Ötən il neft-qaz sazişlərindən Azərbaycanın payına düşən mənfəət 17 faizdən çox azalıb.
Bu barədə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2025-ci ilin büdcə icrasına dair açıqladığı məlumatda deyilir.
2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin icrası ilə bağlı gəlirləri 10,2 milyard manat təşkil edib. Bu, ötən illə müqayisədə 1,97 milyard manat və ya 16,1 faiz azdır. Daxil olan gəlirlərin 9,5 milyard manatı mənfəət neftinin və qazın satışından əldə edilib. 2024-cü ildə bu mənbə üzrə gəlirlər 11,5 milyard manat olub.
Bonus ödənişləri və tranzit gəlirlərindən əldə olunan vəsait 765,7 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,6 faiz azalma deməkdir. Akrhesabı ödənişləri [karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ARDNŞ-yə ödənilən vəsaitlər] isə 3,6 milyon manat olub.
Beləliklə, mənfəət nefti, tranzit və bonus gəlirlərindəki azalma ümumi neft-qaz gəlirlərinin göstəricilərinə ciddi təsir göstərib.
Qeyd edək ki, neft-qaz sazişlərindən daxil olan gəlirlərdə əsas pay Azəri-Çıraq-Günəşli (AÇG) və “Şahdəniz” yataqlarının payına düşür. 2025-ci ildə AÇG-dən daxil olan gəlir 8,3 milyard manat təşkil edib ki, bu da ümumi neft gəlirlərinin 80,8 faizidir. “Şahdəniz” yatağından (qaz və kondensat) isə 958,8 milyon manat vəsait daxil olub.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Facebook” hesabında mənfəət neftindən əldə olunan gəlirlərlə bağlı maraqlı müqayisə aparıb. Ekspert bu məbləğin çox və ya az olduğunu dəyərləndirmək üçün iki faktı diqqətə çatdırıb:
“2025-ci ildə Dövlət Neft Fondu Hasilatın Pay Bölgüsü və Risk Xidməti müqavilələri çərçivəsində dövlətə çatmalı olan mənfəət neftinin və qazın satışından 9 497 milyon manat (5 mlrd 586,47 mln dollar ) gəlir əldə edib. Bu, 2024-cü illə müqayisədə 1 milyard 155,53 milyon dollar azdır.
Bu vəsait çoxdur, ya az? Bu sualın cavabı haqda təsəvvür yaratmaq üçün iki faktı nəzərinizə çatdırmaq istərdim:
Birincisi, Neft Fondunun mənfəət neft-qaz satışından əldə etdiyi gəlirlərin zirvə dövrü 2011-ci ildə olub: 19,5 milyard dollar.
İkincisi, 2025-ci ilin yanvar-oktyabr aylarında Ermənistandakı fiziki şəxslərə xaricdən köçürülən vəsaitin həcmi 4 mlrd 761 mln dollar (artım 10%) təşkil edib”.
İlham Şaban bildirib ki, ötən il Neft Fonduna mənfəət neft və qaz satışından daxil olan gəlirlərin 97,42 faizi iki layihənin – AÇG və “Şahdəniz”in payına düşüb. Onun sözlərinə görə, Azərbaycanda xarici şirkətlərlə birgə 16 müqavilə üzrə hasilat aparılır:
“AÇG və “Şahdəniz”dən kənar əməliyyat şirkətlərindən dövlət mənfəət nefti-qazı üzrə cəmi 245,3 milyon manat vəsait əldə edib. Neft Fondunun 2024-cü il üzrə illik hesabatını təhlil etdikdə məlum olur ki, mənfəət ödəyən əməliyyat şirkətlərinin ümumi sayı cəmi 12 olub”.
Fondun aktivləri 73,5 milyard dolları ötüb
Bununla yanaşı, Dövlət Neft Fondunun məlumatından aydın olur ki, aktivləri 22,5 faiz artaraq 73,5 milyard ABŞ dollarına (125 milyard 020,5 milyon manata) çatıb. Neft-qaz gəlirlərinin azalması fonunda aktivlərin artmasının bir neçə səbəbi var. Belə ki, 2025-ci ilin yanvar-dekabr ayları ərzində Fondun ümumi gəlirləri 37 milyard 594,4 milyon manat təşkil edib ki, bunun cəmi 17,1 milyard manatı neft-qaz və vəsaitlərin idarə olunması hesabına formalaşıb. Ötən il vəsaitlərin idarə olunması üzrə gəlirlilik 6,2 faiz olub və bu istiqamətdən 6,9 milyard manat (təxminən 4 milyard ABŞ dolları) gəlir əldə edilib.
Fond tərəfindən qızıl ehtiyatlarının 36,4 faiz artırılması nəticəsində, 2025-ci ildə məzənnə dəyişmələrindən yaranan fərqə görə büdcədənkənar gəlirləri kəskin şəkildə yüksəlib. Son məlumata görə, Fondun valyuta ehtiyatlarında qızılın həcmi 200 tona çatıb. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, ötən il 6,2 milyard ABŞ dolları dəyərində qızıl idxal edilərək ehtiyatlara daxil edilib. ARDNF-in açıqlamasına görə, qızılın qiymətinin bahalaşması nəticəsində büdcədənkənar gəlirlər 20,4 milyard manat (təxminən 12 milyard ABŞ dolları) təşkil edib. Beləliklə, dünya bazarında qızılın qiymətinin bahalaşması Fondun neft-qaz gəlirlərindəki azalmanı kompensasiya edib.
ARDNF mütəxəssisləri bildirirlər ki, 2025-ci ildə maliyyə, daşınmaz əmlak və qızıl bazarlarında müşahidə olunan tendensiyalar Fondun aktivlərinə müsbət təsir göstərib.
Neft Fondunun xərcləri isə hesabat dövrü üzrə 14,6 milyard manat olub. Bu vəsaitin 14,4 milyard manatı dövlət büdcəsinə transfert edilib, 105,5 milyon manatı isə xaricdə təhsil proqramlarına yönəldilib.
Maraqlıdır ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın müddəti başa çatmasına baxmayaraq, 2025-ci ildə bu istiqamətə 18,6 milyon manat vəsait ayrılıb.