“Oda”çılar – tikanlıqda şərqi deyənlər

Sənətkar üçün kopmromiss – özünü inkar eləmək, başqalarının çaldığına oynamaq deməkdi.

Source:

Son vaxtlar facebookda “Oda” teatrı ilə bağlı bir neçə status  dəyib gözümə. Tamaşaçıları, teatrın zirzəmidə yerləşməyinə təəssüflərini bildirirlər. Birində hətta boş stul tapmayanların döşəmədə oturduqları vurğulanmışdı. Eyni motivli söhbəti İlqar Cahangirə hörmət bəsləyən bir neçə sənət adamından da eşitmişəm: “O, səhnədə olmalı idi. Ode, gedib düşüb zirzəmiyə. Belə yaxşı oldu bəyəm?!”  və s.və i.

Mən bilmirəm, İlqar Cahangirin özü indi olduğu yerə necə baxır?! Bəlkə ürəyinin dərinliyində o zirzəmiyə tıxıldığına görə canı yanır?! Bəlkə haaa! Bəlkə qırmızı kreslolar düzülmüş böyük salonda, tamaşaçıdan dörd-beş pillə yuxarıda dayanan səhnədən uzaq düşməyinə peşmandı?! Şəxsən mən Azərbaycanda “Oda” kimi bir teatrın olduğuna sevinirəm.  Onların hər tamaşasına böyük məmnuniyyətlə gedirəm.

İndi “ay filan teatr filan zibilxanada yaranıb, sonra bütün dünyada məşhurlaşıb, ya da bəhmənkəs rejissor şöhrətə çatana qədər dilənçilik eləyib”  kimi ənənəvi misallar çəkməyəcəm. Ancaq o misalların hamısını birləşdirən bir şey var: azadlıq. Sənət həmişə azaddı, həmişə müxalifdi, həmişə anderqraunddu. Və ən, ən, ən vacibi- sənət kompromisləri sevmir. Onun özəlliyi insana özünüifadə imkanı, seçim azadlığı verməyidi. İstər Leni Rifenştal kimi mövcud ideologiyanı təbliğ eləsin, istər Spilberq kimi akulalardan, göydəngələnlərdən çəksin, istərsə də Antonioni kimi “cansıxıcı kinonun kralı” adını qazansın- bu, müəllifin şəxsi istəyi və qərarı olmalıdı.

Sənətkar üçün kopmromiss özünü inkar eləmək, başqalarının çaldığına oynamaq deməkdi. Xüsusilə də Azərbaycan kimi sənətin ən yaxşı halda “qaloçka” xatirinə olduğu, ən pis halda isə yalana xidmət elədiyi bir ölkədə. Azərbaycanda kompromisə getmək sənətə və deməli, özünə xəyanətdi.

Bu ölkədə teatrların sayını artırmaq yox, azaltmaq istəyirlər. İdarə eləmək asan olsun deyə.

Bu ölkədə kino incəsənət növü deyil, büdcədən  pul oğurlamaq vasitəsidi.

 Bu ölkədə “azacıq aşım, ağrımaz başım” prinsipilə yaşamaq çətindi. Vay o gündən ki, yaradıcı insan olasan, nəsə yaratmaq istəyəsən, “mən analoqu olmayan, zəngin bir ölkədə yaşayıram” deyib dövlətdən dəstək gözləyəsən. Ya da ondan da xırda bir arzuya düşəsən, məsələn, haqqın olanı istəyəsən. O dəqiqə tərəf seçməyi tələb eləyəcəklər. Daha doğrusu, onların tərəfini seçməyi, hər dəfəsində daha çox boyun əyməyi və günü-gündən kiçilməyi.

Bu ölkədə özünü qorumağın bircə yolu var. Soljenitsının “Yalansız yaşamaq” essesində dediyi kimi onların yalanına şərik olmamaq. Çünki “öz ruhunu qorumağa təpəri çatmayan adam, qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim, ya da general olmağı ilə lovğalanmasın. Qoy, özü özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun.”

Bəlkə sabah odaçılar o pəncərəsiz zirzəmidə oturmaqdan, gözlərini kor eləyən işıqların altında oynamaqdan yorulacaqlar?!  Bəlkə elə bir təklif alacaqlar ki, vaz keçmək mümkün olmayacaq?! Bu ölkədə belə “təkliflər” eləməyi bacarırlar- zor, ya xoş. Güman ki, onda təkcə məkan dəyişəcək. Tez-tez telekanallarda görünəcəklər, “ekspert” kimi məişət şoularına dəvət olunacaqlar, indikindən daha çox seviləcəklər. Sadəcə bu artıq döyülənlərin yox, döyənlərin “sevgisi” olacaq. Bax, onda təəssüfün yox, peşmanlığın nə demək olduğunu anlayacağıq.

Hələki “Oda”, ruhunu qorumağa çalışanların, yalana şərik olmaq istəməyənlərin, onunla mübarizə aparanların teatrıdı. Mübarizəyə təəssüflə baxmaq isə bütün yolları bağlamaq və yalana təslim olmaqdı.

Ana səhifəMənim Fikrimcə“Oda”çılar – tikanlıqda şərqi deyənlər