Milli Məclisin İnsan hüquqları komitəsinin fevralın 27-də keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsi müzakirəyə çıxarılıb.
Yerli mediada yayılan məlumatlara görə, sənəddə bir sıra sosial və hüquqi sahələrlə bağlı təkliflər yer alıb.
Məruzədə yetkinlik yaşına çatmayan məhkumlara ali məktəblərə qəbul imtahanlarında iştirak imkanı verilməsi təklif olunur. Sənədə əsasən, az ağır cinayət törətmiş və xüsusi ictimai təhlükə yaratmayan məhkumların ali təhsil müəssisələrinə qəbul prosesində iştirak edə bilməsi üçün ayrıca mexanizm hazırlanmalıdır.
Bundan başqa, Ombudsman əlilliyin qiymətləndirilməsi prosedurlarının sadələşdirilməsini istəyir. Son illər bu sahədə qanunvericiliyə edilən dəyişikliklərdən sonra əlillik təyinatı ilə bağlı şikayətlərin artdığı bildirilir. Müstəqil ekspertlər isə əlilliyin müəyyən olunması meyarlarının ağırlaşdırıldığını vurğulayırlar.
Məruzədə yer alan digər təklif qiyabi təhsil alan şəxslərə hərbi çağırışla bağlı möhlət verilməsi ilə bağlıdır.
Həmçinin xarici ölkələrin təcrübəsinə əsaslanaraq ictimai nəqliyyatda təqaüdçülər, əlilliyi olan şəxslər, şagirdlər və tələbələr üçün güzəştlərin tətbiqi təklif olunur. Azərbaycanda ictimai nəqliyyatda gedişhaqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib.
Eyni zamanda, Bakıda şəxsi avtomobillərin şəhər mərkəzinə axınının azaldılması məqsədilə müasir standartlara cavab verən avtobusların sayının artırılması tövsiyə edilir. Ombudsman hesab edir ki, bu addım ictimai nəqliyyatdan istifadəni stimullaşdıra bilər.
Hər il olduğu kimi, bu il də Ombudsmanın məruzəsi hüquq müdafiəçiləri tərəfindən tənqid olunur. Onlar bildirirlər ki, Ombudsman Aparatı indiyədək təcridxana və həbsxanalarda işgəncə faktlarını aşkara çıxarmayıb. Hüquq müdafiəçilərinin fikrincə, Ombudsmanın bu məsələlərə münasibəti çox zaman hüquq-mühafizə orqanlarının mövqeyi ilə üst-üstə düşür.
Bildirilir ki, builki məruzədə də işgəncə halları ilə bağlı məsələlərə yetərincə yer ayrılmayıb.
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Quruma uzun illər Elmira Süleymanova rəhbərlik edib. 2019-cu ildən Ombudsman vəzifəsini Səbinə Əliyeva icra edir. O, Milli Məclisin deputatı və hakim Yeni Azərbaycan Partiyasının üzvü Siyavuş Novruzovun həyat yoldaşıdır.