Niyaməddin Əhmədov məhkəməyə gətirilməyib

Məhkəmədə cavab verilib ki, indiki vaxtda onun gətirilməsi məqsədəuyğun hesab olunmayıb.

Source: Foto: sosial şəbəkə


Vəkilin vəsatətləri təmin olunmayıb

AXCP üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov haqqında cinayət işi başlanmamışdan əvvəl 30 günlük inzibati həbsdə idi. O, aprelin 15-də karantin rejimi qaydalarını pozmaqda günahlandırılaraq, Xətai Rayon Məhkəməsinin qərarıyla həbs edilmişdi. Həmin qərardan verilən apelyasiya şikayətinə mayın 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə baxılıb.

Məhkəmə prosesi N.Əhmədovun özünün iştirakı olmadan keçirilib. Hakim bildirib ki, məhkəmədən istintaq təcridxanasına onun gətirilməsi üçün bildiriş göndərilmişdi, amma gətirməyiblər. Məhkəmədə cavab verilib ki, indiki vaxtda onun gətirilməsi məqsədəuyğun hesab olunmayıb.

N.Əhmədov karantin rejimi qaydalarını pozmaqda ittiham olunsa da, onun həmin gün evdən çıxmaq üçün SMS-icazəsi olub. O bildirib ki, həbs olunduğu gün Xətai Rayon Polis İdarəsində işgəncəyə məruz qalıb.

N.Əhmədov inzibati qaydada həbs edilənlərin saxlandığı təcridxanada olarkən – aprelin 28-də onun oradan çıxarılıb DTX-ya aparılması, orada Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün işgəncəyə məruz qalması haqda məlumatlar yayılmışdı.

Bugünkü məhkəmədə vəkili bütün bu məsələlərin araşdırılması, aprelin 15-də həbs olunarkən ona işgəncə vermiş polis əməkdaşlarının müəyyənləşdirilib cəzalandırılması üçün 15-ə qədər vəsatət qaldırıb. Vəsatətlərin heç biri təmin edilməyib.

30 günlük inzibati həbs qərarından verilmiş apelyasiya şikayəti də təmin edilməyib.

AXCP-dən Meydan TV-yə bildirilib ki, bu işlə bağlı Avropa Məhkəməsinə şikayət göndəriləcək.

“Hesab edirik ki, Niyaməddin Əhmədovun məhkəməyə gətirilməməsi onun üzərindəki işgəncə izlərinə görədir. Onun vəkili ilə də görüşməsinə imkan vermirlər. Bizdə olan məlumata görə, Niyaməddin Əhmədov hələ də fiziki və psixoloji təzyiq altındadır”, – deyə partiyadan bildirilib.

N.Əhmədovun 30 günlük inzibati cəzası başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İddia olunur ki, Almaniyada yaşayan, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən, bir sıra hallarda təhqirlər də səsləndirən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib. Bu məqsədlə də N.Əhmədova pul göndərib.

AXCP N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

“İctimai əsaslarla məni mühafizə etmiş cəbhəçi gənc Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir. Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir”, – deyə Ə.Kərimli bildirib.

Ötən il Milli Şuranın şəhərin mərkəzində keçirdiyi 19 oktyabr mitinqində Ə.Kərimli tutularkən son ana qədər onun yanında olanlardan biri N.Əhmədov idi. Partiyanın məlumatına görə, karantin rejimində Ə.Kərimlinin telefon və internet əlaqələri məhdudlaşdırıldığı vaxt N.Əhmədov ailənin ərzaqla təminatında kömək edib. Bundan sonra onu həbs ediblər.

Ana səhifəSiyasətNiyaməddin Əhmədov məhkəməyə gətirilməyib