Orientalistlərə cavab

Axı unutmaq olmaz ki, bizim cəmiyyət provinsial cəmiyyətdir…

Source:



Elmir Mirzoyevin köşəsinə

söz ardı

Orientalizm kəlməsi altında Edward Səid əslində kolonial idareetmənin üsulunu, onun nəticələrini ifşa etmişdi. Orientalizmin başqa adı belədir – Şərq cəmiyyətlərini ekzotik ve vəhşi göstərməklə onlara hakim kəsilmiş Qərbin ağıllı, üstün və rasional olmasi kimi hökmranliq təfəkkürü və ya bu təfəkkürün hökmranlığı. Deyə bilərsiniz ki, burada təəcüblənəsi nə vardır ki?! Adi müstəmləkə hakimiyyətinin düsturudur. Ancaq Səidin xidməti onda idi ki, belə hakimiyyətin biliklər sisteminə çevrilməsi, nəticə də asılıcı təfəkkürün oturuşması, hakim olunmuşların özlərinin „bildikləri“ düşüncəsində olduqları müstəmləkə reallığı ilə hesablaşmalarınının izahını vermışdı, bir növ məxvini üzə çıxarmışdı.

Orientalizm Qərb alimləri, ədəbiyyatçıları, səyyahlarının Şərqi təsvir etmələri üzərində qurulmuş müstəmləkəçi yanaşma idisə, bizdə olanı özümüz tərəfindən, yəni M.F. Axundov, M.A. Sabir, C. Məmmədquluzadənin yaşadıqları cəmiyyəti qatı tənqidləri üzərində qurulmuş “orientalizmdir”. Ümumiyyətlə, çar Rusiyasında işləyən bürokratlarin yerli aborigen təbəələr haqqında müşahidələrinə nəzər yetirsək, görərik ki, doğurdan da Qafqazdakı, Orta Asiyadakı əhaliyə və müsəlman mədəniyyətinə orientalist (yuxarıdan aşağı) münasibət mövcud idi,  Həddən artıq şübhəli münasibət və Şimali Qafqazdakılara ancaq “abrek” (vəhşi, qaçaq, quldur) kimi yanaşılması lap elə yaxın dövrlərə qədər tanıdığımız “Qafqazkaya plennitsa” filmində əks olunur. (Düzdür bu filmdə hadisələrin baş verdiyi məkanın adı çəkilmir, amma söhbətin Qafqazdan getdiyi aydındır).

Mən özüm cəsarət etmərəm deyəm ki, Azərbaycanın ilk “maarifçiləri” (yeni 19-20 esrleri nezerde tuturam) ətraflarında gördüklərindən, Rusiya bürokratiyasında yer almiş o “orientalist” baxışların təsirindən yan ötə bilməmişdilər və onların „orientalizminin“ qaynağı buradan gəlirdi. Ancaq bir şeyi aydın sezmək olar ki, o vaxtın cəmiyyətində böyük sürətlə inkişaf baş verirdi və xüsusilə də Şərqə göz görəgörə üstün gəlmiş Qərbin modernləşmə və texnoloji üstünlüyü qarşısında Azərbaycan intelektualları bəlkə də zamanın belə tez dəyişməsinin tələbindən öz cəmiyyətlərinin geriliyini də belə kəskin şəkildə tənqid etməyə başlamışdılar. Ona görə  „cədidizm“- Qərbə tez bir zamanda çatma axını- yarandı. Üsulunu təhsildə gördülər, Qərbin öyrəndiklərini tez öyrənmək, bir az da dini doqmalardan uzaqlaşmaq yolu ilə.

O vaxt belə qütbləşmiş Şərq-Qərb mədəniyyətləri ilə indiki çağdaş zamanı müqayisə etsək bu gün belə parçalanma yoxdur, elə bil ki, Şərq Qərbin, Qərb də Şərqin içinə giribdir. Indiki dövrdə məsələn Yaxin Şərqin əbalı şeyxlərı daha müasir görsənirlər, qloballaşma bunun üçün hər cür imkanlar yaradıbdır. Dünənə kimi geri qalmış düşündüyümüz ərəb ölkələrinin böyük şirkətləri xidmət sahəsində heç də Qərbdəkilərdən geri qalmırlar, istədikləri nemətləri, texnikanın ən müasirini də pul ilə ala bilirlər, dubayizasiya prosesi yalançı müasirliyi göydələnlər, dəbdəbəli postmodern saraylar arxitekturası ilə Şərqə köçürübdür. Müharibə etməyə, başqasının üzərində qələbə çalmağa da ehtiyac qalmayıbdır, dünya siyasi mənzərəsində müharibə məvhumu mənasızlaşıbdır, böyük dövlətlərlə müharibə etmək səviyyəsinə çatmağı heç kəs ağlına gətirmir, heç buna ehtiyac da qalmayıb.

Biz yanlış olaraq düshünürük ki, Qərbdəkilərin hamısı bizim təsəvvürlərimizdə yaşatdığımız qərblilər təhər bir şeydilər?! Gəlin Bavariyaya, Sizə Qərbin Şərqdən fərqlənmədiyini bir qism səviyyəsiz, vəhşi almanlar timsalında göstərim.

Nəisə, bu qədər yazmağımın bir mənası vardir. Açılan „Şərq-Qərb“ müzakirəsi bu formada, yəni abstrakt mənalar üzərində heç bir nəticəyə aparmayacaq, xüsusilə əgər biz hər şeyi ağ/qara, mənfi/müsbət, inkişaf/gerilik prizmasından görməklə bir-birinə ziddiyyətli olanların içindən məna axtarmağa çalışsaq.

Məsələnin daha çox siyasi praktik mənasını qabartmağa ehtiyac vardır. Yəni bu gün hakim rejimin belə  hökmranliq etməsinin səbəblərini axtarmalıyıq, və Erkin Qədirli demişkən milləti qınamaq siyasətin ən son yoludur.

Mən siyasətçi baxışının tərəfdarıyam, obyektivizm xəyalları ilə uçan intellekt müharibəsinin yox.

Gəlin düşünək, niyə Azərbaycan hakimiyyəti istilaçı üsüli idarəsində belə uğurludur?! Ona görə mi ki, bizdə LGBT-lərin haqları pozulur?! Ona görə mi ki, bizdə müsəlmançılıq mövcuddur və bu ən böyük maneədir?! Yox. Bizim cəmiyyət nə olsun ki, çarşabsızdır, qadinların haqları hansi vəziyyətdədir?! Oxuyun Olivier Roy-ani görəcəksiniz ki, indiki „islamçılıq“ adlandırılan nəmənə elə müasirləşmə, qloballaşmanın məhsuludur. Onlar nəsə fərqli olmaq istəyirlər, axirda isə elə Qərbi yaşamaqla da Qərbə etiraz şizofreniyasından xilas ola bilmirlər.

Məncə, bu „ifrat tənqidçilərin“, „anti-ənənə mübarizlərinin“ sayəsində biz siyasi xəttimizdən uzaqlaşırıq. Axı unutmaq olmaz ki, bizim cəmiyyət provinsial cəmiyyətdir, Sizin həmin o intelektual tənqidçi qism heç bir faiz də deyil. Siyasət üçün bu, heç bir qüvvə deyildir, cənablar! Bu heç nədir. Axı bu açdığıınız eynicinslilər, təhqirindən doymadığınız din mövzusu bu günün ən aktual mövzusu deyildir. Sizin bizim cəmiyyətə təlqin etdiyiniz „ay axsaq, şikəst, əlil cəmiyyət, sənin ayağın yox, başqa yerin ağrıyır“ düşüncəsidir, halbuki oranın ağrısı bəlkə o qədər vacib deyil, ayağı müalicə etmək daha vacibdir. Almaniya kimi cəmiyyət eynicinslilərin ailə qurmasını qəbul etmir, yoldaşlar, Siz nədən danışırsınız. Burada illərlə balanslaşmiş siyasi məkan formalaşıbdır, konservativ ve liberallar/sosial demokratlar təxminən yarı yarıya mövqeləri bölüşdürürlər. (bir vaxtlara kimi bir-birilərini ətlərini yeyirdilər) Azərbaycandakı siyasi palitra yuxarıda dediyim bir faiz Sizlər və 99 faiz adına qara camaat dediyimiz qalan kütlədir. Indi görüm o bir faizlə nəyi dəyişəcəksiniz.

Ona görə də insanlarımızı əsas düşündürən sosial haqlar, mədəni, iş və istirahət haqları və s. nələr nələr barəsində müzakirə etmək vaxtıdır. Bu gün biz başa sala bilməsək ki, ay camaat Qərbdən gələn maşınla həyat müasirləşmir, yaxşılaşmır, bax, siğorta yoxdur, həkim xidmətləri pisdir, rüşvətxorluq üzündən qazancın çatmır, günəmuzd işləyirsən, onda Qərb və Şərq fərqliliyi və kimin kimdən üstünlüyü məsələsi insanlarımız üçün daha aktual maddi və sosial haqlar üzərində təşəkkül tapar və belə ideyalara söykənən siyasi xəttin də effekti olar.

Rail Səfiyev


Berlin Azad Universiteti


siyasətşünas

Ana səhifəMənim FikrimcəOrientalistlərə cavab