Espen Bart Eide: “Azərbaycanda həbs olunan bütün jurnalistlər azad edilməlidir”
Norveçin xarici işlər naziri Espen Bart Eide mediaya təzyiqlərlə bağlı Azərbaycan hökumətinə çağırış edib.
O, Azərbaycanı həbs olunan bütün jurnalistləri azadlığa buraxmağa çağırıb.
Bu barədə nazir “X” hesabında yazıb.
Espen Bart Eide hesab edir ki, azad media demokratiya üçün vacibdir:
“Meydan TV kanalının əməkdaşlarının və onlardan əvvəl həbs olunmuş
“Abzas Media”, “Kanal 13” və “Toplum TV” jurnalistlərinin Azərbaycanda həbsi məni dərindən narahat edir”.
“Norveç onları azad etməyə çağırır.
Azad və müstəqil mətbuat demokratiya üçün həyati əhəmiyyət kəsb edir”, – nazir sosial şəbəkədəki hesabında yazıb.
Dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı “qaçaqmalçılıq”da şübhəli bilinərək saxlanılıblar.
Jurnalistlərə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
Saxlanılan jurnalistlərin əksəriyyətinin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.
Digər saxlanılan şəxs, Meydan TV əməkdaşı olmayan ancaq onlarla eyni gündə saxlanılan vətəndaş cəmiyyətinin üzvü, media işçisi Ülvi Tahirov barəsində də məhkəmə 4 aylıq həbs qətimkan tədbiri seçib.
Dekabrın 6-da həbs edilən foto jurnalist Əhməd Muxtar isə xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinib.
Ona 20 sutka həbs verilib.
Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda onlarla jurnalist (AbzasMedia), (“Toplum TV”), (“Kanal13”) “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.
Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.