Nurlan Libre: “Aclıq aksiyasına görə təhdid edildim, işgəncə kamerasına salındım”

Nurlan Libre. İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edib.

O, müraciətində Bakı İstintaq Təcridxanasında saxlanma şəraiti və ona qarşı edilən təzyiqlərlə bağlı yazıb. Jurnalist bildirib ki, fevralın 23-də səhər saatlarında onu təcridxananın rəisi Elnur İsmayılovun qəbuluna aparıblar:

“40 günə yaxın aclıq etdiyim halda məni bir saat ayaq üstə saxlayandan sonra qəbuluna apardılar. İsmayılov məni qəbul etdi və hədələdi ki, aclıq aksiyasını dayandırım”.

Onun sözlərinə görə, hədələyici danışıq nəticə vermədikdən sonra təcridxana rəisi onu cəza kamerasına salıb:

“Məni qeyri-qanuni işgəncə kamerası olan 501 nömrəli otağa saldırdı. Oranın karsdan heç bir fərqi yoxdur. Heç bir gigiyenik şərait yoxdur. Məni telefon və görüş hüququndan məhrum etdilər.”

Nurlan Libre bildirir ki, səhhəti pisləşdiyi üçün həkim çağırsa da, tibb məntəqəsinə aparılmayıb:

“Təzyiqimi ölçdülər, dərman verdilər. Tələb etsəm də tibb məntəqəsinə aparmadılar.”

Məktubda qeyd olunur ki, təcridxana rəisi daha sonra onun otaq yoldaşını da cəzalandırıb:

“Mənim təslim olmadığımı görən İsmayılov otaq yoldaşım Fuad adlı şəxsi daha çətin şəraiti olan 513 nömrəli kameraya saldırdı. Kamera 8 nəfərlik olsa da, orada 12 nəfər qalır.”

Jurnalist yazır ki, dostunun ağır şəraitdə saxlanılmasına dözə bilməyərək aclıq aksiyasını dayandıracağına dair ərizə yazıb, lakin aclığı faktiki dayandırmayıb:

“Dostumun belə çətin şəraitdə qalmasına razı olmayaraq aclıq aksiyasını dayandırmağımla bağlı ərizə yazdım. Lakin aclığı dayandırmamışam.”

Müraciətin sonunda Nurlan Libre bildirir ki, təcridxanada ona qarşı edilənlərin qanunsuz olduğunu düşünür və Baş prokurordan hüquqi qiymət verilməsini istəyir:

“Cənab İsmayılovun Pentensiar Xidmətin rəisi Mirsaleh Seyidovun göstərişi ilə mənə qarşı etdiyi qanunazidd əməllərə hüquqi qiymət verməyinizi Sizdən xahiş edirəm.”

Rəsmi qurumlar jurnalistin iddialarına hələlik münasibət bildirməyib.

Jurnalist Nurlan Libre yanvarın 16-da keçirilən məhkəmədə aclıq aksiyasına başladığını bildirmişdi. O, aclıq aksiyasını hələ də davam etdirir. 

Nurlan Libre 2025-ci il fevralın 21-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan onun həbs müddəti artırılıb.

Bu iş üzrə hazırda ümumilikdə 12 nəfər həbsdədir. 

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb və daha 7 maddə əlavə olunub. 

“Meydan TV işi” üzrə həbs olunan jurnalistlər özlərini təqsirli bilmir, tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirlər.

Ana səhifəSiyasətNurlan Libre: “Aclıq aksiyasına görə təhdid edildim, işgəncə kamerasına salındım”