Məhbusun bacısı: Qardaşım işgəncələrə dözməyib intihara cəhd etdi

O, hələ 6 saylı cəzaçəkmə müəssisəsində olanda da ürəyindən əməliyyat keçirmişdi.

Source: meydan tv


“Qalibi Kardiologiya İnstitutundan çıxarıb gətirib, “karsa” salıblar”

Bir vaxtlar “Azərbaycan Nəşriyyatı”nın direktor müavini işləmiş Qalib Məmmədbəyli 8 il yarımdır ki, həbsdədir. Ona verilmiş 9 il 3 aylıq cəzanın bitməsinə cəmi 9 ay vaxt qalıb. Yaxınları deyir ki, ona olan qərəzə görə vaxtından əvvəl buraxılmasına icazə verilmir. Baxmayaraq ki, səhhətində ciddi problemlər var, hətta bir müddət öncə cəzaçəkmə müəssisəsində infarkt keçirib, onu ağır vəziyyətdə “Ege hospital”a çatdırıb həyatını xilas ediblər.

Bacısı Zeynəb Məmmədova Meydan TV-yə danışır ki, Q.Məmmədbəyli ona qarşı işgəncələrə dözməyərək, iyulun 17-də 14 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində intihara cəhd edib.

Q.Məmmədbəyli ötən il dekabrın 6-na qədər 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılıb. Bacısı deyir ki, bu müddətdə həmişə daxili intizam qaydalarına əməl edib. Bunu nəzərə alaraq, məhkəmə qərarıyla onun cəza rejimi yüngülləşdirilib – Bakı Apelyasiya Məhkəməsi onun cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanmasına qərar verib. Q.Məmmədbəyli 14 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Z.Məmmədovanın sözlərinə görə, qardaşının bu müəssisədə də davranışı nümunəvi olub, heç bir qayda pozuntusuna yol verməyib, ona iki dəfə həvəsləndirmə tədbiri tətbiq olunub. Amma bu ilin mayından başlayaraq, müəssisə rəhbərliyi və əməkdaşlarının ona münasibəti kəskin dəyişib:

image_from_ios (7).jpg
Qalib Məmmədbəyli

“Qalibə qarşı qanunsuz hərəkətlərə yol verməyə başlayıblar, ayrı-seçkiliyə məruz qoyublar. Rəsmi sənədlərə görə, o müəssisədə 100-dən çox məhbus olmalıdır. Ancaq məhkumun normal saxlanması üçün şərait olmadığına, yemək verilmədiyinə görə adamları da orada saxlamırlar, sadəcə, adları gedir. Müəssisə rəhbərliyi yalnız Qalib Məmmədbəylini elə bir şəraitdə saxlayır. Təsəvvür edin, orada adama nə yemək verirlər, nə normal yatmağa şərait var, nə də yuyunmağa. Belə bir vəziyyətdə əsəbləri dözməyib, infarkt keçirib. O, hələ 6 saylı cəzaçəkmə müəssisəsində olanda da ürəyindən əməliyyat keçirmişdi. Yəni bunlar bilirdilər ki, sağlamlığında ciddi problemlər var, amma yenə də ona elə davranırdılar. Qardaşımı təcili tibbi yardım maşını ilə “Ege Hospital”a aparıblar. Bir müddət orada müalicə alandan sonra Kardiologiya İnstitutunda stasionar qaydada müalicəsini davam etdirib. İyulun 17-də isə müəssisənin əməkdaşları Qalibi Kardiologiya İnstitutundan çıxarıb gətirib, “karsa” salıblar. O da bu işgəncələrə dözməyərək, intihara cəhd edib”.

Z.Məmmədova deyir ki, bütün bunlar bir yana, üstəlik müəssisə rəhbərliyi Q.Məmmədbəylinin cəza rejiminin ağırlaşdırılması üçün məhkəməyə təqdimat verib. Təqdimata Abşeron Rayon Məhkəməsində baxılıb. Hakim Vaqif Həsənov iyulun 31-də təqdimatı təmin edib – Q.Məmmədbəylinin ümumi rejimli cəzaçəkmə müəssisəsinə qaytarılmasına qərar verib.

image_from_ios (5).jpg
Qalib Məmmədbəyli

Məhkəmə iclasında əsəbiləşən Q.Məmmədbəylinin durumu pisləşib, o, huşunu itirib, məhkəməyə Təcili Tibbi Yardım çağrılıb:

“Həkimlər onu xəstəxanaya aparmaq istəyəndə 14 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinin əməkdaşları qoymadı. Onu məhkəmədən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına apardılar”.

Abşeron Rayon Məhkəməsinin sözügedən qərarından apelyasiya şikayəti verilib. Yaxın vaxtlarda məsələyə Sumqayıt Apelyasiya Məhkəməsi baxıb qərar verəcək: “Ümid edirik ki, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri vicdanları qarşısında utanıb Qalib barədə ədalətli qərar qəbul edəcəklər”.

Penitensiar Xidmətdən isə bildirilib ki, məhkumlara münasibətdə heç bir ayrı-seçkiliyə yol verilmir.

Q.Məmmədbəyli özünü təqsirli bilmir, vətəndaşların aldadılmasıyla heç bir əlaqəsi olmadığını deyir.

image_from_ios (8).jpg
Qalib Məmmədbəyli
Ana səhifəSosialMəhbusun bacısı: Qardaşım işgəncələrə dözməyib intihara cəhd etdi