Ombudsmanın əməkdaşları “AbzasMedia”nın həbsdə olan jurnalistləri ilə görüşüblər

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova. Foto-kollaj: Meydan TV

Konfidensial qaydada keçirilən görüş jurnalistlərin ictimaiyyətə çağırışından sonra baş tutub

Ombudsmanın əməkdaşlarının “AbzasMedia”nın həbsdə olan əməkdaşları ilə görüşdüyü bildirilir.

Ombudsman Aparatının yaydığı məlumatda deyilir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkilib.

Məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.

“Ombudsmanın Milli Preventiv Qrupunun ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova da konfidensial qaydada qəbul olunub. Müraciətləri yerində dinlənilib, bəzisi isə yerində təmin olunub”, – Ombudsman Aparatının məlumatında deyilir.

Son günlər Azərbaycandakı Cəzaçəkmə Müəssisələrindən və həbs yerlərindən işgəncə halları ilə bağlı ardıcıl məlumatlar yayılır.

Rəsmi qurumlar isə iddiaları təkzib edirlər.

Sonuncu dəfə, noyabrın 28-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “AbzasMedia”nın üç əməkdaşı – baş redaktor Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova ictimaiyyətə birgə məktub ünvanlayıblar.

Onlar bu dəfə Təcridxanasındakı pozuntu hallarından, həbs edilmiş şəxslərin saxlanıldığı ağır şəraitdən yazıblar.

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.

2023-cü ilin noyabrından sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.

2024-cü il mayın 31-də isə “Azadlıq Radiosu”nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.

İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.

Daha sonra bu iş üzrə həbs edilənlərlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var.

Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu təqibləri siyasi motivli hesab edir və həbs olunanların azad edilməsinə, onlara qarşı ittihamların geri götürülməsinə çağırırlar.

Ana səhifəSiyasətOmbudsmanın əməkdaşları “AbzasMedia”nın həbsdə olan jurnalistləri ilə görüşüblər