Ölkə başçısının qızı Arzu Əliyevanın şirkətinə ayrılan milyonlar

Arzu Əliyeva, foto: Heydər Əliyev Fondu

Qalib şirkətlə Kino Agentliyi arasında toplamda 1 285 000 manat məbləğində müqavilələr imzalanıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (bundan sonra – nazirlik) tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) 2 tenderə yekun vurub. 

2 ədəd tammetrajlı sənədli filmin istehsalı “Baku Media Mərkəzi” MMC (VÖEN – 1402552521) şirkətinə həvalə edilib.

Qalib şirkətlə Kino Agentliyi arasında toplamda 1 285 000 manat məbləğində müqavilələr imzalanıb.

Satınalma predmeti və məbləğlər aşağıdaki kimi müəyyənləşdirilib:

Mənbə: Fed.az

Bu müqavilələr üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Kino Agentliyi maliyyə vəsaitini ötən il keçirdiyi film layihələri müsabiqəsinə əsasən ayırıb.

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergilər Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında “Bakı Media Mərkəzi” MMC barədə bilgilər ictimaiyyət üçün açıq deyil. Lakin mətbuatda qeyd olunur ki, 25.06.2013 tarixindən fəaliyyətə başlayan şirkətin təsisçisi və prezidenti Arzu Əliyevadır. Arzu Əliyeva istər Azərbaycanda, istərsə beynəlxalq arenada şirkətin rəhbəri kimi təqdim və təmsil olunur

Mənbə: e-taxes.gov.az

Bu şirkət dövlət reyestri məlumatlarında qeyd olunmasa da, vergi ödəyicisinin tarixçəsi hissəsində müəyyən edilir. Lakın orada belə “Qanuni təmsilçilər” hissəsi boş görünür. Amma şirkətin hüquqi ünvanı qeyd olunub, Bakı, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 9. Bu ünvan araşdırmaçı jurnalistlərə çox tanışdır. 

Bu ünvanındakı hündürmərtəbəli biznes mərkəzində, bir qayda olaraq, “AtaHolding” və “Synergy Group” kimi iri şirkətlər qruplarına bağlı olan kommersiya qurumları yaradılır. 

Məsələn, “AZECOFARM” MMC – (VÖEN: 1403345771) – Şirkət 2015-ci ildə 10 min manat kapitalla təsis olunub. Hüquqi ünvanı: Bakı şəhəri, Süleyman Rüstəm, ev 9-dur. Həmin ünvanda “Ata Holdinq”ə aid digər şirkətlər qeydiyyatdan keçib. Holdinqin əsas payçısı Prezidentin oğlu Heydər Əliyevdir.

Rəsmi dövlət qurumları tərəfindən keçirilən tender müsabiqələrinin qalibi mütəmadi şəkildə ölkə başçısının qızı Arzu Əliyevanın şirkəti müəyyən edilir. Belə ki, 2022-ci il 31 avqust tarixində Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi də “Bakı Media Mərkəzi” MMC olub. Agentlik görüləcək xidmətlərin qarşılığında şirkətə 6 milyon 30 min 258 manat 89 qəpik vəsait ayırıb.

Dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, Arzu Əliyevanın şirkəti son 5 ildə dövlət qurumlarından 5 tender udub. Ümumilikdə şirkətə 1.295.333,2 AZN vəsait ayrılıb.

Mənbə: etender.gov.az

Ana səhifəAraşdırmaÖlkə başçısının qızı Arzu Əliyevanın şirkətinə ayrılan milyonlar