Oğurlanmış gələcək…

Detdom uşaqlarının sonrakı taleyi…

Source:

– Zaur, bu, nə kitabdır?

– “Sosiologiya”. Cəmiyyət haqqında elm deməkdir.

– Hə, mən də elə bildim, soskalar haqqındadır. Deyirdim, oxuyardıq. Heyf.

Bu qısa dialoqdan yəqin aydın olar, türmədə olmaq həm də mənəvi həbsdə olmaqdır. Bu atmosferdə çox kitab da oxumaq olmur ki, ətrafdan biraz ayrılasan. O gün istədim stoldan qalxıb, kitab rəfinə yaxınlaşım. Qalxmaq istəyirdim ki, 19 yaşlı uşaq əlini mənim çiynimə qoyub, öz yaşıdı olan başqa uşağa dedi: “Brat, sənin pul verib, keçdiyin qapıdan mən salam verib, keçirəm.”

Son 3 kəlməni hər ikisi xorla dedi. Di gəl, bundan sonra kitab oxu. Ölkədə savadsızlığın səviyyəsi təsəvvür etdiyimizdən də dəhşətlidir. TQDK-nın açıqladığı statistika da reallığın yanında toya getməlidir. “Ara uşaqları” deyilən anlayış var. Uşaqlar kütləvi şəkildə İnzibati Xətalar Məcəlləsində qeyd olunana bənzər avaralıqla məşğuldular. Bəziləri ağılları kəsəndən bu işə başlayırlar – 8-10 yaş.

Hərənin öz ərazisi var. Gündəlik oğurluq, soyğunçuluq və quldurluqla məşğul olurlar (son ikisinə birlikdə “razboy” deyirlər). Bu “məşğulat”ı cəm şəkildə “işləmək” adlandırırlar. Biri o birisinin ərazisində işləməz. Bunun qəribə səbəbi var. Çünki polis onları tanıyır, mütəmadi onları ilişdirib, pulların alır. Əgər bir ərazidə oğurluq və ya ”razboy”dan şikayət olsa, polis əməlin kimin törətdiyini nəzərə almadan həmin ərazidə “işləyən” uşaqları tutur. Ona görə də “ara uşaqları” digərinin ərazisində “iş görməyə ” “padlo” baxırlar.

Onların bir qismi yetimdir. ”Detdom” uşaqları və ya “Detdom”a düşmədən valideynləri, yaxud qohumları tərəfindən atılanlar. Bir qismi isə ailədə qalan, lakin məktəbi adətən yarımçıq buraxıb, “işləyən”lərdir. Bunların da çox vaxt valideyinlərindən biri olmur, ya da türmədə olur. Yəni “ailə tərbiyəsi” görməmək bunların ümumi xüsusiyyətidir.

Digər xüsusiyyət isə, dövlətin də verməli olduğu tərbiyəni görməmələridir. Məktəblərin biabırçı vəziyyətdə olmağı 9-cu sinifdən məktəbi tərk edənlərin məhz “ara uşaq” kimi yetişmələrinə səbəb olur. Bu və digər xüsusiyyətlərin formalaşmasının ən əsas səbəbi isə ölkədəki mövcud şəraitin tələbidir. Onlar sadəcə ətraf mühitə uyğunlaşırlar (Azərbaycanda sosial darvinizm haqqında yazı yazmaq istədiyimdən, burada qısa yazacam). Bir dəfə söhbət əsnasında ara uşaqlardan biri mənə dedi: “Brat, mən oğurluqla gündə 100-200 qazanıram. Normal iş tapsam, nə olacaq? Uzaqbaşı aya 300-400 manat maaş. Sərf eləmir, brat!”

Düzdür, ona haqsız olduğunu dedim. Daha az qazansa da, halal pul qazanmağın gərəkli olduğunu dedim. Amma onun da sözündə həqiqət var. Bu həqiqət sadə bir aksiomda əks olunur: “Oğru və quldurlar kimi davrananların idarə etdiyi ölkədə yaşamaq üçün ən əlverişli və sərfəli vasitə oğurluq və quldurluqdur”. Bu düz məntiqi ən yaxşı qəbul edənə beyin isə təhsildən, savaddan azad, mentalitetlə – 1000 illərin kölə mentaliteti, başçılara sözsüz tabeçilik və başçını təqlid etmək mentaliteti ilə yuklənmiş beyindir. Neftin oğurlanması bu nəhəng oğurluğun qarşısında nədir ki?!

Azərbaycan gəncliyinin gələcəyi, inkişaf perspektivləri, xilas şansları da oğurlanıb. Bəzənsə zorla alınıb, yəni quldurluq edilib. Neftin, qazın itirilməsi ilə dəyən iqtisadi zərəri ölçmək, bəzən gələcəkdə ödəmək mümkün olur. Amma “ara uşaqları” adlı beyin itkisini heç vaxt nə hesablamaq, nə də ödəmək mümkün olacaq.

Zaur Qurbanlı

09.08.2013

BİT

Ana səhifəMənim FikrimcəOğurlanmış gələcək…