“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin məhkəməsi davam edir.
Fevralın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən jurnalistlərdən 21 gündür aclıq edən Nurlan Qəhrəmanlını (Libre) digər 11 nəfərdən ayrı şüşə kabinədə saxlayıblar.
Onun vəkili Cavad Cavadov hüquqlarını müdafiə etdiyi şəxsin uzun müddətdir aclıq aksiyası keçirdiyini və səhhətində ciddi problemlər yarandığını bildirərək, həkim çağırılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Nurlanın vəziyyəti yaxşı deyil, onun tibbi yardıma ehtiyacı var.
Nurlan Libre isə həmkarlarından ayrı saxlanmasına etiraz edib.
Hakim Aytən Əliyeva bildirib ki, ötən məhkəmə iclaslarından birində o, özünə xəsarət yetirdiyinə görə hazırda ayrıca, xüsusi nəzarət altında saxlanılır.
Digər jurnalistlər isə deyiblər ki, Nurlan Libre məhkəmə zalında onların saxlandıqları şüşə kabinəyə köçürülərsə, onun özünə xəsarət yetirməyəcəyinə cavabdehdilər. Onun özü də özünə zərər vermək niyyətində olmadığını söyləyib.
Nurlan Libreni həkim müayinə etdikdən sonra o, jurnalist həmkarlarının yanına köçürülüb. Lakin qolundakı qandallar açılmayıb.
Hakim qandalların açılmamasını onun hələ də özünü qeyri-adekvat aparması ilə əsaslandırıb:
“Bir müddət də hərəkətləriniz müşahidə altında saxlanılacaq, bundan asılı olaraq, qərar veriləcək”.
Nurlan Libre buna etiraz edib:
“O hadisə 12 dekabrda olub. Ondan sonra yenə məhkəmə iclası olub. Əgər xəsarət yetirəsi olsaydım, ötən iclasda da eləyərdim”.
Daha sonra jurnalist 21 gündür aclıq aksiyası keçirməsindən danışıb. O bildirib ki, ədalətli məhkəmə araşdırması hüququnun təmin olunmasını tələb edir:
“Məni məhkəməyə zorla gətiriblər. İki dəfə məndən qan nümunələri götürülüb, lakin nəticələrini mənə verməyiblər. Ailəmə və vəkilimə məktub verməyə imkan vermirlər. Prokurorluq və Ombudsman Aparatı hüquqlarımın pozulmasına göz yumur, şikayətlərimi araşdırmırlar, heç kim maraqlanmır bu qurumlardan. Aclığı sonuncu jurnalist həmkarım azadlığa buraxılana qədər davam etdirəcəm”.
Prosesin gedişində Nurlan Librenin qolundakı qandallar açılıb.
Ötən məhkəmə iclasında prokuror və hakimlər təqsirləndirilən şəxslərin, jurnalistlərin fikrini nəzərə alaraq, ittiham aktının elan olunmuş hesab ediləcəyini desə də, bu gün bildirilib ki, ittiham aktı sona qədər oxunacaq. Jurnalistlər isə buna etiraz ediblər. Onlar bildiriblər ki, ittiham aktının həcmi çox böyükdür, eyni cümlələr bütün təqsirləndirilən şəxslər haqqında köçürülüb və təkrarlanır. Bunların hamısını oxumaq vaxt itkisidir.
Hakim Aytən Əliyeva isə bildirib ki, prosessual qaydaya görə ittiham tam şəkildə elan olunmalıdır.
“İttiham aktında nə qədər yalanlar var. Biz bunlara etiraz etmək üçün vəsatətlər qaldırmaq, replikalar vermək istəyirik. Siz isə buna imkan vermirsiniz. Orada yazılıb ki, “Meydan TV” Azərbaycanda qeydiyyatdan keçməyib. Bu media orqanı Almaniyada qeydiyyatdan keçib. Onun Azərbaycanda qeydiyyatdan keçməsinə ehtiyac yox idi axı”, – deyə təqsirləndirilən jurnalistlərdən Şəmşad Ağa bildirib.
Hakim onun sözünü kəsərək deyib ki, vəsatətlər sonra verilə bilər.
Şəmşad Ağa məhkəmə prosesini izləməyə gələn vətəndaşlardan telefonlarının alınmasına da etiraz edib. O bildirib ki, açıq məhkəmə proseslərində iştirakla bağlı Ali Məhkəmənin qərarı var:
“Açıq məhkəmədir, niyə imkan vermirsiniz adamlar çəkiliş eləsinlər?”.
Daha sonra prokuror ittiham aktının elanını davam etdirib.
Son üç məhkəmə iclasında 12 nəfərdən 5-nin haqqında ittiham elan olunub.