Baş nazir Konstitusiyanın dəyişdirilməsinə ehtiyac görmür
Noyabrın 13-də parlamentdə Ermənistanın Baş naziri Nikol Paşinyan BRİCS sammiti çərçivəsində Azərbaycanın Prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını açıqlayıb.
Nikol Paşinyan İlham Əliyevlə görüşdən məmnunluğunu bildirib və qeyd edib ki, onlar arasında bu qədər uzun söhbət olmayıb:
“Ümumiyyətlə, Ermənistan və Azərbaycan dinc yaşamaq üçün nəinki sülh müqaviləsi, həm də müstəqil dövlət kimi yaşamağa hazırlaşdığımız hansısa qətnamələr çərçivəsində strateji saziş bağlamalıdırlar. Hesab edirəm ki, bu, ən mühüm və əsas məsələdir”.
“Həmin strateji müqavilə bizim “Real Ermənistan” konsepsiyasına əsaslanır”, – deyə Baş nazir əlavə edib.
Ancaq Nikol Paşinyan Ermənistanın Konstitusiyasının dəyişdirilməsinə ehtiyac görmür.
O deyib ki, rəsmi Bakının Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının sənədin preambulasında Dağlıq Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsində yer alıb:
“Bununla belə, Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 26-da qəbul etdiyi qərarda qeyd edib ki, Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad yalnız bəyannamənin Konstitusiyanın maddələrində hərfi mənada təsbit edilmiş müddəalarına aiddir. Ermənistanın Konstitusiyasının mətnində Dağlıq Qarabağla bağlı birbaşa və ya dolayı müddəa yoxdur”.
Paşinyan ikinci arqument kimi qeyd edib ki, Azərbaycan Konstitusiyasının preambulasında 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Konstitusiya Aktına istinad var:
“Aktda 1918-ci il mayın 28-də qəbul edilmiş Birinci Azərbaycan Respublikasının İstiqlal Bəyannaməsinə istinad edilir. Bu sənədə əsasən, Birinci Azərbaycan Respublikası Şərqi və Cənubi Zaqafqaziyanın tərkibinə daxildir. 1919-cu ilin noyabrında Azərbaycan öz inzibati-ərazi xəritəsini Antantaya təqdim edib və bu xəritəyə əsasən Azərbaycanın bütün Sünik, Vayots-Dzor rayonları daxil edilib. Həmçinin, Ararat, Armavir, Geqarkunik, Tavuş, Lori, Şirak rayonları bu xəritələrdə qismən, ümumilikdə Ermənistan bugünkü ərazinin 60 faizini yer alıb. Lakin Ermənistan iki səbəbdən Azərbaycan Konstitusiyasının dəyişdirilməsi məsələsini qaldırmır. Birincisi, belə bir tələb Ermənistan-Azərbaycan sülh prosesini dalana dirəyəcək, ikincisi, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsində belə bir maddə var ki, tərəflər öz daxili qanunvericiliklərinə əsaslandırmaq üçün müraciət edə bilməzlər”.
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin razılaşdırılmış hissəsinin digər maddəsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, bir-birlərinə qarşı ərazi iddiaları olmadığını və gələcəkdə bu cür iddialarda olmamağı dair öhdəlik götürürlər. Ermənistan qanunvericiliyinə görə, sülh müqaviləsi imzalandıqdan sonra parlamentdə təsdiq edilməlidir. Bundan əvvəl hökumət bu sənədin Konstitusiyaya uyğunluğunu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə göndərməyə borcludur. Əgər Konstitusiya Məhkəməsi sülh sazişinin mətninə uyğun gəlmədiyinə qərar verərsə, o zaman Konstitusiya dəyişikliyinə təşəbbüs edə bilər. Konstitusiya Məhkəməsi sülh sazişinin mətninin Ermənistan Konstitusiyasına uyğun olduğuna qərar verərsə, o, Milli Assambleyada ratifikasiya prosedurundan keçəcək”, – deyə Paşinyan əlavə edib.
O, hazırkı qanunun 5-ci maddəsinin 3-cü bəndinə əsasən bildirib ki, Konstitusiya Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilələr ilə qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilənin normaları tətbiq edilir:
“Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi parlamentdə ratifikasiya olunduqdan sonra o, Ermənistan qanunlarından və digər hüquqi aktlardan üstün hüquqi qüvvəyə malik olacaq. Məhz bu səbəbdən biz Azərbaycanın Konstitusiyasına dəyişiklik edilməsi məsələsini qaldırmırıq və eyni məntiqə əsaslanaraq hesab edirik ki, bu kontekstdə Ermənistan Konstitusiyasının dəyişdirilməsinə ehtiyac yoxdur”.
Baş nazir deputatların suallarına cavab verib ki, Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması təklifini yazılı şəkildə Azərbaycana çatdırıblar.
Noyabrın 11-də İlham Əliyev Belçika Krallığının Baş naziri Aleksandr De Kro ilə görüşündə demişdi ki, son bir ildə Ermənistanla fəal danışıqlar nəticəsində ciddi irəliləyişlərə, həmçinin sərhədlərin delimitasiyası sahəsində inkişafa nail olunub.
Bununla belə İlham Əliyev qeyd edib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə olaraq qalmaqdadır və bu Konstitusiya dəyişdirilməlidir.
Bakı ilə Yerevan arasında nə baş verib?
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.