Norveç Helsinki Komitəsi Azər Qasımlı ilə bağlı bəyanat yayıb

Azər Qasımlı. İllüstrasiya: Meydan TV

Norveç Helsinki Komitəsi (NHK) Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlıya qarşı 13 illik həbs istəyi ilə bağlı bəyanat yayıb. 

Bəyanatda bildirilir ki, hökumətin Qasımlıya 13 il həbs istəməsi siyasi qisasdır. 

“Dinc hökumət tənqidçisinə qarşı 13 illik həbs cəzası açıq-aşkar siyasi qisas aktıdır. Bu, başqalarına susmaq mesajı vermək üçün gənc bir insanın həyatının planlı şəkildə məhv edilməsidir. Azər Qasımlının bu qədər ağır cəza ilə hədəfə alınması təkcə bir fərdin deyil, həm də Azərbaycanın gələcək müstəqil vətəndaş liderliyini sarsıdır”, – deyə NHK-nin Baş Katibi Berit Lindeman bildirib.

Berit Lindeman həmçinin qeyd edib ki, həddindən artıq verilən ağır cəzalar tənqidi və müstəqil düşüncədən qorxan bir sistemi ifşa edir. O əlavə edib ki, Azər Qasımlı Azərbaycan hökümətinin repressiyalarının qurbanıdır.

Komitə Azərbaycanda repressiyaların geniş tendensiyası halını aldığını bildirib. Bəyanatda jurnalistlər, hüquq müdafiəçiləri, siyasi müxaliflər və blogerlərin həbsindən də bəhs edilib. 

Son üç ildə Azərbaycan hakimiyyəti hüquqları müdafiəçilərini, siyasətçiləri, jurnalistləri və bloqerləri siyasi motivli ittihamlarla davamlı şəkildə təqib edib, qorxudub və həbsə atıb, yaxud onları ölkəni tərk etməyə məcbur edib, polisə çağırışlar və səyahət qadağaları ilə üz-üzə qoyub. Həbs olunanlar arasında tanınmış vətəndaş cəmiyyəti liderləri Akif Qurbanov, Ruslan İzzətli, Ələsgər Məmmədli, müxalifət liderləri Əli Kərimli, Tofiq Yaqublu, jurnalistlər Hafiz Babalı, Ülvi Həsənli, Aynur Elgünəş, Nərgiz Absalamova, hüquq müdafiəçisi Rüfət Səfərov, ictimai fəal Nazim Bəydəmirli və bir çox başqaları var”, – deyə komitə bəyanatında qeyd edib.

Lindeman saxta ittihamlarla uzunmüddətli həbs cəzalarının cəmiyyəti susdurmaq və qorxutmaq məqsədilə istifadə olunduğunu da bildirib. Bəyanatda deyilir ki, əgər hökm qüvvədə saxlanılarsa, Azər Qasımlı uzunmüddətli həbs cəzası ilə üzləşəcək. 

Bəyanat müəllifləri hesab edirlər ki, bu qərar ölkədə müstəqil vətəndaş cəmiyyətinə və tənqidi düşüncəyə ciddi zərbə olacaq. Onlar Azərbaycanın beynəlxalq tərəfdaşlarını qərara münasibət bildirməyə və Qasımlı ilə yanaşı, siyasi motivli ittihamlarla həbs edildiyi iddia olunan digər fəalların azadlığa buraxılmasına çağırmağa səsləyiblər.

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib.

Fevralın 11-i keçirilən məhkəmə prosesində prokuror Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. 

Ana səhifəSiyasətNorveç Helsinki Komitəsi Azər Qasımlı ilə bağlı bəyanat yayıb