Şamaxı sakini işsizlikdən şikayətçidir
“Şamaxı Rayon Məşğulluq Xidmətinə getdim, dedilər ki, restoranda qabyuyan işlə. Restoranda qab yumaq da toy olandan-olana mümkündür, 10 manat pul verirlər. Ayda 4-5 toy ola, ya olmaya. O pulla ailə dolandırmaq olmaz axı”.
Bunu Meydan TV-yə Şamaxı şəhər sakini Gülcahan Xəlilova deyir. Söyləyir ki, dolanışıq üçün neçə yerə baş vursa da, heç bir nəticəsi olmayıb. Hazırda sovetlər dönəmində təsərrüffat birliyinin işçiləri üçün nəzərdə tutulan köhnə binada yaşayan şikayətçi ümidini hər yerdən üzüb:
“Evin də sənədləri yoxdur, icra hakimiyyəti tərəfindən verilib. Sığınacaq kimi yaşayıram. İki övladım – bir oğlum, bir qızım var. Qızım ailə qurub, oğlumsa subaydır, mənimlə yaşayır. İyirmi bir yaşı var, üçüncü qrup əlildir, irsi sümük xəstəliyindən əziyyət çəkir. Kollecdə oxuyur, illik ödənişi altı yüz manatdır. Xeyli vaxtdır, iş axtarıram, amma tapa bilmirəm”.
Gülcahan Xəlilova əvvəllər Türkiyənin Şamaxıda fəaliyyət göstərən “Kolin İnşaat Turizm Sanayi ve Ticarət” şirkətində işləyib:
“Sonra orada layihə bitdi. Deyiblər ki, tender elan ediləcək, sifarişçi olsa yenidən işçiləri geri çağıracaqlar, amma buna ümid etmirəm. Onlara inanıb, oturub gözləyə bilmərəm. Oğlumun aldığı 110 manat pensiya ilə iki adam necə dolansın? Daxili orqanlarım xəstədir deyə çox ağır fiziki işlə məşğul ola bilmirəm.
Şamaxı Rayon Məşğulluq Xidmətinə getmişəm, Şamaxı Rayon İcra Hakimiyyətində olmuşam. Bir sıra özəl şirkətlərə baş vurmuşam, iş yoxdur. Hamısı deyir ki, işçiyə ehtiyacımız yoxdur, indi qışdır, əksinə, ixtisarlar var.
Orta məktəbi bitirmişəm, ali təhsilm yoxdur. Hansısa şirkətdə silib-süpürmək işi versələr, yaxşı olar. İcrada dedim ki, məktəblərdə, xəstəxanalarda harda iş olsa, gedim işləyim. Bildirdilər ki, hazırda iş yoxdur, olanda deyərik. Əvvəllər qardaşım kömək edirdi, anam pensiyasını mənə verirdi. İndi onlarda da vəziyyət gərgindir”.
“Mənimki elə əvvəldən gətirməyib, iki uşağı hələ körpəlikdən tək böyütmüşəm”, – şikayətçi deyir:
“Ailə qurdum, qızım yaş yarımlıq olanda oğlanı doğdum. Həmin vaxtdan yoldaşımın valideynləri ilə aramızda soyuqluq yaranmağa başladı. Bakıda yaşayırdıq, evə qeydiyyatım da var idi. Həyat yoldaşımla aramızda heç bir problemimiz yox idi. Evdə ərə getməyən baldızım vardı. Dedilər ki, qardaşın onu alsın, biz də səni saxlayaq. Söz-söhbət böyüdü, ərim valideynləri ilə çox mübarizə apardı, amma gücü çatmadı. Görürdüm ki, bizdə alınmayacaq, münasibətlər pozulurdu. Onlar çox idi, mən isə tək. Axırda ərim onlara tabe oldu, məni evdən çıxardılar”.
Gülcahan Xəlilova deyir ki, 2008-ci ildə məhkəmə yolu ilə boşanıb: “Mənə yüngül kompensasiya təyin olundu. Məhkəmə qərarı ilə evdən mənə pay düşürdü. Hakim dedi ki, biz sizi o evə yerləşdirə bilərik, payın var, get yaşa. Amma sözün açığı, mən o adamlardan qorxurdum. İndi düşünürəm, nə yaxşı ki, oradan çıxmışam. Uşaqlarımı da özləri kimi tərbiyə edərdilər. Uşaqlara aliment kəsildi, qətnamə kağızı əlimdədir. Yoldaşım məndən ayrılandan sonra bir manat da olsun aliment ödəmədi. Rusiyaya getdi, sonralar eşitdim ki, bir taciklə evlənib, dörd uşağı var. İndi rəhmətə getdiyini deyirlər.
Necə yaşayacağımı bilmirəm, xəstəxanalarda qalmışam. Özüm bir yana, oğumun da səhhəti düzəlmir. İndi də həkim deyir ki, ürəyində problem var, müalicə yazıb, hamısı puldur. Lap başımı itirmişəm”.
Şamaxı Rayon Məşğulluq Xidmətindən Nemət Səlimov Meydan TV-yə bildirib ki, müraciət edən vətəndaşlara hazırda mümkün olan vakansiyalar təqdim olunur:
“Vətəndaş təklif edilən iş yerləri ilə razılaşmayanda, gözləməyini tövsiyə edirik. Gülcahan Xəlilovaya yanvar ayında yer boşalanda, vakansiya olan kimi köməklik edəcəyik. Hazırda restoran və kafelərdə qabyuyan işi var. Bu iş də onu qane etmir”.