Toy mərasimlərinin təxirə salınması tövsiyə edilir
Nazirlər Kabineti yanında
Operativ Qərargah
Bakıda və respublikanın müxtəlif regionlarında keçirilməli olan ənənəvi Novruz şənliklərinin ləğv edildiyini bildirib.
Qərarın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü çərçivəsində verildiyi bildirilir.
ÜST son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun çoğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib.
Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər-hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb.
Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan qarşıdakı aylarda toy və bu cür məclislərin təxirə salınması, yas mərasimlərinin isə kütləvi keçirilməməsi tövsiyə edilir.
“Virusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşlarımızı bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırırıq”, – Operativ Qərargahın məlumatında deyilir.
Martın 9-da İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
İndiyə qədər Azərbaycanda 11 nəfərdə koronavirus aşkarlanıb.
Hazırda İran İslam Respublikası ilə sərhədlər bağlıdır və orta, ali təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.