Prokuror soydaşımızı 18 il müddətinə mühakimə etməyə çağırıb, Şerbakovun qohumları isə müttəhimə 5 mln. rubl dəyərində mülki iddia irəli sürüblər.
Prokuror Azərbaycan vətəndaşı Orxan Zeynalovun Yeqor Şerbakovun qətlində təqsirli bilinərək, 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyir.
Prokuror iyulun 21-də Moskva şəhər məhkəməsində keçirilən prosesdə bildirib.
“İttiham tərəfi Zeynalovun Şerbakovun qətlində təqsirli olduğundan əmindir. O, soyuqqanlılıqla Şerbakovu qətlə yetirib” – deyə dövlət ittihamçısı bildirib: “10 ilini həbsxanada, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi xahiş edirəm”.
29 yaşlı Zeynalov xuliqanlıq niyyətilə qətl törətməkdə ittiham olunur.
Şerbakovun qohumları müttəhimə 5 mln. rubl dəyərində mülki iddia irəli sürüblər.
Orxan Zeynalov bu tələbləri qəbul etmir.
İstintaqın versiyasına görə, 2013-cü il oktyabrın 10-da Zeynalov sərxoş vəziyyətdə kiçik səbəbdən 25 yaşlı Moskvalı Yeqor Şerbakovla münaqişə yaradıb. İnsident Vostryakovski keçidində baş verib. Dava zamanı Zeynalov bıçaqla Şerbalovun döş qəfəsinə və bel nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb gizlənib. Gənc aldığı xəsarətlərdən yerindəcə can verib.
Oktyabrın 13-də yerli sakinlər Biryulevoda yığışaraq, qatilin tapılıb cəzalandırılmasını tələb ediblər. Kortəbii mitinq iğtişaşa çevrilib, hadisə zamanı 400 nəfər saxlanılıb. Oktyabrın 15-də qətldə şübhəli bilinən Zeynalov Kolomnada saxlanılıb.