Dünya 8 mart – Beynəlxalq Qadınlar Gününü qeyd edərkən, Azərbaycanda doqquz qadın jurnalist bu günü həbsxanada keçirir. Onlar müstəqil jurnalist fəaliyyəti ilə məşğul olduqlarına görə azadlıqlarından məhrum ediliblər.
Bu barədə Norveç Helsinki Komitəsi açıqlama yayıb.
Açıqlamada həmçinin deyilir ki, bu həbslər ölkədə müstəqil media və tənqidi səslərə qarşı artan təzyiqlərin göstəricisidir. 2023-cü ilin sonlarından etibarən qadın jurnalistlərin susdurulması getdikcə daha narahatedici tendensiyaya çevrilib.
Komitənin yazdıqlarına görə, Azərbaycan hakimiyyəti jurnalistləri AbzasMedia və Meydan TV ilə bağlı daha geniş istintaq çərçivəsində saxta pul yuma ittihamları ilə həbs edib. Norveç Helsinki Komitəsi vurğulayır ki, jurnalistlər ittihamları qəti şəkildə rədd edir və bildirirlər ki, onları yalnız hökumətdə korrupsiya ilə bağlı tənqidi materiallar dərc etdikləri üçün hədəfə alıblar:
“Bu jurnalistlərin tək ‘cinayəti’ müstəqil xəbər hazırlamaq və Azərbaycandakı yüksək səviyyəli korrupsiyanı ifşa etməkdir”, – açıqlamada deyilir.
Məqalədə deyilir ki, Sərhədsiz Reportyorlar Təşkilatının 2025-ci ilin Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb. Ölkədə Sovet İttifaqından 1991-ci ildə müstəqillik əldə edildikdən bəri siyasi motivli ittihamlarla həbsdə olan media nümayəndələrinin sayı ən yüksək səviyyəyə çatıb. Hazırda azı 25 jurnalist həbsdədir – bəziləri məhkəməni gözləyir, bəziləri artıq cəza alıb, digərləri isə istintaq altındadır və ya ev dustaqlığına köçürülüb. Bundan əlavə, bir çox jurnalistə hakimiyyət tərəfindən əsassız səyahət qadağaları qoyulub.
Norveç Helsinki Komitəsi bildirir ki, həbsdə olan jurnalistlərin “cinayəti” yalnız müstəqil xəbər hazırlamaq və hökumətdə yüksək səviyyəli korrupsiya faktlarını üzə çıxarmaq olub.
Komitə bildirir ki, Azərbaycanın müstəqillik tarixində indiyədək heç vaxt bu qədər qadın jurnalist eyni vaxtda həbsdə olmayıb. 2025-ci ilin iyununda AbzasMedia ilə əlaqəli üç qadın jurnalist 8 ildən 9 ilə qədər həbs cəzasına məhkum edilib.
Norveç Helsinki Komitəsi həmçinin həbsdə olan qadın jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova (Abzas Media), Aynur Elgünəş, Aytac Əhmədova, Aysel Umudova, Xəyalə Ağayeva (Meydan TV), Fatimə Mövlamlı və Ülviyyə Əli barədə humanitar narahatlıq ifadə edir:
“Bəzi jurnalistlər ciddi sağlamlıq problemləri ilə üzləşir və həbsxana şəraitində lazım olan tibbi yardım təmin edilmir. Xüsusilə Meydan TV-nin baş redaktoru Aynur Elgünəş fiziki məhdudiyyətli şəxsdir, bir neçə əməliyyat keçirmiş və davamlı tibbi nəzarət tələb edən xəstəlikləri var. Onun həbsdə saxlanılması həyatı üçün təhlükə yaradır”.
Norveç Helsinki Komitəsi qeyd edir ki, Beynəlxalq Qadınlar Günü dünyada qadınların nailiyyətlərini, dözümlülüyünü və cəsarətini qeyd etmək üçün nəzərdə tutulub. Lakin Azərbaycanda qadın jurnalistlərin ədalətsiz şəkildə həbsdə saxlanılması bu bayramın üzərinə kölgə salır.
“Qadınların cəmiyyətə töhfəsini qiymətləndirmək əvəzinə, hakimiyyət həqiqəti dilə gətirənləri cəzalandırır. Heç bir jurnalist öz işi üçün azadlığını itirməməlidir”.
Komitə vurğulayır ki, müstəqil jurnalistikanı susdurmaq üçün uydurma ittihamlardan istifadə edilməsi ədalətə, mətbuat azadlığına və hüququn aliliyinə ciddi zərbə vurur.
“Azərbaycan hökuməti siyasi motivli ittihamları dərhal ləğv etməli və həbsdə olan jurnalistləri azad etməklə ədalət və insan hüquqlarına sadiqliyini nümayiş etdirməlidir. Beynəlxalq tərəfdaşlar, demokratik hökumətlər, beynəlxalq təşkilatlar və insan hüquqları institutları isə bu prosesə diplomatik və ictimai təzyiqləri gücləndirməklə dəstək olmalıdır”.
Komitə həmçinin bildirir ki, Beynəlxalq Qadınlar Günündə bu cəsur qadın jurnalistlərlə həmrəylik göstərmək təkcə onların azadlığını deyil, bütün qadınların qorxmadan xəbər hazırlamaq, fikrini ifadə etmək və ictimai həyatda iştirak etmək hüququnu müdafiə etmək deməkdir:
“Onların səsi susdurulmamalıdır”, – deyə Komitə qeyd edir.