Ötən il 10.7 faiz şəxs minimum əməkhaqqından aşağı maaş alıb
2022-ci il Azərbaycanda 10.7 faiz şəxs minimum əməkhaqqından aşağı maaş alıb.
Ölkə üzrə orta aylıq əməkhaqqından aşağı maaş alanların payı isə 72.8 faiz olub.
“Baku Research Institute”nun araşdırmasına görə, ölkə üzrə inzibati və yardımçı xidmətlərin göstərilməsi sektorunun işçilərinin 91 faizi orta aylıq əməkhaqqından aşağı maaşa çalışıb.
İkinci sırada kənd, meşə təsərrüfatı və balıqçılıq sektorunda çalışanlar gəlir – 87.2 faizi aşağı əməkhaqqına işləyib.
Üçüncü sırada nəqliyyat vasitələrinin təmiri sektorunun əməkdaşlarıdır – bu sahədə işləyənlərin 86 faizindən çoxu orta aylıq əməkhaqqından aşağı maaş alanlardır.
2022-ci ildə minimum əməkhaqqı 300, orta aylıq əməkhaqqı isə 834.4 manat olub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun 85.1 faiz işçisinin də maaşı 834 manatdan aşağı olub. Həmçinin istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət göstərənlərin 84.1 faizi orta aylıq əməkhaqqından aşağı maaşa çalışıb.
2023-cü ilə gəlincə, ilk 8 ayda muzdla çalışan işçilərin orta aylıq maaşı 923 manat olub.
Dövlət Statistika Komitəsinin (DSK) ölkədəki əməkhaqqı ilə bağlı yaydığı ən son məlumatda belə deyilir.
Qeyd edilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artım deməkdir.
923 manatlıq maaş 1706,6 min nəfərə aiddir. Onlardan 887,7 min nəfər dövlət sektorunda, 818,9 min nəfər isə qeyri-dövlət sektorunda çalışır.
Cənubi Qafqaz regionunun digər ölkəsi olan Gürcüstanda 2023-cü ilin birinci rübündə orta aylıq əməkhaqqı 1716.6 lari (1084.34 manat) olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,7 faiz və ya 270.1 lari artım deməkdir.
2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanda orta aylıq əməkhaqqı 269.729.000 dram (1145 manat) olub.
Məlumatlardan görünür ki, Azərbaycandakı orta aylıq əməkhaqqı qonşularına baxanda, aşağıdır. Üstəlik, ölkə üzrə çalışanların 72.8 faizinin maaşı heç orta aylıq əməkhaqqına çatmır.