Mərasim aprelin 25-də Los-Ancelesdə baş tutacaq
Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyası “Oskar” mükafatının builki namizədlərini açıqlayıb.
Namizədlərin adını canlı yayımda Bollivud aktrisası Priyanka Çopra və həyat yoldaşı, pop-ifaçısı Nik Conas səsləndirib.
Son on ildə müxtəlif qalmaqallarla müşayiət olunmasına baxmayaraq, “Oskar” dünya kinematoqrafiyasının prestijli mükafatı olaraq qalır.
Uzun müddət Akademiya irqi və cinsi ayrı-seçkilikdə ittiham edilib.
Bu qalmqallardan ən səs-küylüsü Akademiya üzvlərinin böyük əksəriyyətinin 50 yaşdan yuxarı ağdərili olduğuna diqqət çəkən #OscarsSoWhite kampaniyası olub.
Bundan sonra Akademiya münsiflər heyətinin tərkibini 35 faiz artıraraq, qadınların, irqi azlıqların və xarici rejissorların iştirakını təmin edib.
Ardınca 2020-ci ildən isə irqi azlıqların “Oskar” nominasiyalı filmlərin çəkiliş qruplarında və istehsal şirkətlərində təmsil olunması üçün standartlar tətbiq olunub.
Səkkiz ekran əsəri ilin “Ən yaxşı filmi” uğrunda yarışacaq
Film Akademiyası 2021-ci il üçün “Ən yaxşı film” kateqoriyasına on namizəd irəli sürmüşdü. Lakin yeni növ koronavirus pandemiyası film yaradıcılarının işinə əngəl törətdiyi üçün yalnız səkkiz film “Oskar”ın bu nominasiyasına layiq görülüb.
Ən yaxşı film kateqoriyasında namizədlər:
“Nomadland”, 2020, Xloya Çjao;
“The Father”, 2020, Florian Zeller;
“Mank”, 2020, Devid Finçer;
“Judas and the Black Messiah”, 2021, Şaki Kinq;
“Minari”, 2020, Li Ayzek Çun;
“Promising Young Woman”, 2020, Emirald Fennel;
“Sound of Metal”, 2019, Darius Marder;
“The Trial of the Chicago 7”, 2020, Aaron Sorkin.
“
Oskar” tarixində ikinci dəfə “Ən yaxşı rejissor” qadın ola bilər
İkinci ən vacib nominasiya sayılan “Ən yaxşı rejissor” mükafatı mübahisəli nüfuza sahibdir. “Oskar”ın doxsan illik tarixində yalnız bir dəfə qadın rejissor Ketrin Biqelou (“The Hurt Locker”, 2010) bu nominasiyada mükafata layiq görülüb.
Builki namizədlər arasında Hloya Çjao (“Köçəri torpaqları), Emirald Fennel (“Ümid verən gənc qadın”) var. “Ən yaxşı rejossor” uğrunda Tomas Vintenberq (“Daha bir qədəh”), Devid Finçer (“Mank”) və Li Ayzek Çun (“Minari”) mübarizə aparacaq.
“Ən yaxşı xarici film” adı uğrunda beş ekran işi mübarizə aparacaq:
“Druk”;
“Colectiv”, 2019;
“The Man Who Sold His Skin”, 2019;
“Quo vadis, Aida?”, 2020;
“Shao nian de ni”, 2019.
“
Ən yaxşı aktyor”lara namizəd arasında xərçəngdən ölən aktyor da var
Bu nominasiya üzrə favoritlərdən biri də ötən il xərçəng xəstəliyindən vəfat etmiş aktyor Çedvik Bouzmandır. Aktyor “Ma Rainey's Black Bottom” avtobioqrafik filminə görə ölümündən sonra “Qızıl Qlobus” mükafatına layiq görülüb.
“Ən yaxşı aktyor” adı uğrunda həmçinin Entoni Hopkins (“The Father”), Riz Ahmad (“Sound of Metal”), Hari Oldman (“Mank”), Stiven Yan (“Minari”) yarışacaq. Nominasiya sayına görə liderlik Devid Finçerin “Mank” filmidir. Avtobioqrafik film on kateqoriya üzrə namizədliyə irəli sürülüb.
“Ən yaxşı aktrisa” uğrunda isə…
Keri Malliqan (“Promising Young Woman”);
Vanessa Kirbi (“Pieces of a Woman”, 2020);
Frensis Makdormand (“Nomadland”);
Andra Dey (“The United States vs. Billie Holiday”, 2021);
Viola Devis (“Ma Rainey's Black Bottom”) yarışacaq.
“Oskar” pandemiyaya görə iki ay təxirə salınıb
93-cü “Oskar” mərasimi aprelin 25-də Los-Ancelesdə təşkil ediləcək.
Mərasimin daha əvvəl fevralda keçirilməsi planlaşdırılsa da, pandemiyaya görə ertələnib. Akademiya mərasimi ənənəvi formatda, yəni Hollivuddakı “Dolbi Teatrı”nda (“Dolby Theatre”) aparıcıların, namizədlərin, həmçinin gecənin qonaqlarının tam iştirakı ilə keçirməyi planlaşdırır.