Cənubi Qafqaz üzrə xəbərlər hazırlayan müstəqil media platforması OC Media saytı Azərbaycanda bloklanıb.
Nəşrin məlumatına görə, iyunun əvvəlindən etibarən ölkənin müxtəlif bölgələrindən sayta daxil olmaq mümkün olmayıb. Sayt yalnız VPN vasitəsilə açılır. OC Media bildirir ki, Azərbaycandan sayta giriş statistikası da bloklanmadan sonra kəskin azalıb.
Nəşr hesab edir ki, bu addım ölkədə informasiya üzərində nəzarətin daha da gücləndirilməsi fonunda atılıb. OC Media-nın baş redaktoru Robin Fabbro Meydan TV-yə bildirib ki, bu addım “Azərbaycan hakimiyyətinin rəsmi xəttə uyğun gəlməyən istənilən informasiyaya qarşı getdikcə daha dözümsüz olması fonunda” çoxdan gözlənilən idi.
“Bu, bizim üçün zərbədir. Çünki 2017-ci ildə təsis olunduğumuzdan bəri Azərbaycanda kiçik, lakin sabit oxucu auditoriyasına çatmışıq. Bununla belə, əminik ki, senzuranı aşmaq üçün VPN və digər vasitələrdən istifadə etməyə böyük ehtimalla artıq yaxşı bələd olan oxucularımız yenə də bizim materiallarımızı oxuya biləcəklər”.
“Azərbaycan hökumətinin bizim reportajlarımızı təhlükəli hesab etməsi jurnalistlərin hələ də hakimiyyəti hesabatlı saxlamaq gücünə malik olduğunu göstərir”, – deyə o davam edib: “Eyni zamanda müstəqil jurnalistikanı, o cümlədən öz üzvlük proqramımız vasitəsilə dəstəkləməyin vacibliyini bir daha vurğulayır”.
Bununla belə, Azərbaycan hakimiyyəti OC Media-nın bloklandığı barədə açıqlama verməyib.
OC Media 2017-ci ildən fəaliyyət göstərən, Azərbaycan, Gürcüstan və Ermənistanla bağlı siyasət, cəmiyyət, insan hüquqları və digər mövzuları işıqlandıran ingilisdilli regional media platformasıdır.
Beynəlxalq Mətbuat İnstitutu (IPI) isə Azərbaycanın OC Media-nı bloklamasını pisləyərək bunu müstəqil mediaya qarşı növbəti təzyiq kimi qiymətləndirib.
Azərbaycanda saytların bloklanması prosesi 2017-ci ildə başlayıb.
2017-ci ilin mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarıyla “Azadlıq” radiosunun “azadliq.org”, “Azadlıq” qəzetinin “azadliq.info”, MeydanTV-nin “meydan.tv”, ölkə xaricindən yayımlanan Turan TV-nin “turan.tv” və “Azərbaycan saatı” televiziya proqramının “azerbaycansaati.org” saytları bloklanıb.
Bundan əlavə OCCRP kimi xarici medialara giriş məhdudlaşdırılıb.
2022-ci il fevralın 10-da Prezident İlham Əliyev “Media haqqında” Qanunun tətbiqi haqqında fərman imzalayıb.
Media Reyestrinin aparılması qaydalarının təsdiq edilməsi bir sıra müstəqil media qurumlarının, jurnalistlərin, redaktorların etirazına səbəb olub.
Son illərdə Azərbaycanda bir sıra müstəqil media orqanlarının internet resurslarına giriş məhdudlaşdırılıb. Eyni zamanda, hökuməti tənqid edən media qurumlarına qarşı cinayət işləri açılıb, onlarla jurnalist və media əməkdaşı həbs edilib. Hakimiyyət isə jurnalistlərin peşə fəaliyyətinə görə deyil, törətdikləri iddia olunan cinayət əməllərinə görə məsuliyyətə cəlb edildiyini bildirir.