“Oğurlanan pulların xaricə daşınması Azərbaycanın müstəqilliyinə təhdiddir”

“İlham Əliyev demişkən, ölkə hökuməti xarici qüvvələrin əlaltısı olur və Azərbaycanda söz sahibi xarici generallar olurlar”

Source: Meydan TV


Qorxmaz Əsgərov: “Buna neokolonializm demək olar”

“Böyük Britaniya qanunları digər ölkədən oğurlanan vəsaitlərin həmin ölkəyə qaytarılmasına imkan verir”.

Bunu ABŞ-da yaşayan politoloq Qorxmaz Əsgərov öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, mənşəyi məlum olmayan pullarla “National Crime Agency” (NCA) adında çox iri səlahiyyətlərə malik bir dövlət qurumu məşğul olur. Onun sözlərinə görə, cinayət nəticəsində əldə olunduğuna dair şübhələr olanda bank hesablarına, əmlaka həbs qoyulur.

“Sonra həmin vəsaitə iddia edə biləcək tərəflər məhkəmə qaydasında müraciət edib həmin pula/əmlaka olan iddialarını irəli sürə bilərlər. Belə tərəf olmayanda, müsadirə olunanlar dövlətə qalır. ABŞ-da da eyni qaydadır. Üstəlik, Amerikada “Foreign Corrupt Practices Act” imkan verir ki, xarici ölkələrin korrupsioner sxemlərində iştirak etmiş qurumlar (banklar, şirkətlər, hüquq firmaları və s.) barədə həm cinayət işləri, həm mülki iddialar qaldırılsın”.

Qorxmaz Əsgərov hesab edir ki, Azərbaycandan korrupsiya yolu ilə oğurlanıb, ölkədən çıxarılmış pulların qaytarılması üçün hökumət özü dirəniş göstərmək istəmir. Politoloq postsovet məkanında oxşar hadisələrin olduğunu və pulların geri qaytarıldığını xatırladıb:

“Qırğızıstandan keçmiş prezident Bakiyevin oğurladığı və oğlunun adına yazdırdığı 6 milyon dolları ABŞ rəsmi Bişkekə qaytardı. İsveçrə hökumətinə dirəniş göstərən Özbəkistan hökuməti keçən il keçmiş prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın xaricə daşıdığı pullardan 130 milyon İsveç frankı (133 milyon dollar) qaytarmağa nail olub”.

Qorxmaz Əsgərovun fikrincə, Azərbaycan hökuməti belə bir təşəbbüsdə olmayıb:

“Xarici işbazlar da belə görünür ki, oğurluq pulların bir hissəsini kampaniya qaydasında ifşa edib digər hissəsi haqqında susmaqla mürəkkəb bir şantaj oyunu aparırlar. Ona görə qabağımıza çıxan ifşa məlumatları yarımçıq olur və ifşa yazılarının dərc edildikləri ölkələrin hüquq mühafizə orqanları tərəfindən düz əməlli araşdırılmır. Azərbaycan xalqı geniş təzyiq kampaniyasına start verməlidir ki, ədalətin paslanmış çarxları yavaş-yavaş hərəkətə gəlsin. Əliyev rejimi məmurlarının daşıyıb xaricə yığdıqları pulların iri bir hissəsi Qərb ölkələri yurisdiksiyasındadır. Bu ölkələrdə isə ictimai fəallıq, hüquqi proses müəyyən nəticələr verə bilər”.

O, ilkin addım kimi, Azərbaycanda hüquqşünaslardan, siyasi-ictimai xadimlərdən, iqtisadçı-maliyyəçi ekspertlərdən ibarət geniş bir koalisiya yaratmağın vacibliyini vurğulayıb:

“Oğurlanan pulların təqribi dairəsini müəyyənləşdirmək olar. Ən azı keçmiş məmurlar var ki, onların korrupsiya əməlləri, cinayətləri Azərbaycan məhkəmələri tərəfindən təsdiqlənib. Bu məmurlara aid pulların ifşasını Qərb mətbuatında yazılanlarla əlaqələndirmək olar. Azərbaycan hökumətindən tələb etmək olar ki, bu vəsaitlərin aşkar olunduqları hökumətlərə rəsmi müraciətlə iddia qaldırsın. Yaranacaq koalisiya özü qeyri-qanuni vəsaitlərin aşkarlandığı ölkələrin hökumətlərinə də açıq müraciət edib oğurluq pulların şəffaf araşdırılmasını tələb edə bilər”.

1CA0BECE-F86D-49AD-8A40-7D5261DEEC00_w1200_r1.jpg
Qorxmaz Əsgərov

Qorxmaz Əsgərov hesab edir ki, ölkə vəsaitləri davamlı şəkildə xaricə çıxarılırsa, bütün Azərbaycan elitası həmin bu banklarda onların pullarına əl qoya biləcək qüvvələrdən çox asılı bir vəziyyətə düşür:

“İlham Əliyev demişkən, ölkə hökuməti xarici qüvvələrin əlaltısı olur və Azərbaycanda söz sahibi xarici generallar olurlar. Oğurluğun miqyası artdıqca, bu işdə daha çox xarici işbaz, iri banklar, siyasi təsir mərkəzləri iştirak etməyə başlayır. Bu proses iri miqyasda davam etdikcə vəziyyət elə dəyişir ki, Azərbaycanı soyub-talayan, camaatını lüt-üryan qoyan elə bu xarici banklar, xarici işbazlar, xarici hökumətlərin korrupsioner məmurları olurlar. Azərbaycandakı yerli hökumət isə, başda müstəqillikdən dəm vuran İlham Əliyev olmaqla, çevrilib olur onların yerdəki iş icraçısı. Buna müstəmləkəçiliyin yeni bir üsulu, neokolonializm də demək olar”.


Azərbaycan məmurlarının xarici ölkələrdə biznesləri, mülkləri barədə Qərb mətbuatının yazdıqlarından bir hissə

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (

OCCRP

) üzə çıxardığı araşdırmaya görə

s

onuncu belə məqalə Böyük Britaniyanın “The Guardian” qəzetində 5 il əvvəl ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudovun övladlarının 100 milyon dollarlıq biznes imperiyası haqqındaydı. Digər bir yazı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun övladlarının 4 milyon dollar dəyərində iki mənzil alması haqqında olub. Bundan əvvəl isə hazırda həbsxanada olan Beynəlxalq Bankın sabiq prezidentin Cahangir Hacıyevin həyat yoldaşı

Zamira Hacıyeva

ilə bağlı London məhkəməsində aparılan iş Azərbaycan ictimaiyyəti üçün maraq doğurmuşdu.

Bütün bu olaylar hazırda sosial şəbəkələrdə və mediada müzakirə obyektinə çevrilib.


“Nəzarətsizlikdən istifadə edərək belə hallara yol verilib”

Azərbaycanın hüquq-mühafizə orqanları yerli və xarici mətbuatdakı məqalələr barədə bu günə qədər heç bir reaksiya verməyiblər.

XİN mətbuat xidməti Elmar Məmmədyarovun övladları barədə suala “nazir Məmmədyarovun şəxsi işləri haqda suallara cavab verilmir” şəklində reaksiya verib.

Hakim partiyadan olan deputat Aydın Mirzəzadə BBC News Azərbaycancaya Eldar Mahmudov barəsində deyib ki, bu məsələ ilə bağlı “araşdırma aparılmalıdır”:

“Görünür, nəzarətsizlikdən istifadə edərək belə hallar ortaya çıxıb. Məhz bunlara görə də o, zamanında vəzifədən götürüldü, indi də əməlləri araşdırılır. Səlahiyyətli orqanlar bu məsələni araşdırmalıdır və yəqin ki, bu məsələ ilə məşğul olurlar”.


Ekspert rəyi

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl:

“Ölkədən xaricə pulların daşınması təhlükənin artıq baş verdiyini təsdiqləyir. Çünki pullar xarici banklardadır. Məsələ ondadır ki, ölkənin iqtisadiyyatına qoyulması lazım olan vəsaitlər kənara çıxarılıbsa, bu, təhlükədir. Burda 10, 100 1000 yox, yüz milyonlarla dollardan söhbət gedir. Bu, hələ məlum olanlardır və dəryada bir damladır. Həmin vəsaitlərin Azərbaycana qaytarılmasının bir neçə mümkün variantı var. Əvvəla, pullarını xaricə yatıran indiki və keçmiş məmurlar hələ ölkədən çıxmayıbsa, hakimiyyət onları məcbur etməlidir ki, pulları qaytarsınlar. ABŞ və ya Böyük Britaniya könüllü olaraq vəsaitləri Azərbaycan hökumətinə verməyəcək. Qərb mediasında yayılan bir xəbərdən məlum oldu ki, hansısa nazirin və həyat yoldaşının 17 milyon funt strelinq vəsaitinə həbs qoyulub, geri qaytarılması istiqamətində hansısa addımlar atlılır. Ancaq problem ondadır ki, Azərbaycanda müsadirənin şəffaflığı olmayıb. Biz bilmirik ki, icra başçılarının evlərindən çıxan vəsaitlər hara getdi”.

İlham İsmayıl
İlham İsmayıl

Siyasi icmalçı Azər Qasımlı:

“Düşünmürəm ki, xaricdəki pullar Azərbaycana təhdid olsun. Çünki indiki və keçmiş məmurlar pullarının çox olması səbəbindən xaricə köçürüblər. Onlar ölkədə mülkiyyət hüququnun qorunmadığı yaxşı bilirlər. Belə olan halda siyasi rejim dəyişməsə də, bu adamlar vəzifələrini itirsələr, əmlaklarına təhlükə yaranır. Təbii ki, həmin adamların Azərbaycanda da əmlakları da var. Ancaq Azərbaycan iqtisadiyyatı o qədər böyük deyil ki, o qədər vəsaiti yatıra bilsinlər. Bu pullar Azərbaycan iqtisadiyyatına, investisiya proqramlarına yatırılsaydı, banklara, sahibkarlara kreditlər verilsəydi, insanlar qazanar, dövlət də vergi şəklində xeyir götürərdi. Xaricə daşınan vəsaitlərin ölkəyə qaytarılması üçün hakimiyyət dəyişməlidir.

Azer-Qasimli.jpg
Azər Qasımlı

İndiki hakimiyyət nə qaytarsa da, özünə götürəcək. Məhkəmə islahatı aparılmalı, bundan sonra istintaq araşdırması aparılmalıdır. Yerli və xarici ictimaiyyət Azərbaycan büdcəsinin dağıdıldığını görməlidir. Ardınca məhkəmə qərar verməli və xarici təşkilatlarla iş aparmaq lazımdır. Amma bunları etməzdən əvvəl məmurlara təklif olunmalıdır ki, vəsaitləri büdcəyə qaytarsınlar. Əgər etməyəcəklərsə, məhkəmə araşdırması aparılmalıdır. Bütün bunlar ağır prosesdir, hamını həbs etmək mümkün deyil. İqtisadi, maliyyə amnistiyasına getmək lazımdır”.

Ana səhifəSiyasət“Oğurlanan pulların xaricə daşınması Azərbaycanın müstəqilliyinə təhdiddir”