“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Librenin (Qəhrəmanlı) səhhətinin yaxşı olmadığı və zorakılığa məruz qaldığı bildirilib.
Bu barədə jurnalistin həyat yoldaşı Əsli Əlizadə sosial mediada məlumat paylaşıb.
Əsli Əlizadə bildirib ki, Nurlan Libre zorakılığa məruz qalır və həkimlər onu müayinə etmir. Onun sözlərinə görə, fevralın 6-da Librenin əlini qandallayaraq məhkəməyə gətiriblər.
“Bu gün (fevralın 9-u. -red.) Nurlanı görməyə getmişdik. Şüşə arxasında ilk görəndə tanımadım, bir dəri-bir sümük qalıb. Həkim nəzarətində qalmalı olduğu vaxtda zorakılığa məruz qalır. Məhkəmə günü yuxudan oyadılıb, əynini düz-əməlli geyinməyə imkan vermədən əllərini qandallayıb sürüyərək tək maşına mindirib məhkəməyə gətiriblər. Məhkəmə boyu qandalları çıxartmayıblar, əllərində qandalın izi hələ də qalır”, – deyə Əlizadə yazıb.
Həyat yoldaşı deyir ki, Nurlan Libre zorakılığın davam edəcəyi halda özünə qəsd edəcəyini vurğulayıb.
“Növbəti dəfə belə zorakılığa məruz qalacağı təqdirdə, özünə qəsd edəcəyini deyir. Nə qədər sakitləşdirməyə çalışsam da, mümkün olmadı”, – deyə Əsli Əlizadə sosial mediada paylaşdığı statusunda bildirib.
Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir.
Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.
Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir.
2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub.
“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.