Öldüyü deyilən şəxs saxlanılıb

Foto: Meydan TV

Yaxınları: “O, sənəd üzərində direktor idi, qərar verən deyildi”

Yarım il əvvəl Sabirabadda avtomobilin içində yanıb öldüyü güman edilən şəxs Bakıda Yasamal rayonu ərazisində tutulub. Söhbət 1980-ci il təvəllüdlü Rafət Qəniyevdən gedir.

Hadisə 2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Bulduq kəndində baş verib. Sabirabad-Qaragüney yolunda yanmış avtomobil aşkarlanıb, içində də sümüklər olub. Araşdırma zamanı aydınlaşıb ki, yanmış avtomobil Rafət Qəniyevə məxsusdur.

Avtomobildən tapılan sümükləri Rafət Qəniyevin yaxınları dəfn edib, hüzr mərasimi keçiriblər. Lakin o, 6 ay sonra – iyunun 3-də Bakıda tutulub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rafət Qəniyev “Caspian İnşaat MB” Mənzil Tikinti Kooperativinin direktoru olub. Həmin şirkətin Bakıda inşa etdiyi binadakı eyni mənzillər bir neçə nəfərə satılıb.

“Rafət Qəniyev cinayət məsuliyyətindən yayınmaq üçün avtomobili qəsdən yandıraraq, içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atıb və özünün yanıb ölməsi görüntüsü yaradıb. Sabirabad Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Rafət Qəniyevin olduğu yer müəyyən edilərək saxlanılıb. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir”, – Baş Prokurorluğun məlumatında bildirilir.

Rafət Qəniyevin yaxınlarından biri Meydan TV-yə bildirib ki, onun adı tikinti şirkətinin direktoru kimi rəsmiləşdirilsə də, əslində, bu, formal xarakter daşıyıb:

“O, sənəd üzərində direktor idi. Qərar verən o deyildi. Onun bina tikməyə pulu hardandı? Mənzilləri satan da o olmayıb. Sadəcə, sənədlərdə onun imzası var deyə, bədbəxt oldu. “Özünü öldürmək” məsələsi də heç bəlkə onun ağlının məhsulu olmayıb. Bu işi tək Rafətin üstünə atmaqla olmaz. Hüquq-mühafizə orqanları ədalətlidirsə, arxasında dayananları araşdırsınlar”.

Ana səhifəBölgəÖldüyü deyilən şəxs saxlanılıb