
Və…..evdən, bir gün öncə dəfələrlə axtarılan evdən müəmmalı çemodan tapılır. Çemodanın içində isə narkotik bitki. İşi belə görən Fizuli Əsgərov uca səslə, qışqıraraq yalnız bunları deyə bilib: “Bu, mənim məhsulum deyil, sizin məhsulunuzdur”. Daha sonra polislər dünən çətənə kolu aşkarlanan əraziyə gedib, oradakı kolu da özləriylə götürərək, kəndi tərk ediblər.
Füzulinin qonşusu Adilə Muradova deyir ki, polislərin bələdiyyə ərazisində aşkarladığı çətənə kolunu öz gözləri ilə görüb, balaca bir qom imiş. Eyni zamanda həm Adilə xanım, həm də digər qonşular iddia edir ki, həmin çətənə qomunun içərisində onların yaxşı tanıdığı gəndalaş bitkisi də olub. Bunu polislərə desələr də, nəticəsi olmayıb və həmin qom çətənə kolu kimi qeydə alınıb. Sonradan isə məlum olub ki, qonşuların kiçik qom kimi təsvir etdiyi həmin çətənə kolundan 166 ədəd çətənə çıxıbmış….
Məhkəmədə qalmaqal: əməliyyat mayın 28-də olub, ya 29-da?
Məhkəmə zamanı isə daha bir müəmma ortaya çıxıb. Sən demə, Kürdəmirin Söyüdlər kəndində mayın 28-də başladılmış əməliyyat nədənsə sənədləşməyib. Sənədlərdə polisin Fizulu Əsgərovun evinə mayın 28-də gəlməsi haqda bir cümlə də olsa qeyd olmayıb. Bu necə ola bilər axı? Kürdəmir polisi idarədən avtomatı icazəsizmi götürüb çıxıbmış? Və ya bütün kəndin gözünün qabağında 28-də baş verən hadisə necə qəfil bir gün ertələnir? Maraqlıdır ki, yalnız mayın 29-da və yuxarıda ətraflı təsvir etdiyimiz hadisələr sənədləşdirilib və bu müdafiə tərəfinin haqlı narazılığına səbəb olub. Maraqlıdır, görəsən polisin mayın 28-də baş verənləri ört-basdır etməyə çalışması nəylə əlaqədardır? Burada hansısa gizli bir niyyət yoxdur ki? Təbii ki, bu və digər bütün sualların cavabı iyun ayına planlaşdırılan və Şirvan rayon Apellyasiya Məhkəməsində reallaşacaq proses zamanı bilinəcək. Biz isə hələlik yalnız şahid ifadələrini təqdim etməklə kifayətlənirik.
“Əməliyyat mayın 28-də olub”
Fizuli Əsgərovla qapıbir qonşu olan Əlövsət Paşa oğlu Qəmbərov da iddia edir ki, polislər Söyüdlər kəndinə məhz mayın 28-də gəliblər: “Mən dəqiq bilirəm ki, onlar Fizulinin evinə 2013-cü il may ayının 28-də gəliblər. Həmin gün övladım dostları ilə bizim evdə “Son zəng”i qeyd edirdilər. Bunun sübutu kimi video çəkilişlər də var. Nəyin baş verdiyini anlamıram, amma bir şeyi deyim ki, mən Fizulini normal və zəhmətkeş insan kimi tanımışam.
Digər kənd sakini Ağamalı Cəfərov da əməliyyatın məhz mayın 28-də keçirildiyini bildirir: “Bu ailəni bütün kənd tanıyır, onların kənddə böyük hörməti var. Ziyalı, tərbiyəli ailədi, belə bir şeyin olmasına biz heç cür inanmırıq. Çölün düzündən nəsə tapıb, Fizulinin ayağına yazmaq istəyirlər. Çöldən tapılan həmin çətənə kolunun içində gəndalaş bitkisinin olmasını isə öz gözlərimlə görmüşəm. Biz hər halda nəşəni tanımasaq da, gəndalaşı yaxşı tanıyırıq axı. Əməliyyat isə mayın 28-də olub, buna şübhə ola bilməz”.
Seyid adlı kənd sakini də eyni fikirləri səsləndirir: “Bu yalan bizim kəndə ləkədi”.
Söyüdlər kəndinin ağsaqqalı, seyid Mirbəşir Tağıyev isə Fizulinin narkotik bitki əkib becərməsinə inanmadığını deyir: “Fizulinin atası müəllim olub, ziyalı ailəsində böyüyüb. Onların ailəsinə hər birimizin hörməti var. Əgər Fizulinin evində və ya həyətində narkotik tapılmışdısa, bunu niyə mayın 28-də aktlaşdırmadılar? Bu yalan bizim kəndə ləkədi”. İcra nümayəndəsi də təsdiqləyir: “Mayın 28-də….”
Əməkdaşımız Fizulinin evində və həyətində aparılan axtarış zamanı hadisə yerində olmuş Köhüllülər kənd icra nümayəndəsi Soltan Abbasovun da fikirlərini öyrənib və o da əməliyyatın məhz mayın 28-də reallaşdığını təsdiqləyib: “Mən bununla bağlı məhkəmədə də şahid kimi ifadə vermişəm və bildirmişəm ki, Fizulinin həyətində axtarış mayın 28-də olub. Həmin gün axtarış aparıldı və ərazidən narkotik bitki olan çətənə kolu aşkarlandı. Bu başımızı uca edən məsələ deyil. Amma mən də Fizulini normal adam kimi tanımışam”.
Şahidlərin sözlərinə görə, bu işdə ən böyük absurdlardan biri də mayın 29-u axşam saat 5 radələrində başa çatan əməliyyatın ardından ekspertiza rəyinin alınmasıdır. “Rəy səhəri, ya o biri gün alınmayıb. Sən demə, bizim polislər 1 saat ərzində, – Ekspertiza İdarəsi işini saat 18-də başa vurur- Söyüdlüdən 240 km yolu Bakıya gəlir, götürülən kollar ekspertizaya verilir, rəy alınır və yenə də 240 km geri qaytarılır. Bunca «operativlik» olmaz axı” – deyir, Əsgərovlar ailəsi.
Ailənin aşkarladığı başqa bir absurd: “Təsəvvür edin, çemodandan guya qurudulmuş marixuana «tapılır», Baş verənlər də videoya alınır. Amma videoda nə görünsə yaxşıdır? Yamyaşıl yarpaqlar. Bu necə olur deyə, sual verməyin. Olub, daha doğrusu, ediblər. Və indi bütün bu absurdluğa don geyindirmək istəyirlər”.
Əsgərovlar ailəsi inanmır ki, bütün bu absurdlar ədalət məhkəməsinin diqqətindən yayınsın.