Növbədənkənar parlament seçkiləri: fəal dairələr və fərqlənən namizədlər…

1 sentyabr seçkiləri. Foto: “Turan”.

Ekspertlər bəzi dairələrdə fəallığı namizədlərin aktiv və yenilikçiliyi ilə əlaqələndiriblər

Milli Məclisə növbədənkənar seçkilər yalnız Neftçalada, Sumqayıtda və paytaxtın bir neçə dairəsində fəallığı ilə seçilib.

Bu da namizədlərin fəaliyyəti hesabına özünü büruzə verib.

Konkret olaraq, 70 saylı Neftçala Seçki Dairəsində Vəfa Nağının, 42 saylı Sumqayıt Birinci Seçki Dairəsində Şəfəq Mayılovanın, 97 saylı Tərtər-Ağdərə-Goranboy dairəsində Şəhriyar Məcidzadənin və müəyyən qədər 43 saylı Sumqayıt Seçki Dairəsində Mirmahmud Mirəlioğlunun təşviqat kampaniyaları insanlarda seçkiyə maraq yaradıb.

Sual doğuran məqam da odur ki, parlament seçkilərinin təşviqat kampaniyasında niyə məhz adıçəkilən dairələrdə fəallıq olub. Bu, doğrudan da, namizədlərlə bağlıydı, yoxsa başqa amillər də vardı?..

Bir sıra ekspertlər deyirlər ki, namizədlərin fəallığı və təşviqat kampaniyasında yeniliklər tətbiq etməsi prosesə təsirsiz ötüşməyib.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Meydan TV-yə deyib ki, 70 saylı dairədə seçkilərə maraq daha çox namizədin fəallığı hesabına olub:

Hafiz Həsənov. Mənbə: “Facebook”

Konkret desək, bu, Vəfa Nağının fəallığı ilə bağlı idi. Vəfa xanım uğurlu təşviqat kampaniyası apardı, həm də nümunə göstərdi ki, ən əlverişsiz şəraitdə də insanları fəallaşdırmaq olar, yaxşı təbliğat kampaniyası qurmaq mümkündür. Məncə, bu, seçkidə iştirak etməyənlər üçün də bir nümunədir”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlının fikrincə, ümumilikdə seçkilər başlayandan sönük davam edib:

Kütləvi sayda alternativ namizədlər seçkiyə qatılmadı, partiyaların motivasiyası yox idi, az sayda namizədlə qatıldılar və demək olar ki, əksər dairələri əhatə etmədilər. Ona görə proses çox sönük keçir”.

B.Süleymanlı düşünür ki, bir neçə namizəd fərdi xüsusiyyətlərinə və gənc olduqlarına görə uğurlu kampaniya qurdular:

Bəşir Süleymanlı. Foto: Gülzar Məmmədli

Bu, Neftçalada, Sumqayıtda və Bakıda bəzi dairələrdə oldu. Həmçinin REAL Partiyasının namizədlərinin qapı-qapı kampaniya aparmalarında da özünü göstərdi. Ümumilikdə isə təşviqat kampaniyası çox zəif keçir, hətta hakim partiyanın namizədləri də fəallıq göstərmir. Burada televiziya çıxışlarının, debatların olmaması da təsirsiz ötüşmür. Yalnız Vəfa Nağı yaxşı komanda ilə uğurlu kampaniya qura bildi. Arzu olunan idi ki, başqa dairələrdə də oxşar mənzərə yaranardı, amma təəssüf ki, əksini gördük”.

Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri Mirəli Hüseynov da hesab edir ki, namizədin kimliyi və namizədin seçki kampaniyasında təşviqatını hansı şəkildə qurması fəallığa təsir göstərən amillərdəndir:

Mirəli Hüseynov
Source: Azadliq Radiosu

“70 saylı Neftçala Seçki Dairəsində fəallığın olmasında məhz bu amillər əsas rol oynadı. Bu dairədən namizəd Vəfa Nağının ictimai mövqeyi və onun mücadilə əzmi bu dairəni digərlərindən fərqləndirməsi ilə nəticlənib. Onun öncəki bələdiyyə seçkilərində də mücadilə apararaq qalib gəlməsini unutmaq lazım deyil. Topladığı təcrübəsinə və mübarizə əzminə söykənərək apardığı fəal təşviqat kampaniyası, istər-istəməz digər namizədləri də hərəkətlənməyə məcbur edir. Rəqabət mühiti iddialı hər kəsin daha fəal şəkildə təşviqat aparmasını zərurətə çevirir. Bu çox yaxşı bir təcrübədir və digər seçki dairələri üzrə də bu təcrübəni görmək çox yaxşı olardı”.

İndi isə gəlin, seçkidə iştirak edən partiyaların say mənzərəsinə nəzər salaq.

Bir partiya – AXCP seçkiləri boykot etsə də, digər partiyaların rəhbər şəxsləri seçkilərə qatılmayıb.

Müsavat, Ümid, Demokrat, Vətəndaş Həmrəyliyi, Ədalət və Müasir Müsavat partiyalarının sədrləri və digər rəhbər şəxsləri namizədliklərini irəli sürməyiblər.

1 sentyabr seçkiləri. Foto: “Turan”.

Ümumi götürdükdə, Müsavat 24, Vətəndaş Həmrəyliyi, Ağ Partiya hər biri 18, Ümid 17, REAL 12, Ədalət, Hüquq və Demokratiya (keçmiş BAXCP) 11, Klassik Xalq Cəbhəsi 10, Milli İstiqlal 8, Milli Cəbhə, Xalq, Ana Vətən partiyaları hər biri ayrılıqda 7, Müasir Müsavat, Azad Vətən, Böyük Azərbaycan partiyaları 6, Haqq Ədalət Partiyası, Demokratik İslahatlar, Vəhdət 5, Ədalət, Demokrat partiyaları 4, Gələcək Azərbaycan, Yeni Zaman 2, Böyük Quruluş və Milli Dirçəliş Hərəkatı partiyalarının hər biri isə 1 namizədlə seçkilərə qatılıblar. Ancaq hakim Yeni Azərbaycan Partiyası bütün dairələrdən namizədini irəli sürüb.

YAP-nin namizədləri isə inzibati resursların hesabına görüşlərini təşkil edə bildilər.

Yuxarıda adları keçən partiyalar az sayda namizəd irəli sürmələrini belə izah edirlər ki, onsuz da MSK seçkiyə qatılmaq istəyənlərin imza vərəqələrini təsdiqləmir və 2015-ci ildən bəri başlatdığı presedenti təkrarlayır.

Bununla belə adları çəkilən partiyaların namizədləri siyasi mənsubiyyəti olmayan Vəfa Nağının və Şəfəq Mayılovanın göstərdiyi fəallığı sərgiləyə bilmədilər.

Ancaq Müsavat Partiyasının Məclis sədri Arif Hacılı bu fikri bölüşmür.

O deyib ki, Müsavat Partiyası seçkilərlə əlaqədar mövcud resurslar və siyasi imkanlar çərçivəsində ciddi təşviqat kampaniyası aparır:

Arif Hacılı
Foto: Meydan TV

“Biz seçki platformamızı yaymışıq və bunlar internet resursları və bəzi saytlar tərəfindən ictimaiyyətə çatdırılıb, mükəmməl bir sənəddir. Həmçinin partiyamız seçki kampaniyası zamanı 20 minə yaxın seçicinin imzasını toplayıb və bunun üçün 100 min vətəndaşla təmasda olmuşuq. Bu dövrdə onminllərlə mənzillərə çatdırılan çap materiallarımızı dərc etmişik. Namizədlərimiz qapı-qapı kampaniyası zamanı seçicilərlə birbaşa təmasda olublar. Onlar Biləsuvarda, Cəlilabadda, Şəkidə, Bakı şəhərinin dairələrində nümunəvi seçki kampaniyaları təşkil ediblər ki, minimal demokratik şərtlər olsaydı, namizədlərin əksəriyyətinin millət vəkili seçilməsinə şübhə qalmazdı”.

Təkcə partiyamızın bukleti minlərlə evə çatdırılıb, orada da platformamızın tezisləri, namizədlər haqqında qısa məlumat dərc edilib ki, cəmiyyətin xeyli hissəsi də Müsavat Partiyasının platforma və proqramından xəbərdar olub. Bu da bizim üçün ən mühüm nəticələrdən biridir“, – deyə Hacılı fikrini yekunlaşdırıb.

Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilir.

Növbədənkənar seçkilərin keçirilməsinə hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən təşəbbüs göstərilib. Əsas kimi seçkilərin vaxtının Birləşmiş Millətlər Təşkilatının (BMT) qlobal forumu – COP29 iqlim konfransının Bakıda keçirilməsilə üst-üstə düşməsi göstərilib.

MSK sədri Məzahir Pənahov seçkilərdə 6 milyon 421 min 960 vətəndaşın səs verəcəyini bildirib.

Komissiya sədri deyib ki, seçkilər 6478 seçki məntəqəsində keçiriləcək, onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

MSK sədrinin sözlərinə görə, ölkənin ən çox seçicisi 30-39 yaş arasındadır:

İlk dəfə səs verəcək seçicilərin sayı 51 141 nəfərdir. Ən yaşlı seçicimiz 134 yaşlı qadındır. Ən yaşlı kişi seçicimizin 109 yaşı var”.

Məzahir Pənahov deyib ki, ümumilikdə 112749 yerli müşahidəçi var, onlardan 7077-i MSK-da, 105672-i isə dairə seçki komissiyalarında (DSK) qeydə alınıb.

1 sentyabr seçkiləri. Foto: “Turan”.

Seçkiləri ATƏT Parlament Assambleyasının 60 deputatı və ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun monitorinq missiyasının 300 üzvü müşahidə edəcək.

Avropa Şurası Parlament Assambleyasına (AŞPA) növbədənkənar seçkiləri müşahidə etmək üçün dəvət göndərilməyib.

Bundan öncə də Azərbaycan Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini bu ilin fevralında keçirilmiş növbədənkənar prezident seçkilərini müşahidəyə dəvət etməmişdi.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini dəvət etməkdən imtina Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətinin bir il müddətinə dayandırılmasının səbəblərindən biridir.

İlkin qeyri-rəsmi nəticələr sentyabrın 2-nə keçən gecə məlum olacaq.

Səsvermədən sonra 5 gün ərzində Mərkəsi Seçki Komissiyası (MSK) seçkilərin nəticələri barədə protokolu təsdiqləyəcək və Konstitusiya Məhkəməsinin yoxlamasına təqdim edəcək.

Konstitusiya Məhkəməsi 10 gün ərzində öz rəyini bildirəcək. İlk turda ən çox səs toplayan namizəd seçkilərdə qalib sayılır. Bu seçkidə 990 namizəd 125 mandat uğrunda mübarizə aparır. Onlardan 305-i 25 siyasi partiyanın nümayəndələridir.

Müsavat, Respublikaçı Alternativ (REAL) və digər müxalifətyönlü partiyalar seçkidə iştirak edir.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkidə iştirak etmir.

Partiya “ölkədə ədalətli siyasi rəqabət üçün şəraitin olmadığını, fundamental azadlıqların məhdudlaşdırıldığını, 300-dən çox siyasi məhbusun olduğunu” bildirərək, seçkiləri boykot edib.

Ana səhifəSiyasətNövbədənkənar parlament seçkiləri: fəal dairələr və fərqlənən namizədlər…