Oğlu: Saleh Rüstəmli vəkili ilə görüşündən sonra “kars”a salınıb

Foto: Meydan.tv

Keçmiş icra başçısının aclıq aksiyasının 5-ci günüdür

1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmlinin beşinci gündür aclığı davam etdirdiyi bildirilir.

Oğlu Sezgin Rüstəmovun Meydan TV-yə verdiyi məlumata görə, aclığa başlayandan sonra saxlandığı cəzaçəkmə müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülən Saleh Rüstəmli orada cəza kamerasına (kars) salınıb. Bu barədə sabiq icra başçısının özü noyabrın 9-da ailə üzvlərinə məlumat verib.

Sezgin Rüstəmov bildirib ki, atası noyabrın 8-də Müalicə Müəssisəsində vəkili Bəhruz Bayramovla görüşdən sonra “kars”a salınıb. Onun sözlərinə görə, aclığı dayandırması üçün atasına təzyiq göstərilir, hədələnir:

“İki gün ərzində qida qəbul eləməsə, zorla yedizdiriləcəyi ilə hədələnib. Atam isə aclığı davam etdirəcəyini və beş gün sonra sudan da imtina edəcəyini bildirib”.

Saleh Rüstəmli heç bir cinayət törətmədiyi halda, üç ildən çoxdur həbsdə saxlanmasına, sifarişli məhkəmə qərarıyla bacı-qardaşının əmlaklarının, o cümlədən yarım əsrə yaxın yaşı olan ata evinin müsadirə olunmasına etiraz olaraq aclığa başladığını bəyan edib.

O bildirib ki, sona qədər aclığı davam etdirəcək:

“Hər iki halda buradan çıxacam: ya ölü, ya diri…”

Penitensiar Xidmət Saleh Rüstəmlinin aclıq etməsi barədə məlumatlara hələ reaksiya verməyib.

Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildən ailəsilə birlikdə Rusiyada yaşayır. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.

Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib.
Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Ana səhifəXəbərlərOğlu: Saleh Rüstəmli vəkili ilə görüşündən sonra “kars”a salınıb