Niyaməddin Əhmədov: Əli Kərimlinin mühafizəçisi olduğuma görə həbs edilmişəm

AXCP sədrinin mühafizəçisi ev dustaqlığına buraxılmadı

Source: Foto: sosial şəbəkə


AXCP sədrinin mühafizəçisi ev dustaqlığına buraxılmadı

Sentyabrın 30-da Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb.

N.Əhmədovun ailə üzvlərinin Meydan TV-yə verdiyi məlumata görə, məhkəmədə onun özü də iştirak edib:

“Həm vəkil danışıb, həm də özü. Vəkil deyib ki, dörd aydır həbsdədir, bütün lazımi istintaq hərəkətləri aparılıb, ekspertizalar keçirilib. Bu işdə əsas adı keçən Qabil Məmmədovdur ki, o da Azərbaycanda yoxdur, Almaniyadadır. Niyaməddin həbsdən buraxılsa belə, onun heç bir şahidə təzyiq göstərmək, istintaqın gedişinə mane olmaq fikri də, imkanı da yoxdur. Niyaməddin özü də deyib ki, ona qarşı irəli sürülmüş ittiham absurddur. Bildirib ki, həbsinin səbəbi Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmasıdır”.

Hakim Elməddin Hüseynov vəsatəti təmin etməyib. N.Əhmədovun vəkili Zibeydə Sadıqova bu qərardan apelyasiya şikayəti verəcək.

N.Əhmədov bu ilin mayından həbsdədir. Həbs yerlərində saxlanılan şəxslərin ailə üzvlərilə həftədə iki dəfə telefonla danışmaq və bir dəfə də görüşmək hüququ var. Amma N.Əhmədov ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb.

Bu qadağa ilə əlaqədar məhkəməyə müraciət olunub. N.Əhmədovun bu şikayətinə də Nəsimi Rayon Məhkəməsində baxılacaq.

N.Əhmədov öncə bu ilin aprel ayında karantin rejimi qaydalarını pozma ittihamıyla saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası kəsilib. Bu cəza başa çatandan sonra ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə) maddəsilə ittiham irəli sürülüb. Onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Sentyabrın 10-da isə həbs müddəti noyabra qədər uzadılıb.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İddia olunur ki, Almaniyada siyasi sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən, bir sıra hallarda təhqirlər də səsləndirən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib. Bu məqsədlə də N.Əhmədova pul göndərib.

N.Əhmədov isə Q.Məmmədovla eyni kənddə qonşu olduqlarını bildirir. Hesab edir ki, ona qarşı saxta ittihamı quraşdırmaq üçün bundan istifadə olunub.

AXCP də N.Əhmədova qarşı ittihamın cəfəndiyyat olduğunu bəyan edib. Onun həbsini partiyaya və Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

“Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir”, – deyə Ə.Kərimli bildirib.

Ana səhifəXəbərlərNiyaməddin Əhmədov: Əli Kərimlinin mühafizəçisi olduğuma görə həbs edilmişəm