"Əli Həsənovun bir zəngi ilə 14 gün “bandotdel”də saxlanmışıq, heç yerdə də qeyd olunmayıb"
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev ölüm aclığına başladıqlarını vurğulayaraq, valideynlərinə vəsiyyətnamə göndərib.
Vəsiyyətnamədə yazıblar ki, onlar ölərsə, günahkar Əli Həsənov və həyat yoldaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayev, prokurorluğın dövlət ittihamını müdafiə idarəsinin əməkdaşı Nəsir Bayramov və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev olacaq.
“Kaspi” liseyinin Bakıxanov filialından 564 min manatlıq mənimsəmə ittihamıyla həbs olunmuş T.Məmmədov və F.Möhbalıyevin işi üzrə istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Altı aydır ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır. Məhkəmədə dövlət ittihamını prokuror N.Bayramov müdafiə edir.
Onlar valideynlərindən vəsiyyətnamələrinin dövlət orqanlarına, Prezident və Birinci vitse-prezidentə də göndərilməsini istəyiblər.
“Salam, ata! Ola bilsin ki, bundan sonra sizinlə görüşmək nəsib olmadı. Bilirsiniz ki, məndə ölümlə nəticələnə biləcək hər hansı xəstəlik yoxdur. Odur ki, mən aclıq aksiyasına başladığım 02.10.2019-cu il tarixindən hər hansı səbəbdən ölsəm, bilin ki, məni öldürdülər. Ölümümə, hətta mənim ölüm həddinə çatdırılmağıma səbəb adlarını qeyd etdiyim şəxslərdir.Bu vəsiyyətnaməni ərizəmlə birlikdə başda Prezident və Birinci vitse-prezident olmaqla, adları qeyd olunan dövlət qurumlarının rəhbərlərinə göndərin ki, mənim ölümümdən sonra da olsa, adlarını çəkdiyim şəxslər başqalarının başına bu hadisəni gətirə bilməsinlər. Bu vəsiyyətnaməni yazmağıma səbəb odur ki, həbsdə olduğum 1 il ərzində dəfələrlə işimə ədalətsiz və qərəzli baxılması ilə bağlı müraciətlər etsək də, yaxşılığa doğru heç bir xeyri olmadı”, – deyə F. Möhbalıyev vəsiyyətnaməsində yazıb.
T.Məmmədov isə məsuliyyət daşıyanlar sırasında digər şəxslərlə yanaşı, “Kaspi”nin direktoru Elnur Əliyevin də adını çəkib:
“Salam, atam və anam. Düşünürəm ki, bu günə qədər sizin başınızı aşağı salacaq pis əməlim olmadı. Başıma gələn bu iyrənc oyunun günahkarı “Kaspi” liseyinin direktoru Elnur Əliyev və təsisçisi Sona Vəliyevadır.
Sizi xəbərdar etmək istədim ki, mən məhkəmə prosesi düzgün aparılmadığı, qərəzli və ədalətsiz olduğu üçün müddətsiz aclıq aksiyasına başlayıram. Odur ki, mənə nəsə olsa, günahkarları tanımağınızı istəyirəm.
Mən ölümü göz önünə alaraq, aclıq aksiyasına başladım. Ölümümə səbəb olan insanlardan qisasımı siz ala bilməsəniz də, narahat olmayın. Allah bəlalarını verəcək. Ailəm və iki övladım öncə Allaha, sonra sizə əmanət. Haqqınızı halal edin. Haqqım varsa, mən də halal edirəm”.
Bu şəxslər müxtəlif dövlət orqanlarına məktublar da göndəriblər. Yazıblar ki, onların işi üzrə istintaq da, məhkəmə də qərəzli aparılıb. Məhkəmədə vəsatətlərinin heç biri təmin olunmayıb:
“Dəfələrlə bununla bağlı dövlət orqanlarına, Prezidentə, Birinci vitse-prezidentə məktublar yazsaq da, bizi həbs etdirən şəxs Əli Həsənov olduğuna görə şikayətlərimizə baxmayıb. Hətta bəzən bizim özümüzə Əli Həsənovdan çəkindiklərini açıq şəkildə deyiblər”.
Həmçinin Bakı İstintaq Təcridxanasının rəisi Elnur Əliyevə də ərizə yazıblar ki, aclıq etdikləri müddətdə onların həkim nəzarətində saxlanmasını təmin etsin.T.Məmmədov və F.Möhbalıyev ölüm aclığına başladıqlarını oktyabrın 2-də məhkəmədə özləri də bəyan ediblər.
Məhkəmədə əvvəlcə hakim Azər Paşayev cinayət işinin materiallarındakı sənədləri elan edib. Audit Mübariz Məhərrəmovun tərtib etdiyi rəy elan olunanda vəkillər bir daha Sona Vəliyevanın məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıblar. Bildiriblər ki, təqsirləndirilən şəxslərə 564 min manatı mənimsəməklə bağlı ittiham S.Vəliyevanın tərtib etdiyi iki sənəd əsasında verilib. Audit rəyində də S.Vəliyevaya verilən, onun harasa köçürdüyü pullardan bəhs olunur. Lakin ortada heç bir sənəd-sübut yoxdur, yalnız onun özünün qeydləridir. Üstəlik, nə istintaq onu dindirib, nə də məhkəmə dindirir.
Təqsirləndirilən şəxslər və vəkillər məhkəmənin də S.Vəliyevadan, onun həyat yoldaşından çəkinib, obyektiv araşdırma aparmadığını vurğulayıb. Liseyin nümayəndəsi məhkəmədə onların adlarının çəkilməsinə etiraz edib.
“Bəs kimin adını çəkək? Biz oktyabrın 16-dan 30-na qədər Əli Həsənovun bir zəngi ilə “bandotdel”də saxlanmışıq. Heç yerdə də qeyd olunmayıb. Belə dərəbəylik olar? Guya audit mənim iştirakımla keçirilib. Mən həmin vaxt “bandotdel”də olmuşam, oktyabrın 24-də tərtib olunan sənədi necə görə bilərdim?”, – deyə təqsirləndirilən T.Məmmədov bildirib.
T.Məmmədov əlavə edib ki, həbsindən sonra onun pulu, maşını əlindən alınıb. Amma onlar ziyanın ödənilməsi kimi rəsmiləşdirilməyib.
Hakim onun sözünü kəsərək, məhkəmənin bütün sübutlara sonda qiymət verəcəyini bildirib. Təqsirləndirilən şəxslər isə ona inanmadıqlarını söyləyiblər:
“Obyektiv qiymət verən olsaydınız, heç olmasa, bir vəsatətimizi təmin edərdiniz”.
Hakim S.Vəliyevanın dindirilməsi barədə vəsatəti bu dəfə də təmin etməyib.
F.Möhbalıyev bu işin yenidən araşdırılmaq üçün istintaqa qaytarılması barədə vəsatət qaldırıb:
“İnanın, geci-tezi var, ilk imkandaca özümə qəsd edəcəm, qanımı tökəcəm. Buna görə də birinci günahkar Əli Həsənov və Sona Vəliyeva, ikinci günahkar prokuror və sizsiniz”.
Prokuror bildirib ki, müdafiə tərəfinin vəsatətilə iş yalnız məhkəmənin hazırlıq iclasında istintaqa qaytarıla bilər. Sonrakı mərhələdə isə geri qaytarılması üçün təqsirləndirilən şəxsin əməlində ağırlaşdırıcı hal müəyyən olunmalıdır. Bu halda, ya prokurorun, ya da zərərçəkmiş tərəfin vəsatəti əsasında qaytarıla bilər. İndiki halda isə, bunlar yoxdur.
Hakim işin təkrar araşdırma üçün prokurorluğa qaytarılması barədə bu vəsatəti də təmin etməyib.Daha sonra məhkəmə istintaqının yekunlaşması məsələsi müzakirəyə çıxarılıb. Prokuror deyib ki, hələ xeyli əvvəldən bunun tərəfdarıdır. Təqsirləndirilən şəxslər və müdafiəçiləri isə etiraz edib. Bildiriblər ki, yetərincə araşdırma aparılmayıb, mütləq S.Vəliyeva dindirilməlidir.
Etirazlara baxmayaraq, məhkəmə istintaqının yekunlaşması barədə qərar çıxarılıb.
Məhkəmə prosesi oktyabrın 11-nə qədər təxirə salınıb. Həmin gün prokuror onlara cəza istəyəcək.
T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib. F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.